“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?” - ÖZƏL
456
08:10, Bu gün

“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?” - ÖZƏL

“Xanım deputatın verdiyi müsahibəni oxudum və çox heyfisləndim. Xalqın dərdinə xalqın içindən çıxan və xalqın seçdiyi insan qalar. Necə yəni, uşaqpulunu müzakirə edən ancaq jurnalistlərdir?! Müavinətlər verilir, filan-filan, beşməkan... Müavinət kömək deməkdir. Hər bir ailəyə, iş təcrübəsi olmayan, yetəri qədər işləyib təcrübə yığa bilməyən və yaxud da xəstə olan, həqiqətən də köməyə ehtiyacı olan adamlara verilir”.
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı Milli Məclisinin deputatı Günay Ağamalının uşaqpulu ilə bağlı mübahisəli fikirlərinə cavab olaraq bildirib.
 
O daha sonra əlavə edib:
“Uşaqlar bizim canımızdır, varımızdır, dövlətimizdir. Uşaqlar sabahın əsgəridir. Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır. Onların yerinə biz yetişdirməliyik, sabahın əsgərini böyütməliyik. Heç dövlət nümayəndəsi, dövlət qulluqçusu belə bir söz deyərmi?! Belə bir ifadə işlədərmi?! Mən başa düşə bilmirəm, bu hansı vicdana sığır?! Bəli, uşaqpulları verilməlidir və veriləcək də! Sadəcə, az, çox az səbr etmək lazımdır ki, müəyyən işlər toparlansın və həllini tapsın. Xanım, bu bir dövlət qulluqçusu kimi nə dövləti, nə dövlətçiliyi, nə də sizi namizəd kimi qəbul edib, deputat edən adamları heç vaxt qane etməz! Yadınızda saxlayın! Bu xalqdır. Xalqın ən çox istədiyi, ən çox ehtiyacı olan və ən çox danışdığı mövzuya belə laqeyd, belə qulaqardı yanaşmaq olmaz! Siz nə edirsiniz?! Siz şir ürəyi yemisiz?! Heç bir bayağı sözünüz, yersiz hərəkətiniz bu xalqın arasına ləxləxə sala bilməyəcək! Yadınızda saxlayın! Əgər həqiqətən də dövlətə və dövlətçiliyə, Azərbaycana sadiq bir insansınızsa, siz danışanda danışığınıza fikir verin və yüz ölçüb, yüz biçin! Necə yəni uşaqpulu versəniz, onun atası işləməyəcək?! Arxayın olacaq ki, uşaqpulu alır. Bu nə absurd fikirlərdir?! Mən elə bildim ki, lətifə oxuyuram. Həqiqətən də müsahibəni oxuyanda belə zənn etdim ki, mırt vuran bir adamdır, kiminləsə zarafat edir. Siz həm bizim kişilərin, həm də analarımızın hissiyatına toxunursuz! Belə şey olar?! Siz Azəri türküsüz! Azəri türkü ömür billah haqsızlıqla vuruşub! Qələbəni də haqqı qoruduğuna və haqqı bərpa etdiyinə görə alıb. Ona görə də tarixlərə gömülüb. Düz deyirsiz, tarixə gömülənlər var, amma qəhrəman kimi yox, layiqsiz adlarla gömülüblər! Hər halda bunu siz daha yaxşı bilərsiniz! Mən bir vətəndaş kimi, dövlətini sevən, xalqına qiymət verən və xalqının qarşısında baş əyən, dövlətçiliyini qoruyan, xalq artisti kimi deyirəm ki, ümumiyyətlə, bu müsahibə olmayıb və mən bəzi bayağı insanların yerinə xalqımdan, analardan, qadınlardan, qardaşlarımızdan dönə-dönə, üzr istəyərdim.. Lakin mən bilirəm ki, onlar bu üzürü qəbul etməzlər. Çünki onlar bilirlər ki, mən onlara əsl qiymətlərini verən insanam. Mən Azəri türküyəm. Vətənini, torpağını sevən insanam. Hamınıza da bunu tövsiyə edirəm. Uşaqpulu verilməlidir. Cənab prezidentin bunu edəcəyinə adım kimi əminəm. Bu tezliklə olacaq, bizim körpələrimiz böyüyəcək və çoxalacaq. Bizim xalqımızın sayı milyon deyil, trilyonlara çatacaq. Mən buna inanıram. "Yaşasın xalqım" deyirəm”.
Qeyd edək ki, deputat Günay Ağamalı “Günə doğru” verilişində uşaqpulu ilə bağlı mübahisəli məsələlər danışıb. Onun bu müsahibəsi sosial şəbəkələrdə etiraza və insanların kəskin rəylərinə səbəb olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər