Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza kəsildi
İdman
264
24 Apr 2026 | 21:45

Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza kəsildi

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Nəzarət, Etika və İntizam Orqanı İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisiusa qarşı irqçi davranışa görə sərt qərar qəbul edib.

Moderator.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti rəsmi məlumat yayıb.

Belə ki, Portuqaliyanın "Benfika" komandasının argentinalı yarımmüdafiəçisi Canluka Prestianni 6 oyunluq (üçü şərti olmaqla) diskvalifikasiya edilib. Qərara əsasən, futbolçuya qərarın qəbul edildiyi tarixdən etibarən ikiillik sınaq müddəti də təyin olunub.

Cəza Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Real Madrid"ə qarşı keçiriləcək cavab matçına da şamil edilir. UEFA-nın bu qərarı həm klub, həm də milli komanda səviyyəsində qüvvədə olacaq.

Xatırladaq ki, fevralın 17-də Lissabonda baş tutan qarşılaşma "Real Madrid"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdakı yeganə qolun müəllifi olan Vinisius fərqləndikdən sonra "Benfika" azarkeşlərinin olduğu tribunaya tərəf qaçaraq onlara qarşı təxribat xarakterli jestlər edib. Bundan dərhal sonra isə o, irqçi təhqirlərə məruz qaldığını iddia edərək matçın baş hakiminə şikayətini bildirib.

İspaniya mətbuatının yaydığı məlumata görə, Vinisiusu irqi zəmində təhqir edən məhz "Real Madrid"lə cavab oyunundan kənarlaşdırılan Prestianni olub. Qalmaqala görə qarşılaşma 10 dəqiqəlik dayandırılıb. Matçın sonunda isə Portuqaliya klubunun azarkeşləri Vinisiusa və "Real Madrid"in digər futbolçularına müxtəlif əşyalar, o cümlədən su butulkaları və elektron siqaretlər atıblar.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər