- Qüdrət bəy, dünya gündəminin əsas hadisələrindən biri ABŞ Prezidenti Donald Trampın Çinə səfəri və Si Cinpinlə müzakirə mözvularıdır. Bu görüşdən hansı nəticələr çıxarmaq olar?
- Görüşdən sonra bir çox nüfuzlu media orqanları məlumat yaydılar ki, ABŞ-nin İrana yeni zərbələr endirməsi artıq qaçılmaz görünür. Bu da onu deməyə əsas verir ki, görünür, Pekində hansısa ciddi razılaşma əldə olunmayıb. Yəni, məsələn, Çin İrana təsir etsin və məsələ danışıqlar yolu ilə həll olunsun.
Təəssüf ki, regionda müharibənin yeni mərhələsi qaçılmaz görünür. Allah eləsin ki, ABŞ son anda İranla hansısa formada anlaşma əldə etsin. ABŞ və İsrail İrana nüvə texnologiyasını inkişaf etdirməyə, dünya birliyi isə İrana Hörmüz boğazından keçən gəmilərdən rüsum almağa imkan verməyəcək. Çin də, dünyanın digər böyük dövlətləri də bununla razılaşmırlar. O baxımdan mümkündür ki, İranın müəyyən strateji obyektlərinə qarşı yeni zərbələr endirilsin. Yaxın gələcəkdə proseslərin hansı istiqamətdə inkişaf edəcəyini biləcəyik.
-Yeni zərbələr böhranın həllində çözüm yoludur, yoxsa, vəziyyəti daha da mürəkkbələşdirə bilər?
- İranda onsuz da sosial, iqtisadi vəziyyət kifayət qədər ağırlaşıb. İran iqtisadiyyatının ixrac gəlirlərinin 50 faizdən çoxu neft məhsullarının satışından formalaşır. Dövlət büdcəsinin də təxminən 25-35 faizi neft gəlirləri hesabına təmin olunur. Yəni, İran iqtisadiyyatı neft gəlirlərindən ciddi şəkildə asılıdır.
İran indiyə qədər öz neftini bir qədər ucuz qiymətə, əsasən “kölgə donanması”, yəni gizli yollar vasitəsilə sata bilirdi. Amma indi bu imkanlar da xeyli məhdudlaşıb. Bəzi ekspertlərin hesablamalarına görə, İran rəsmi statistikada görünməyən təxminən 30-31 milyard dollarlıq nefti yalnız Çinə satırdı. İranın resursları sonsuz deyil. Blokada və sanksiyalar aradan qaldırılmasa, bir müddətdən sonra İran ciddi iqtisadi çətinliklərlə üzləşəcək. Artıq prezident səviyyəsində enerjidən qənaətlə istifadə olunması tövsiyyə edilir. Bundan başqa, məlumatlar yayılıb ki, büdcədən maliyyələşən bəzi dövlət qurumlarında və təşkilatlarda əməkhaqlarının verilməsi ilə bağlı problemlər yaranıb. Bütün bunlar göstərir ki, ölkədə həm iqtisadi, həm də sosial təzyiqlər getdikcə artır. Ona görə cəsarətli bəyanatlar vermək olar, amma İranda yaşayan 85-90 milyon insanın minimal yaşayış standartları da təmin edilməlidir.
Məsələn, hətta məhdud sayda elektrik stansiyaları, neft emalı zavodları kimi strateji obyektlərə zərbələr endirilsə, bunun nəticələri çox ağır ola bilər.
-İran rəhbərliyi danışıqlarda nüvə proqramının davam etdirilməsini əsas şərtlərdən biri kimi irəli sürür. Bu istiqamətdə anlaşma mümkündürmü?
-Açığı, İranın nüvə proqramı ilə bağlı bu qədər israrlı mövqe sərgiləməsi müəyyən mənada anlaşılmaz görünür. Çünki İran iqtisadiyyatı tam şəkildə nüvə proqramından asılı deyil. Əgər söhbət enerji təminatından gedirsə, nüvə elektrik stansiyalarının yanacaq təminatı ilə bağlı müxtəlif beynəlxalq mexanizmlər mövcuddur. ABŞ də daxil olmaqla başqa ölkələr, hətta Rusiya özü də nüvə yanacağına dair tam təminat verə bilər.
Bu baxımdan İranın sərt mövqeyi və təhdid ritorikası müəyyən qədər anlaşılmaz təsir bağışlayır. Hər halda gözləmək lazımdır.
- Tramp-Si danışıqları və ehtimal olunan razılaşmalar Rusiya-Ukrayna müharibəsinin gedişatına təsir edə biləcək nəticə ortaya çıxara bilərmi?
- Rusiyanın insan potensialı və iqtisadi gücü SSRİ-nin gücü deyil. Düzdür, Rusiya nüvə potensialını qoruyub saxladı və bu gün də nüvə başlıqlarının sayına görə dünyanın əsas dövlətlərindən biridir. Amma hazırda ABŞ ilə real rəqabət aparacaq yeganə böyük güc Çindir. Çinlə ABŞ arasında bir çox məsələlərdə anlaşmaya ciddi ehtiyac var. Ukrayna məsələsində də Çin istəsəydi, problemin həllinə çox böyük təsir göstərə bilərdi. Eyni şeyi İran məsələsinə də aid etmək olar. Çin həm İrana, həm də Rusiyaya ciddi təsir imkanlarına malikdir. Amma görünən odur ki, Çin Qərbin və ABŞ-nin bu müharibələr fonunda zəifləməsində maraqlıdır. Bunun əsas səbəblərindən biri Tayvan məsələsidir. ABŞ və Avropa Birliyi formal olaraq Tayvanı müstəqil dövlət kimi tanımırlar, lakin hesab edirlər ki, məsələ yalnız danışıqlar yolu ilə həll edilməlidir və heç bir halda hərbi güc tətbiq olunmamalıdır. Bu, vaxtilə Qarabağ məsələsində Azərbaycana qarşı yanaşmaya bənzəyir. Çin isə hesab edir ki, Qərbin diqqətinin Ukrayna və Yaxın Şərq kimi böhranlara yönəlməsi Tayvan məsələsində onun əlini gücləndirə bilər. Eyni zamanda Çin istəyir ki, ABŞ Tayvana silah satışını məhdudlaşdırsın və Pekinin bölgədə “vahid Çin” siyasətinə mane olmasın. Ancaq nə ABŞ, nə də Avropa Birliyi Tayvandan tam şəkildə imtina etməyəcək. Çünki Tayvan həm strateji baxımdan çox vacib bölgədə yerləşir, həm də Qərb üçün regionda müəyyən demokratik və siyasi dəyərlərin simvolu kimi qəbul olunur. Onlar Tayvanı rəsmi şəkildə müstəqil dövlət kimi tanımasalar da, onun müstəqil fəaliyyət göstərməsini dəstəkləyirlər.
ABŞ artıq Tayvana milyardlarla dollar dəyərində hərbi dəstək və silah satışı həyata keçirir. Çin isə buna sərt şəkildə etiraz edir.
Bu baxımdan hesab edirəm ki, Donald Tramp nə qədər fərqli bəyanatlar versə də, ABŞ-Çin danışıqlarında ciddi nəticə əldə olunması ehtimalı azdır və bölgədə gərginliyin artması ehtimalı böyükdür.

- Qüdrət bəy, Ermənistanda seçki qabağı vəziyyət gərgindir və bu gərginlik hər gün artır. Cəmiyyətdə müəyyən qrupların açıq şəkildə revanşist qüvvələrə dəstək verdiyi görünür. Bu proseslər Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə necə təsir edə bilər?
- Vaşinqton bəyanatından sonra qeyd etmişdim ki, biz Ermənistanla sülh sazişini daha tez imzalamalıyıq. Yəni, bir az çevik davranıb, onların Konstitusiyasının dəyişməsini gözləməmək olardı. Məncə, sülh prosesinin uzanması müəyyən mənada Paşinyanın mövqeyinin zəifləməsinə də təsir göstərdi. Hazırda faktiki olaraq sülh müqaviləsi paraflansa da, ortada sülh yoxdur. Azərbaycan indi Ermənistana enerji satır. Bu, müəyyən mənada Paşinyanın mövqeyini gücləndirən amillərdən biridir. Azərbaycan üzərindən yüklər daşınır, logistika xərcləri azalır və Ermənistan əhalisi bundan müəyyən fayda görür. Amma görünür, bütün bunlar hələ kifayət etmir.
Birincisi, vaxtilə hakimiyyətdə olmuş və korrupsiya ittihamları ilə üzləşən qüvvələrin çox böyük maliyyə resursları var. Onlar indi yenidən toparlanmağa çalışırlar. Digər tərəfdən isə Rusiya Ermənistanın Avropa Birliyinə yaxınlaşmasından ciddi şəkildə narahatdır. Paşinyan cəmiyyəti daha çox revanşistlər hakimiyyətə gələrsə yeni müharibə ehtimalı ilə qorxutmağa çalışır. Müxalifət isə bildirir ki, Paşinyan hakimiyyətdə qalsa Ermənistan “ikinci Ukraynaya” çevrilə bilər. Yəni həm Paşinyan, həm də müxalifət cəmiyyəti müharibə təhlükəsi ilə qorxudur. Burada əsas məsələ ondan ibarət olacaq ki, erməni cəmiyyəti hansı təhlükəni daha real hesab edəcək. Əgər Ermənistan cəmiyyəti düşünsə ki, ölkənin “ikinci Ukrayna”ya çevrilmək riski böyükdür, bu halda Robert Koçaryanın seçkilərdə şansı arta bilər.
-Paşinyan komandasının uduzmaq ehtimalı nə qədərdir?
-Hazırda Paşinyanın seçkilərdə qalib gəlmək ehtimalı daha yüksək görünür. Amma qarşıda hələ kifayət qədər vaxt var və bu müddətdə çox şey dəyişə bilər. Rusiyanın Ermənistana təzyiqlərini hansı formada artıracağı, Paşinyanın hansı addımları atacağı yaxın həftələrdə daha aydın görünəcək. Məhz buna görə deyirdim ki, Vaşinqton bəyanatından sonra Türkiyənin Ermənistanla sərhədlərin açılması istiqamətində də addımlar atması da yaxşı olar. Çünki faktiki olaraq Azərbaycanla Ermənistan arasında müəyyən ticarət əlaqələri artıq mövcuddur. Maşınlar hərəkət edir, yüklər daşınır.
Hazırda Ermənistan cəmiyyətinin müəyyən hissəsi hələ də Azərbaycan və Türkiyəni düşmən obrazında görür. Halbuki insanların gündəlik təması, ticarət əlaqələri və sərbəst gediş-gəliş bu düşüncələrin dəyişməsinə və münasibətlərin yumşalmasına ciddi təsir göstərə bilərdi.
Biz əvvəldən deyirdik ki, Ermənistan Konstitusiyasını dəyişməlidir. Paşinyan bunu etmədi. Əslində o da müəyyən mənada siyasi oyun oynayır. O da yaxşı bilir ki, Rusiya Azərbaycanla Ermənistan arasında tam sülh sazişinin imzalanmasında maraqlı deyil. Ona görə gözləmə mövqeyi seçib Konstitusiyanı dəyişrmədilər. Azərbaycan da bunu gördüyündən öz mövqeyindən geri çəkilmədi və nəticədə indiki vəziyyət yarandı. Paşinyan bunu həm də millətçi qüvvələrin dəstəyini seçkiyə qədər tam itirməmək üçün etmədi və ciddi səhvə yol verdi.
- Qərbin Ermənistandakı proseslərdə oynadığı rol sizcə müsbətdir, yoxsa mənfi?
- Qərbin hazırda oynadığı rol daha çox Paşinyana siyasi dəstək verməyə yönəlib. Amma görünür ki, onlar regionu tam şəkildə dərindən tanımırlar. Hətta anlamırlar ki, müəyyən mənada bu yanaşma gərginliyin artmasına xidmət edir. Məsələn, vaxtilə Ukraynaya da çox açıq dəstək verilirdi. Amma sonra həmin dəstəyin arxasında tam dayanılmadı. Halbuki əvvəldən Ukraynaya demək olardı ki, NATO məsələsində daha ehtiyatlı və mərhələli siyasət aparmaq lazımdır. Çünki Rusiyanın bunu “qırmızı xətt” hesab etdiyi məlum idi.
Qərb isə bildirirdi ki, heç bir üçüncü dövlət başqa ölkəyə “sən NATO-ya üzv ola bilməzsən” deyə bilməz. Amma reallıqda görürük ki, deyə bilir. Gürcüstan nümunəsi göz qabağındadır. Zelenski də bu illər ərzində artıq böyük siyasi təcrübə topladı. Amma ilkin mərhələdəki təcrübəsizlik və müəyyən səhvlər nəticədə Ukraynanı ağır müharibəyə apardı.
Mən hesab edirəm ki, Ermənistan məsələsində də Qərb bir qədər daha ehtiyatlı davranmalı idi. Paşinyana çox açıq siyasi dəstək verilməsi revanşist və Rusiya yönlü qüvvələrin fəallaşmasına şərait yaratdı.
- Qüdrət bəy, qeyd etdiyiniz - İrana qarşı yeni hücumlar, Ermənistanda açıq müstəviyə keçən Qərb-Rusiya qarşıdurması və s. proseslər Azərbaycana necə təsir edə bilər? Bizi bu mürəkkəb dövrdə nə gözləyir?
- Hesab edirəm ki, Azərbaycanda artıq güclü dövlət institutları formalaşıb. Bizim güclü müttəfiqlərmiz, balanslaşdırılmış xarici siyasətimiz var. Bununla yanaşı düşünürəm ki, ölkədə milli birliyin gücləndirilməsi istiqamətində də əlavə işlər görülməlidir. Qarşıdan Dövlət Müstəqilliyi Günü gəlir. Məsələn, Prezident xüsusi sərəncam imzalayaraq həbs olunmalarında siyasi motivlərin olduğu iddia edilən şəxslərlə bağlı humanist addım ata bilər. Təbii ki, burada söhbət dövlət və şəxsiyyət əleyhinə ağır cinayətlər törətməyən şəxslərdən gedir. Bu cür addımlar cəmiyyət daxilində həmrəyliyin güclənməsinə xidmət edə bilər.
Bununla yanaşı, iqtisadi islahatlar da davam etdirilməlidir. Azərbaycan daha çevik və dayanıqlı iqtisadi modelə sahib olmalıdır. Çünki qarşıdakı regional və qlobal çağırışlara cavab verməyin əsas yolu güclü iqtisadiyyatdan keçir. Ölkə iqtisadiyyatı zəif olanda əhalinin sosial müdafiəsini yüksək səviyyədə təmin etmək də çətinləşir. Bu günlərdə mətbuatda oxudum ki, son dörd ay ərzində bankların əhalidən aldığı və satdığı dollar arasında təxminən 190 milyon dollarlıq fərq yaranıb. Yəni, banklar əhalidən daha çox dollar alır, nəinki satır. Bunun əsas səbəblərindən biri odur ki, insanlar əvvəl topladıqları ehtiyat valyutanı gündəlik xərclərə yönəltməyə başlayıblar. Ona görə də bunu “insanlar dollardan imtina edir” kimi yox, “əhalinin ehtiyatlarını xərcləməyə başlaması” kimi qiymətləndirmək daha düzgün olar.
Xüsusilə kiçik və orta biznesin inkişafı üçün ciddi addımlar atılmalıdır. Bu sektor qorunmalıdır. Məhkəmə-hüquq islahatları davam etməlidir ki, mülkiyyət hüququ daha etibarlı şəkildə qorunsun. İnvestor və sahibkar əmin olmalıdır ki, onun mülkiyyəti təhlükəsizdir.İdarəetmədə islahatlar aparılmalıdır. Yerli seçkili orqanların səlahiyyətləri genişləndirilməlidir.
Digər vacib məsələ parlamentin rolunun artırılmasıdır. Bir çox ölkələrdə böyük rezonans doğuran hadisələrlə bağlı parlament araşdırmaları aparılır. Bizdə isə qanunvericiliklə parlamentin qanunların icrasına nəzarət hüququ nəzardə tutulsa da bunun icra mexanizmlərinə dair qanunvericilik bazası formalaşmayıb. Vaxtilə təklif etmişdim ki, Milli Məclisdə büdcə və büdcəyə nəzarət üzrə ayrıca komitə yaradılsın və deputatların birbaşa nəzarət imkanları təmin edilsin. Çünki adi dinləmə ilə araşdırma fərqli anlayışlardır. Araşdırma hadisələrin səbəblərini üzə çıxarmağa xidmət edir. Son dövrlərdə Milli Məclisdə müxtəlif mövzularda ictimai dinləmələrin keçirilməsi müsbət haldır və bunu qeyd etmək lazımdır. Amma hesab edirəm ki, parlament nəzarəti daha da gücləndirilməlidir.
-Prezidentin Zəngilanda etdiyi çıxışda “hazır olmalıyıq” mesajı verildi. Bu mesajın ünvanı kimdir?
-Məncə, burada əsas vurğu Ermənistan daxilində baş verən proseslər idi. Yəni revanşist qüvvələrin yenidən hakimiyyətə gəlməsi ehtimalı var və bu halda əldə olunan nəticələrin bir hissəsi yenidən sual altına düşə bilər. Ona görə də cəmiyyət daxilində həmrəylik və hazırlıq vacibdir. Cəmiyyətin və siyasi isteblişmentin birliyinə nail olmaq və onu nümayiş etdirmək, insanların dövlətçilik şüurunu inkişaf etdirmək üçün də müəyyən addımlar atılmalıdır.
Vaxtilə Heydər Əliyev Fondu gözəl bir ənənənin əsasını qoyub “Qızıl Çinar” beynəlxalq mükafatını təsis etmişdi. 2009-2019-cu illərdə həmin mükafatlar təqdim olunur, bu məqsədlə dövlət tədbirləri keçirilirdi, müxtəlif sahələrin nümayəndələri bir araya gəlirdi. Bu cür tədbirlər cəmiyyətdə birlik hissini gücləndirirdi. Eyni zamanda dövlət protokolu məsələsinə də diqqət yetirilməlidir. Hazırda “Dövlət Protokolunun Əsas Qaydaları” haqqında Prezident fərmanı var. Həmin qaydalara görə dövlət bayramları Gülüstan sarayında, dövlət təltiflərinin təqdimat mərasimi isə “Ulduz” sarayında keçirilməlidir. Mərhum prezident Heydər Əliyev həmişə söyləyirdi ki, “xalqımızın ən böyük tarixi nailliyyəti onun müstəqilliyidir”. Ən azından Dövlət Müstəqilliyi Günü, Zəfər bayramı “Gülüstan” sarayında dövlət tədbiri kimi keçirilməlidir. Ordenlər, Milli qəhrəman və Vətən müharibəsi qəhrəmanları medalları “Ulduz” sarayında xüsusi dövlət tədbirində təqdim olunmalıdır. Protokol qaydalarında əlavə və düzəlişlərə ciddi ehtiyac var. Dövlət tədbirlərində iştirak edəcək şəxslərin dəqiq dairəsi, xüsusilə müxalifətin yeri məsələləri dövlət protokolunda öz əksini tapmalıdır. Bütün bunlar dövlət və dövlətçilik ənənəsinin formalaşması üçün çox əhəmiyyətlidr.
Düşünürəm ki, pandemiyadan sonra bir çox ənənələr və institusional qaydalar müəyyən qədər pozuldu. Amma artıq bunları bərpa etməyin vaxtıdır. Cəmiyyətin və xalqın daha sıx birliyinə ehtiyac var. Elə ümummilli məsələlər olmalıdır ki, insanlar bir araya gələ bilsin, ortaq məqsədlər ətrafında birləşsin və dövlətçilik hissi daha da güclənsin.