Elşad Quliyev: “Əksinə, işgəncə faktlarının qarşısı məhz Hərbi Prokurorluğun məsələyə müdaxiləsi ilə alınıb”
Son günlər “Tərtər işi” ilə bağlı sosial mediada Hərbi Prokurorluğa yönəlik müxtəlif ittihamlar, qərəzli fikirlər səslənməkdədir. Mövzunun aktuallığını nəzərə alıb, həmin hadisələrlə bağlı ehtiyatda olan tibb xidməti polkovniki Elşad Quliyevin baş verənlərlə bağlı redaksiyamıza ünvanladığı məktubu oxucuların diqqətinə çatdırırıq. Hesab edirik ki, bu məktub baş verənlərin əsl mahiyyətini anlamaqda hər kəsə
“Hörmətli redaksiya! 44 günlük Vətən Müharibəsindəki parlaq qələbəmiz və Silahlı Qüvvələrimizin misilsiz rəşadəti, Ali Baş Komandanın sərkərdəlik məharəti bizi o qədər qürurlandırıb ki, ümummilli sevinci birlikdə yaşamağımıza mane olan daxili və xarici düşmənlərimizin sistemli təxribatlarını görməzdən gəlməyə başlamışıq. Müharibə başa çatsa da, qələbənin eyforiyasının təsiri altında ermənilərin beynəlxalq havadarları ilə əbədi müharibəyə məhkum edildiyimizi sanki unutmuşuq. Ermənilər və onların havadarlarının hərbi meydanlarda, diplomatiyada və informasiya savaşında uduzsalar da, daxildə qarşıdurma yaratmaqla bu qələbənin əhəmiyyətini heçə endirmək, ən azından onu arxa plana keçirmə təşəbbüslərinin heç zaman səngiməyəcəyini unutmamalıyıq.
2017-ci ildə "Tərtər işi" adı ilə Silahlı Qüvvələrimizin döyüş qabiliyyyətini sarsıtmaq və işğalı əbədiləşdirmək üçün oynanılan məkrli oyunların ifşa olunmasından sonra təmizləmə əməliyyatının ağrılı keçməsi başadüşülən olsa da, konkret olaraq cinayət törtədikləri və hətta özləri istəmədən olmuş olsa belə, hərbi andı pozaraq ordumuzun adına ləkə gətirən olayların iştirakçısı olmaları sübuta yetirilmiş bir çox hərbçinin özləri və ailə üzvlərinin istintaq orqanları haqqında, konkret olaraq respublikanın hərbi prokuroru Xanlar Vəliyevin əleyhinə apardıqları qarayaxma kampaniyasının zaman-zaman dövriyyədə olması çox üzücüdür və baş verənləri müşahidə edərək həmin proseslərdən xeyli məlumatlı bir şəxs kimi təəssüf hissi keçirirəm və əslində bu müraciəti mətbuat vasitəsilə ictimailəşdirmək niyyətim də ölkəmizin təhlükəsiziliyi barədəki narahatlığımdan qaynaqlanır.
Saxlanılan şəxslərə kimlər işgəncə verib və onların aqibəti necə olub?
Məlumat üçün bildirim ki, mən həmin vaxt Müdafiə Nazirliyi Mərkəzi Aparatının əməkdaşı və polkovnik rütbəsində olmaqla yanaşı, hadisələrin mərkəzində olan səlahiyyət sahibi olmuşam. Baş verənlər və günahkarların əhatə dairəsinin müəyyən edilərək ən qısa zamanda ifşa edilməsi olduqca çətin və aşırı peşəkarlıq, bəzən də sərtlik tələb edən ağrılı bir proses olsa da, məhz istintaq orqanlarının vaxtında təxirəsalınmaz fəaliyyətləri gerçəkdən də qınanılası yox, təqdir olunası olub. Amma görünən odur ki, qarşı tərəf bəlkə də özləri də bilmədən istintaq orqanlarına qarşı hücuma keçərək öz əməllərinin miqyasını kiçiltmək üçün "qara məni basınca mən qaranı basım" prinsipi ilə davranmaq yolu seçiblər. Halbuki, məhz həmin olayların bütün çılpaqlığı ilə ortaya çıxarılaraq günahkarların ifşa olunması üçün Hərbi Prokurluğun şəxsi heyətinin necə səfərbər olunması mənim gözlərim önündə baş verib. Lakin bundan öncə, bu məsələ ilə bağlı vacib bir məqamı qeyd etmək istəyirəm.
“Tərtər işi” ilə bağlı saxlanılan bəzi şəxslərin müəyyən işgəncələrə məruz qalması heç kimə sirr deyil, hansı ki, bu barədə media və sosial mediada da bir sıra informasiyalar yayılıb. Qeyd etmək istəyirəm ki, saxlanılan şəxslərə işgəncə bəzi hərbçilər tərəfindən həyata keçirilib ki, bu kimi halların qarşısı məhz Hərbi Prokurorluğun məsələyə müdaxiləsi ilə alınıb. Saxlanılan şəxslərə işgəncə verməkdə şübhəli bilinən şəxslər Hərbi Prokurorluq tərəfindən məhkəmə qarşısına çıxarılıb və onların hər biri azadlıqdan məhrum edilib. Yəni bütün təzyiq və işgəncələr hərbi prokuror Xanlar Vəliyevin proseslərə müdaxiləsi ilə başa çatıb.
Bunu da bildirim ki, burada söhbət Müdafiə Nazirliyindən deyil, öz vəzifə səlahiyyətlərini aşan bəzi hərbçilərdən gedir ki, onlar da qanun qarşısında cavab veriblər. Onlaırn haqında müvafiq məhkəmə hökmləri mövcuddur. Müdafiə Nazirliyi, Azərbaycan ordusu bizim təhlükəsizliyimizin qarantıdır və onların bu sahədəki xidmətlərini, dövlətimiz üçün önəmini, gördüyü işləri heç kim inkar edə bilməz.
Xanlar Vəliyev işgəncəyə məruz qalan şəxslərlə bağlı həkimlərə hansı göstərişi verib?
Hər şeydən öncə qeyd edim ki, məhz hərbi prokuror Xanlar Vəliyevin tələbi əsasında istintaq zamanı işgəncə görən şəxslərin sağlamlığının bərpası məqsədi ilə hərbi həkim komissiyası dəvət olundu. Hansı ki, mən özüm də həmin həkim komissiyasının üzvü olmuşam. Xanlar Vəliyev mənim gözümün önündə bütün həkimlərə göstəriş verdi ki, işgəncəyə məruz qalan hər bir şəxsin tibbi müayinəsi həyata keçirilsin. Səhhətində ciddi problemi olan şəxslər Mərkəzi Qospitala təxliyyə edilsin. Xanlar Vəliyev həmin qəbul edən zamanı həkimlərə qəti şəkildə göstəriş verərək söylədi ki, işgəncəyə məruz qalan hər bir şəxsin sağlamlığının qorunması, səhhətinin qısa zamanda yaxşılaşması üçün bütün lazımi tədbirlər operativ şəkildə həyata keçirilməlidir. O, bildirdi ki, əgər xəstələrdən birinə bir şey olsa, o zaman hamınızı məsuliyyətə cəlb edəcəyik. Doğrusu, mən həmin vaxt onun səsində hətta hədə-qorxu tonu hiss etdim.
Təkcə bu faktın özü Xanlar Vəliyevin cinayət törədib-törətməməsindən asılı olmayaraq, hər bir şəxsin hüquqlarının, sağlamlığının qorunmasına nə dərəcədə əhəmiyyət verdiyini göstərir. Odur ki, işgəncəyə məruz qalanlara bu cür can yandıran hərbi prokuror Xanlar Vəliyevin, o cümlədən Hərbi Prokurorluq əməkdaşlarının adının işgəncə işində hallanması ədalətsizlikdən başqa bir şey deyil.
Bir daha qeyd edirəm ki, hərbi prokuror Xanlar Vəliyevin istintaqa cəlb olunanların sağlamlıqlarının qorunması və təqsirləndirilən şəxslərə yerində, yaxud Mərkəzi Hərbi Qospitalda təxirəsalınmaz tibbi yardımların göstərilməsi üçün hər gün dəfələrlə tabeçiliyindəki səlahiyyət sahiblərinə tapşırıqlar verdiyinin şahidiyəm. Belə olduğu təqdirdə işgəncə faktına görə Hərbi Prokurorluğu ittiham etmək, bütövlükdə prokurorluq orqanlarının nüfuzuna xələl gətirməklə hərbi prokurorluq əməkdaşlarını ictimai qınaq hədəfinə gətirmək aşkar təxribatdır və ölkəmizi içdən parçalamaq istəyən xarici güclərin dəyirmanına su tökməkdir. Şübhəsiz, həmin olaylar zamanı həyatını itirmiş və qeyri-adekvat davranışlar üzündən xəsarətlər almış təqsirləndirilən şəxslərin özlərini və ailə üzvlərini başa düşmək çətin deyil. Amma onlar bunu da unutmamalıdırlar ki, öz haqlarını müdafiə etmək istərkən özləri də bilmədən məkrli qüvvələrin əllərində alətə çevrilir, ölkənin təhlükəsizliyini təhlükə altına salmış olurlar.
Hərbi Prokurorluğa yönəlik ittihamları absurdluğunu isbatlayan üç mühüm arqumen...
Bir faktı unutmaq olmaz ki, məhz Hərbi Prokurorluğun ordu daxilində apardığı təmizləmə prosesi nəticəsində Silahlı Qüvvələrimiz Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən, ordumuz haqqındakı məxfi informasiyaları düşmənə ötürən şəbəkədən xilas olub ki, bu da ordumuzun 44 günlük Vətən müharibəsini uğurla başa vurmasını şərtləndirən əsas və çoxsaylı səbəblərdən biri olub. Yəqin hər kəs razılaşar ki, əgər ordu daxilində düşmən tərəfindən əməkdaşlığa cəlb edilən şəxslər vaxtında ifşa olunmasaydı, bu, ordumuz, bütövlükdə xalqımız və dövlətimiz üçün daha ciddi təhlükələrə yol açar, bizi çox böyük risklərlə üz-üzə qoya bilərdi. “Ən möhkəm qalalar içəridən alınar” deyimini də yada salsaq, Hərbi Prokurorluğun “Tərtər işi” məsələsində ordumuzu və xalqımızı necə böyük bəlalardan qoruduğu aydın olar.
Hərbi Prokurorluğa və onun rəhbərliyindəki şəxslərə qarşı irəli sürülən ittihamların absurdluğunu, o cümlədən qərəzli mahiyyətini sübut edən məqamlardan biri də istintaqa cəlb edilən şəxslərə qarşı guya kütləvi və sistemli şəkildə işgəncələrin tətbiq edilməsi, buna həyata şəxslərin sanki bundan məxsusi zövq alması ilə bağlı deyilən gülünc fikirlərdir. Hər şeydən öncə unutmaq olmaz ki, şübhəli şəxs qismində istintaq prosesinə cəlb edilən şəxslərlə Hərbi Prokurorluq əməkdaşları arasında nəinki hansısa ədavət, qərəz, ümumiyyətlə, hər hansı tanışlıq olmayıb. Belə olduğu təqdirdə prokurorluq əməkdaşlarının, müstəntiq və ya əməliyyatçıların onunla eyni vətəndaşlığa, eyni qana, eyni soya mənsub olan hərbçilərə işgəncə verərək bundan zövq almasını iddia etmək gülüncdür.
İkinci bir məqam, “Tərtər işi” çərçivəsində istintaq tərəfindən dindirilən şəxslər, istintaq prosesinə heç də təsadüfi, “göydəndüşmə” əsaslarla cəlb edilməyib. Hərbi prokurorluq tərəfindən məhz o şəxslər istintaqa cəlb edilib ki, onların əlində həmin şəxslərin anti-ordu kampaniyasında iştirak etdiyi və ya iştirak edə biləcəyi ilə bağlı konkret faktlar, informasiyalar mövcud olub. Belə olan halda, istintaqa cəlb edilən şəxslərə fiziki təzyiq göstərmək, işgəncə altında onları etmədikləri cinayəti etiraf etməyə məcbur etməyə heç bir lüzum olmayıb. Çünki hər bir istintaq işində olduğu kimi, “Tərtər işi”ndə də əsasən faktlar “danışıb”, fikir və ehtimallar deyil, faktlar nəzərə alınıb.
Üçüncü bir məqam, “Tərtər işi” adı altında anti-ordu kampaniyasında iştirak edən şəxslərin istintaqında iştirak edən hər bir prokurorluq işçisi qanunu təmsil etdiyinin, onun yol verəcəyi hər hansı qanunsuzluğun özünə qarşı çevriləcəyinin fərqində olub. Necə ki, bu yanaşma digər istintaq işləri üçün də keçərlidir. Belə olan təqdirdə, Hərbi Prokurorluq əməkdaşlarının hansısa eyforiyaya qapılaraq kütləvi şəkildə qanun pozuntusuna yol verməsi, qanunu təmsil etdikləri halda özlərini qanunun tələbi ilə üz-üzə qoyması, bu mənada istintaqa cəlb edilən şəxslərlə özlərini eyniləşdirməsi məntiqdən və reallqıdan uzaqdır.
Unutmamalıyıq ki, davamlı olaraq haqsız ittihamlarla qarşılaşmaq, media və ya sosial medianın hədəfində olmaq vətənə, dövlətə, xalqa vicdanla xidmət edən prokurorluq əməkdaşları üçün mənəvi-psixoloji baxımdan ciddi zərbədir. Odur ki, hər hansı bir ifadəni səsləndirməzdən və ya tirajlamazdan öncə atdığımız addıma vicdanla yanaşmalı, öncə vicdanımız qarşısında hesabat verməliyik. Çünki vicdanın təqdir etmədiyi bir şeyin insani və hüquqi təsbiti yoxdur!!”
Elşad Quliyev
Ehtiyatda olan tibb xidməti polkovniki