Alena Əliyeva “Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsində - FOTOLAR
222
15:30, Bu gün

Alena Əliyeva “Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsində - FOTOLAR

Mayın 21-də Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdlərinin iştirakı ilə “Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsi keçirilib.
 
Moderator.az xəbər verir ki, Alena Əliyeva tədbirdə iştirak edib.
 
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan olimpiadanın final mərhələsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib. Final mərhələsi bilik yarışı və şahmat turniri olmaqla, komanda formatında təşkil edilib.
 
Rəsmi açılış mərasimində çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev bildirib ki, olimpiadanın əsas məqsədi gənc nəsildə strateji düşüncə, düzgün qərarvermə və liderlik bacarıqlarını inkişaf etdirməkdir. O diqqətə çatdırıb ki, final mərhələsinə ölkənin müxtəlif regionlarını təmsil edən şagirdlər qatılıb. Yarış sağlam rəqabət mühiti formalaşdırmaqla yanaşı, bilik və zəka üzərində qurulmuş mühüm platforma rolunu oynayır. F.Qarayev əlavə edib ki, layihə milli-mənəvi dəyərlərin təşviqinə və azərbaycançılıq ideyasının möhkəmləndirilməsinə də xidmət edir.
 
Daha sonra yarışlara start verilib.
 
Final mərhələsində bilik yarışı istiqaməti üzrə Bakı şəhərinin Xəzər, Nəsimi, Yasamal, Xətai və Nərimanov rayonları, həmçinin Gəncə, Naxçıvan, Mingəçevir və Şəki şəhərləri, Abşeron, İsmayıllı, Lerik, Saatlı, Bərdə, Qazax, Qusar, Zəngilan və Neftçala rayonlarının komandaları iştirak ediblər.
 
Şahmat turnirində isə Bakı şəhərinin Xətai, Xəzər, Sabunçu, Səbail və Yasamal rayonları ilə yanaşı, Gəncə, Naxçıvan, Sumqayıt və Şəki şəhərləri, Ağcabədi, Ağsu, Beyləqan, Cəbrayıl, Göyçay, Quba, Masallı, Neftçala və Tovuz rayonlarının komandaları mübarizə aparıblar.
 
Bilik yarışı üzrə final mərhələsində 18 komanda, ümumilikdə 108 şagird iştirak edib. Məktəblilər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə sualları cavablandırıblar.
 
Şahmat turnirində isə hər biri 4 nəfərdən ibarət 18 komandanın tərkibində ümumilikdə 72 şagird iştirak edib.
 
Mükafatlandırma mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qalibləri təbrik edərək bildirib ki, intellektual yarışlar gənclərin formalaşmasında mühüm rol oynayır. Onun sözlərinə görə, bu cür müsabiqələr şagirdlərin dünyagörüşünün, yaradıcı düşüncə qabiliyyətinin və komanda ilə işləmək bacarıqlarının inkişafına böyük töhfə verir.
 
Nazir müavini qeyd edib ki, 2030-cu ilədək inkişaf strategiyasında əsas prioritetlərdən biri insan kapitalının və innovativ cəmiyyətin formalaşdırılmasıdır. Bu isə yaradıcı və təşəbbüskar gənclərin yetişdirilməsini tələb edir. O vurğulayıb ki, belə yarışlar gənclərin potensialının üzə çıxarılması və gələcək uğurlarının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
 
F.Qurbanov deyib ki, olimpiadada 5 mindən çox şagird iştirak edib. O, qaliblərin yüksək bilik və bacarıq nümayiş etdirdiyini vurğulayaraq bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 
Tədbirdə çıxış edən Alena Əliyeva bildirib: “Çox şadam ki, artıq iki ildir bu olimpiada həyata keçirilir. Dəstək üçün Heydər Əliyev Fonduna və Elm və Təhsil Nazirliyinə təşəkkür edirəm. Təhsil uğura gedən yoldur. Əziz şagirdlər, bu, sizin uğurunuzdur. Olimpiadanın bütün iştirakçılarını təbrik edirəm. İnanıram ki, gələcəkdə bu yolu birlikdə davam edəcəyik”.
 
Daha sonra olimpiadanın nəticələrinə əsasən qalib komandalar müəyyənləşdirilib, hər iki kateqoriya üzrə qızıl, gümüş və bürünc medallar sahiblərinə təqdim olunub.
 
AZƏRTAC-ın müxbiri ilə söhbətində “Zəkaların mübarizəsi II” olimpiadasında I yerə layiq görülən Abşeron rayon komandasının kapitanı Ayxan Abbaszadə qalibiyyətin onun üçün böyük əhəmiyyət daşıdığını deyib. O qeyd edib ki, əldə olunan uğurun arxasında böyük zəhmət, əziyyət və komanda dəstəyi dayanır.
 
Kapitan hazırlıq prosesindən danışaraq vurğulayıb ki, komandanın əsas motivasiyası ötən ilin nəticələri olub.
 
Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələr üzrə bilik və bacarıqları ilə seçilən istedadlı gəncləri aşkara çıxarmaq, şagirdlərdə əməkdaşlıq, səmərəli ünsiyyət, liderlik, müzakirə mədəniyyəti, qərarvermə, komanda ilə işləmək, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, həmçinin sağlam rəqabət mühiti yaratmaq və regionlararası ünsiyyəti genişləndirməkdir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər