YAP ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olundu - FOTO
165
09:40, Bu gün

YAP ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olundu - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Haysin ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin siyasi iradəsi sayəsində ildən-ilə möhkəmlənərək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərin hər iki ölkənin maraqlarına cavab verdiyi vurğulanıb.
 
Azərbaycan ilə Çinin müstəqil siyasət yürüdən dost ölkələr kimi bir-birinin mənafelərinin qorunmasına xüsusi diqqət yetirdikləri bildirilib. Beynəlxalq hüququn təməlində dayanan ərazi bütövlüyü və suverenlik prinsiplərini əsas götürən Azərbaycanın Vahid Çin siyasətinə qətiyyətli dəstəyinin əhəmiyyəti vurğulanıb. Öz növbəsində, Birləşmiş Millətlər Təşkilatının beş daimi üzvündən biri olan Çinin Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsinin etibarlı tərəfdaşlıq örnəyi kimi böyük dəyərə malik olduğu qeyd edilib.
 
Yüksəksəviyyəli siyasi dialoq və intensiv diplomatik təmaslar fonunda iqtisadi-ticari, nəqliyyat-logistika, energetika, o cümlədən yaşıl enerji, elm, təhsil, innovativ texnologiyalar, mədəni, humanitar və digər sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinin strateji prioritet kimi dövlət başçılarının xüsusi diqqət mərkəzində olduğu bildirilib. 
 
Çinin qlobal əhəmiyyətli “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olan Azərbaycanın Asiya ilə Avropa arasında əlverişli coğrafi mövqeyindən və tranzit imkanlarından səmərəli istifadənin Orta Dəhlizin inkişafına təkan verdiyi vurğulanaraq ölkəmizin Zəngəzur dəhlizi layihəsinin yeni platforma kimi Avrasiyada dayanıqlı sülhə, etibarlı təhlükəsizliyə və çoxtərəfli işbirliyinə hədəfləndiyi qeyd olunub.  
 
Çoxqütblü dünya nizamına transformasiya şəraitində Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının təkcə iki ölkə arasında əlaqələrin inkişafı baxımından əlamətdar olmadığı, eyni zamanda, Avrasiyada, o cümlədən Qlobal Cənub coğrafiyasında davamlı və qarşılıqlı faydalı əməkdaşlığın təşviqi üçün mühüm əhəmiyyət daşıdığı bildirilib.
 
Beynəlxalq hüququn böhranı fonunda Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi sülh quruculuğunun önəminə diqqət çəkilib.
 
Görüşdə nümayəndə heyətlərinin mütəmadi səfərlərinin ölkələr və siyasi partiyalar arasında münasibətlərin mövcud vəziyyətinin qiymətləndirilməsi və işbirliyinin əhatə dairəsinin genişləndirilməsi xüsusunda önəmi vurğulanıb.
 
2024-cü ilin noyabr ayında Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında Əməkdaşlıq memorandumunun imzalanmasının əhəmiyyəti diqqətə çatdırılaraq məqsədyönlü birgə fəaliyyətin ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə və müştərək maraqların təmininə xidmət etdiyi bildirilib. Partiya diplomatiyasının qarşıda duran hədəflərin gerçəkləşməsinə bundan sonra da töhfə verəcəyinə əminlik ifadə olunub.
 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər