Diplomatik korpusun nümayəndələri və yüksək səviyyəli qonaqlar üçün brifinq keçirildi
167
15:30, Bu gün

Diplomatik korpusun nümayəndələri və yüksək səviyyəli qonaqlar üçün brifinq keçirildi

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq işləri və tədbirin proqramı ilə əlaqədar Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və yüksək səviyyəli qonaqların işçi qrupları ilə brifinq keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.
 
Məlumata əsasən WUF13-ün keçiriləcəyi məkan olan Bakı Olimpiya Stadionunda təşkil edilən brifinqdə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbər nümayəndələri ilə yanaşı, xarici ölkələrdən gəlmiş rəsmi şəxslər də daxil olmaqla ümumilikdə 150-yə yaxın xarici qonaq iştirak edib.
 
Brifinqdə iştirak edən diplomatlara tədbirin proqramı təqdim edilib, Bakıya səfər edəcək dövlət və hökumət heyətləri üçün nəzərdə tutulan təhlükəsizlik, qarşılanma və nəqliyyat məsələlərinə dair protokol prosedurları barədə məlumat verilib. Həmçinin, rəsmi heyətlə gələn mətbuat xidmətləri və media qurumlarının nümayəndələri üçün akkreditasiya prosedurları, eləcə də rəsmi tədbirlərdə iştirak qaydaları barədə məlumat verilib.
 
Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportunun tədbir müddətində fəaliyyət planı, şəhərdaxili nəqliyyatın təşkili və əsas rəsmi tədbirlər haqqında da diplomatlar məlumatlandırılıblar.
 
Vurğulanıb ki, indiyədək 182 ölkədən 40 mindən çox nəfər qeydiyyatdan keçib və bu da artıq Ümumdünya Şəhərsalma Forumunun tarixində rekord göstəricidir.
 
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndələri bildiriblər ki, tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionu mayın 17-22-də Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) tam hazırdır. Eyni zamanda, WUF13-ün Azərbaycanın ev sahibliyi ilə təşkil olunacaq növbəti uğurlu tədbir olacağına əminlik ifadə edilib.
 
Tədbirdən sonra brifinq iştirakçıları üçün məkan üzrə tur təşkil olunub. Baxış zamanı yüksək səviyyəli qonaqlar və nümayəndə heyətləri üçün nəzərdə tutulan xüsusi zonalar, dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahələri və qidalanma xidmətləri üçün ayrılmış məkanlar barədə məlumat verilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər