"ABŞ prezidenti artıq diplomatiyanın nəticə vermədiyini düşünür, amma yekun qərar hələ verilməyib..."
ABŞ prezidenti Donald Trampın İranla bağlı danışıqlardan narazılığı artır. Ağ Evdə həm diplomatik təzyiqin, həm də məhdud hərbi əməliyyat variantları müzakirə edilir.
Moderator.az xəbər verir ki, bu barədə CNN nəşri yazıb.
Vaşinqtonda müharibə ssenarisi yenidən gündəmdə
Nəşrin fikrincə, Hörmüz boğazı ətrafındakı böhran və uğursuz danışıqlar Donald Trampı getdikcə daha sərt qərarlara yaxınlaşdırır. Telekanalın Ağ Evdəki mənbələrə istinadən yaydığı məlumata görə, Tramp son həftələrlə müqayisədə İrana qarşı hərbi əməliyyatların bərpasını daha ciddi şəkildə nəzərdən keçirməyə başlayıb.
Məlumata görə, Tramp xüsusilə Hörmüz boğazının blokadada qalmasından və Tehran rəhbərliyindəki fikir ayrılıqlarından narahatdır. Ağ Ev hesab edir ki, bu parçalanma İranın nüvə məsələsində güzəştə getməsinə mane olur. İranın son cavabı isə Vaşinqtonda ciddi narazılıq yaradıb. Tramp həmin təklifi "tamamilə qəbuledilməz" və "axmaq" adlandırıb.
Ağ Evdə iki fərqli mövqe
Mənbələrin sözlərinə görə, Tramp administrasiyasında İrana münasibətdə fərqli yanaşmalar mövcuddur. Pentaqona yaxın çevrələr daha sərt xətt tərəfdarıdır və məhdud zərbələrin yenidən başlanmasını dəstəkləyir. Digər qrup isə diplomatiyaya hələ də şans verilməsinin vacibliyini düşünür.
Eyni zamanda Vaşinqton Pakistan vasitəçilərinin fəaliyyətindən də narazıdır. ABŞ rəsmiləri hesab edir ki, vasitəçilər həm İrana Trampın sərt mesajlarını tam çatdırmır, həm də Tehran mövqeyini Ağ Evə olduğundan daha yumşaq təqdim edir.
Məlumata görə, Tramp artıq milli təhlükəsizlik komandası ilə bir neçə görüş keçirib və müxtəlif variantları müzakirə edib. Bunlar arasında Hörmüz boğazında ABŞ gəmilərinin müşayiəti ilə bağlı əməliyyatın bərpası, həmçinin İranın hərbi və strateji obyektlərinə məhdud zərbələr də var.
Yeni əməliyyat ehtimalı artır
ABŞ və İsrail mediasında yayılan məlumatlara görə, mümkün ssenarilər arasında İran İnqilab Keşikçiləri Korpusunun Hörmüz bölgəsindəki bazalarına zərbələr, yüksək rütbəli komandirlərin hədəfə alınması və strateji infrastruktur obyektlərinin vurulması variantları nəzərdən keçirilir.
Analitiklər hesab edir ki, Tramp üçün hazırkı vəziyyət həm siyasi, həm də iqtisadi baxımdan risklidir. Neft qiymətlərinin artması və Yaxın Şərqdə qeyri-müəyyənliyin davam etməsi ABŞ prezidentinin reytinqlərinə mənfi təsir göstərir.
Bununla yanaşı, bəzi ekspertlər hesab edir ki, Tehran vaxt qazanaraq nüvə proqramında texnoloji irəliləyiş əldə etməyə çalışır. Onların fikrincə, İranın nüvə silahına yaxınlaşması regiondakı qüvvələr balansını tamamilə dəyişə bilər.