Avropa Hakimlər Assosiasiyası Azərbaycana təşəkkür etdi - FOTO
İdman
211
16:10, Bu gün

Avropa Hakimlər Assosiasiyası Azərbaycana təşəkkür etdi - FOTO

Cari ilin 21-23 may tarixlərində Lüksemburq şəhərində Avropa Hakimlər Assosiasiyasının növbəti illik toplantısı keçirilib.

Moderator.az xəbər verir ki, tədbirdə Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev və sədr müavini Sənan Hacıyev iştirak ediblər.

Açılış mərasimi 39 ölkənin nümayəndələrinin iştirakı ilə Avropa İttifaqı Ədalət Məhkəməsində keçirilib. Ötən il Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının Bakıda yüksək səviyyədə keçirildiyinə görə təşkilatın rəhbərliyi tərəfindən Azərbaycan tərəfinə təşəkkür bildirilib.

Daha sonra Assosiasiyanın işçi qruplarının məruzələri dinlənilib, üzv dövlətlərdə məhkəmə hakimiyyətinin fəaliyyəti və müstəqilliyinin təminatı ilə bağlı mövcud vəziyyət müzakirə olunub.

Polşada Konstitusiya Məhkəməsinin bir sıra hakimlərinin fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılmasının, Yunanıstanda məhkəməyə hörmətsizlik hallarının qarşısının alınmasının vacibliyinə dair müvafiq qətnamələr qəbul edilib.

Eyni zamanda Macarıstan, Litva, Rumıniya və bir sıra digər dövlətlərdə hakimlərin müstəqilliyi ilə bağlı mövcud problemlərin narahatlıq doğurduğu xüsusilə vurğulanıb.

Asambleyada həmçinin Avropa Hüquq Akademiyasının, Avropa Məhkəmə Şuraları Şəbəkəsinin və Avropa Ədliyyə Təlim Şəbəkəsinin rəhbər heyətlərinin təqdimatları dinlənilib.

Tədbir çərçivəsində təşkilatın rəhbər heyətinin Lüksemburq Böyük Hersoqu V Giyom tərəfindən qəbulu, habelə iştirakçıların Avropa İttifaqı Ədalət Məhkəməsinin fəaliyyəti ilə tanışlığı baş tutub.

Avropa Hakimlər Assosiasiyası Azərbaycana təşəkkür etdi - FOTO

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər