Yeniyetmələri CİNAYƏTƏ sürükləyən onlardır... - ŞOK açıqlamalar
137
12:53, Bu gün

Yeniyetmələri CİNAYƏTƏ sürükləyən onlardır... - ŞOK açıqlamalar

Ekspert: "Gənclərə təsir edən əsas amillərdən biri sosial mediada və televiziya kanallarında nümayiş olunan zorakılıq səhnələridir"

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 14-17 yaş aralığında 478 nəfər cinayət törədib. Bu göstərici 2024-cü illə müqayisədə 1,3 faiz artım deməkdir. 18-29 yaş aralığında cinayət törədənlərin sayı isə 5 min 103 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 8,6 faiz azalma deməkdir. Ən çox cinayət törədən yaş qrupu isə 30 və yuxarı yaş kateqoriyası olub. Bu qrup üzrə 15 min 450 nəfər qeydə alınıb.

Statistikaya əsasən, ölkədə ümumilikdə 21 min 31 nəfər cinayət törədib ki, bu da 2024-cü illə müqayisədə 6,5 faiz azalma deməkdir.

Musavat.com xəbər verir ki, Azərbaycanda ümumi cinayət statistikası azalsa da, yeniyetmələr arasında cinayət hallarının artması ciddi narahatlıq doğurur. Son dövrlər azyaşlı və yeniyetmələrin iştirakı ilə baş verən zorakılıq, bıçaqlanma, quldurluq və digər kriminal hadisələrin sayı cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Ekspertlər hesab edirlər ki, sosial şəbəkələrin təsiri, ailədaxili problemlər, nəzarətsizlik və aqressiyanın artması bu tendensiyanı daha da gücləndirir. Bəs yeniyetmələri cinayətə sürükləyən əsas səbəblər nədir? Mövcud vəziyyət gələcək üçün hansı təhlükələrdən xəbər verir?

Polisə Dəstək İctimai Birliyinin sədri, sabiq polis rəisi, kriminoloq Şəmsəddin Əliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Azərbaycanda kriminal durum tam nəzarətdədir və kriminal aləmin davranışları, hərəkətləri də tam qapanmasa da, onlar da nəzarət altındadır. Məxfi şəbəkədə olan kifayət qədər soydaşımız tərəfindən cinayət əməllərinə meylli və ictimai təhlükəli əməllərlə bağlı məlumatlar Azərbaycan polisinə ötürülür və bunun səmərəsi də olur. 2024-cü ildə ümumilikdə 34 mindən çox cinayət rəsmi qeydiyyata alınıb və aşkar şəraitdə baş verən cinayətlərin subyektləri bəllidir. Müəyyən mənada onlar çevik əməliyyat-istintaq qrupları və əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanırlar. Qeyri-aşkar şəraitdə baş verən cinayətlərdə isə cinayəti törədən şəxslərin kimliyi dərhal müəyyən olunmur, bunun üçün zaman tələb olunur.

2024-cü ildə qeydiyyata alınan cinayətlərin təxminən 90–93 faizi açılıb. 2026-cı ilin yanvar ayının 25-də Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında 2025-ci ilin yekunlarına dair hesabat təqdim olunub. Orada 2025-ci il ərzində 31 min 808, bəlkə də 31 min 858 cinayət faktının rəsmi qeydiyyata alındığı bildirilib.
Beləliklə, 2024-cü illə müqayisədə təxminən 3–4 min az cinayət qeydə alınıb. Ola bilər ki, müəyyən hallarda ictimai təhlükəli əməlləri törədənlər məsuliyyətdən yayınmağa çalışıblar, yaxud zərərçəkənlər polisə müraciət etməyiblər. Belə hallar hər zaman olub — sovet dövründə də, indi də mövcuddur. Amma 2025-ci ildə 31 min 800-dən çox cinayətin qeydiyyata alınması və onların 90 faizdən çoxunun açılması adi hal deyil.

COP29-un Bakıda keçirilməsi də mühüm beynəlxalq hadisə idi. Bu tədbir Azərbaycanda sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə olduğunu göstərdi. Diplomatik korpuslar da öz ölkələrinə ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunduğu barədə məlumatlar təqdim ediblər. Kriminal durum ümumilikdə Daxili İşlər Nazirliyinin və hökumətin cinayətkarlıqla mübarizə siyasətinin nəzarəti altındadır. 2022–2024-cü illərlə müqayisədə 2025-ci ildə cinayətlərin təxminən 6,8 faiz azalması müşahidə olunub”.

Müsahibimiz  əlavə edib ki, ayrı-ayrı cinayət növlərində də dinamika qeydə alınıb: “Qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, soyğunçuluq, insanlara qarşı zorakılıq və yol nəqliyyatına qarşı cinayətlər kimi hallarda müəyyən dəyişikliklər müşahidə olunur. Ümumilikdə isə vətəndaşların həyat və sağlamlığına qarşı cinayətlərdə azalma qeydə alınıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə də müəyyən nəticələr əldə olunub. İran tərəfi ilə bağlı bəzi hallarda Azərbaycan vətəndaşlarına narkotik vasitələrin hətta pulsuz təklif edilməsi kimi cəhdlər müşahidə olunur. Bu isə mübarizənin nə qədər ciddi olduğunu göstərir.

Eyni zamanda, dələduzluq halları da mövcuddur. İnsanlar bəzən qohumluq və etibar münasibətlərindən sui-istifadə edərək bir-birini aldatmağa meylli olurlar. Bu cinayətlər əsasən yad şəxslər tərəfindən deyil, tanış və yaxın çevrədə baş verir”.

Şəmsəddin Əliyev yeniyetmələrlə bağlı suala isə belə cavab verib: “14–18 yaş aralığında cinayətlərin sayı təxminən 500 fakt təşkil edir ki, bu da ümumi göstərici ilə müqayisədə çox azdır. Lakin azyaşlıların cinayətə meylliliyi ilə bağlı bəzi sosial faktorlar diqqət çəkir. Cinayət Məcəlləsinə əsasən, cinayət məsuliyyəti 16 yaşdan, xüsusilə ağır cinayətlərdə isə 14 yaşdan başlayır. Son dövrlərdə məktəblərdə odlu silah və kəsici-deşici alətlərdən istifadə halları, eləcə də zorakılıq və amansızlıq müşahidə olunur. Buna təsir edən əsas amillərdən biri sosial mediada və televiziya kanallarında nümayiş olunan zorakılıq səhnələridir. 150–200 kanal vasitəsilə yayımlanan filmlərdə adamöldürmə, silahlı qarşıdurmalar və intiqam motivləri geniş yer alır. Seriallarda zorakılıq halları çox nümayiş etdirilir və bu, müəyyən mənada təsir yaradır. Azyaşlılar bu məzmunlara asanlıqla çıxış əldə etdiyindən davranışlara təsir ehtimalı artır. “Əgər o edir, mən niyə etməyim?” kimi düşüncələr formalaşa bilir.

Ümumilikdə cinayət törədənlərin yaş dinamikasında 29–50 yaş aralığı üstünlük təşkil edir. 17–21 yaş qrupunda cinayətə meyillilik nisbətən aşağıdır. 30–40 yaş aralığında isə işsizlik, maddi çətinliklər və ailə münaqişələri əsas risk faktorlarıdır. Ailə daxilində anlaşılmazlıqlar, fikir ayrılıqları da bəzi hallarda təsir göstərir, lakin ümumilikdə bu hallar azlıq təşkil edir. Cinayətlərin yaranmasında sosial səbəblər mühüm rol oynayır — işsizlik, yoxsulluq və maddi çətinliklər əsas faktorlar sırasındadır.


Amma iradəsi möhkəm olan insanlar çətinliklərə baxmayaraq cinayət yoluna getmirlər. Sonda qeyd edim ki, ailə institutunun gücləndirilməsi üçün sədaqət anlayışının daha da möhkəmləndirilməsi vacibdir. Ölkə başçısının andiçmə mərasimində Qurana əl basaraq sədaqət andı içdiyi kimi, ailə münasibətlərində də bu dəyərlərin formalaşdırılması vacibdir. Evlilikdə də qarşılıqlı sədaqət və məsuliyyət anlayışı gücləndirilməlidir. Bu, gələcək nəsillərin tərbiyəsinə, dövlət və cəmiyyət anlayışına müsbət təsir göstərə bilər. Eyni zamanda ali təhsilli şəxslərin işə qəbulunda mexanizmlərin sadələşdirilməsinə, dövlət qulluğunda isə test və müsahibə proseslərinin daha əlçatan olmasına ehtiyac var. Hazırkı sistemdə müəyyən çətinliklər mövcuddur və bu istiqamətdə islahatlara ehtiyac düyülür”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər