Tarixə qovuşan Minsk qrupu:
201
14:52, Bu gün

Tarixə qovuşan Minsk qrupu: "Azərbaycan regional və qlobal diplomatiyada mövqeyini möhkəmləndirir"

"Prezidentin Zəngilandakı çıxışında ATƏT-in Minsk qrupu və Avropa İttifaqının (Aİ) bəzi missiyaları ilə bağlı səsləndirdiyi tənqidi mövqe Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi reallıqların beynəlxalq səviyyədə qəbul etdirilməsi strategiyasının davamı kimi qiymətləndirilə bilər".

Moderator.az xəər vrir ki, bunu Oxu.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, Prezidentin bu yanaşması təkcə siyasi bəyanat deyil, eyni zamanda uzun illər davam edən münaqişənin nəticələrinin artıq tamamilə dəyişdiyini və yeni status-kvonun formalaşdığını ehtiva edən sistemli diplomatik xəttin ifadəsidir:

"ATƏT-in Minsk qrupu formal olaraq vasitəçilik missiyası daşısa da, uzun illər ərzində real nəticə ortaya qoya bilmədi. Xüsusilə həmsədr ölkələr olan Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən nümayiş etdirilən mövqe onu göstərdi ki, proses faktiki olaraq işğalın davam etməsinə xidmət edir. Otuz ilə yaxın müddətdə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli həll mexanizmi işə salınmadı, Ermənistanın işğalçı siyasətinə qarşı ciddi təzyiq göstərilmədi. Nəticədə vasitəçilik missiyası passiv diplomatik formatdan kənara çıxa bilmədi və status-kvonun qorunmasına şərait yaratdı".

"Məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, Minsk qrupunun həmsədrləri eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri idi. Halbuki BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycan ərazilərinin işğaldan dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edirdi. Buna baxmayaraq, həmin qətnamələrin icrası istiqamətində real siyasi iradə nümayiş etdirilmədi. Əksinə, həm Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə, həm də 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana müxtəlif siyasi təzyiqlərin göstərildiyi müşahidə olundu. Xüsusilə müharibə günlərində bəzi beynəlxalq güclərin atəşkəs çağırışları fonunda Azərbaycanın hərbi əməliyyatları dayandırmağa məcbur edilməsi cəhdləri ikili standartların bariz nümunəsi idi.

Prezident İlham Əliyevin bu ikili standartları davamlı olaraq gündəmə gətirməsi və beynəlxalq platformalarda sərt şəkildə tənqid etməsi isə Azərbaycanın diplomatik xəttinin əsas istiqamətlərindən birinə çevrildi. 44 günlük Vətən müharibəsindən sonra reallığın dəyişməsi ilə Minsk qrupunun faktiki funksiyasını itirməsi bu mexanizmin tarixə qovuşmasını sürətləndirdi. Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa edərək, BMT qətnamələrini praktik olaraq həyata keçirdi", - deyə politoloq vurğulayıb.

Müsahibimiz qeyd edib ki, Prezident İlham Əliyevin bu məsələdə nümayiş etdirdiyi prinsipiallıq xüsusilə diqqət çəkir:

"Münaqişə dövründə olduğu kimi, postmünaqişə mərhələsində də Azərbaycanın milli maraqlarının qorunması əsas prioritet olaraq qaldı və dövlət başçısı həm siyasi təzyiqlərə, həm də müxtəlif beynəlxalq platformalardan gələn alternativ yanaşmalara qarşı aydın və dəyişməz siyasət sərgiləyərək ölkənin strateji xəttinin sabitliyini nümayiş etdirdi. Xüsusilə 2025-ci ilin 8 avqustunda Vaşinqton görüşündə Minsk qrupunun faktiki olaraq gündəmdən çıxarılması Azərbaycanın diplomatik uğuru idi. Bu, yalnız bir institutun fəaliyyətinin başa çatması deyil, həm də yeni geosiyasi reallığın beynəlxalq səviyyədə rəsmiləşdirilməsi demək idi. Odur ki, Zəngilanda səsləndirilən mesajlar faktiki olaraq Azərbaycanın postmünaqişə dövründə beynəlxalq diplomatik sistemə yeni reallığı qəbul etdirmək istiqamətində apardığı siyasətin davamıdır. Minsk qrupunun funksionallığını tam itirməsi və yeni siyasi mühitin formalaşması Azərbaycanın regional və qlobal diplomatiyada daha güclü və müstəqil aktor kimi mövqeyini möhkəmləndirir".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər