Bakı dünyaya kamikadze PUA-larla çıxır - Bədxahlara mesaj
216
08:50, Bu gün

Bakı dünyaya kamikadze PUA-larla çıxır - Bədxahlara mesaj

Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən "Arkan İnnovations LLC" şirkəti üç yeni kamikadze dron istehsal edib. Modern.az xəbər verir ki, 2026-cı il istehsalı olan kamikadze dronlar hazırda İstanbulda keçirilən V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində ictimaiyyətə təqdim olunub.

"Arkan-10", "Arkan -10 FO" və "Arkan- 10 FT" adlanan yeni nəsil dronlar müasir texnologiyalar əsasında hazırlanıb və həm kəşfiyyat, həm də zərbə imkanlarına malikdir. Xüsusilə "Arkan -10 FO" fiber-optik olduğundan radarlara düşmək ehtimalı çox azdır. Bildirilib ki, sözügedən pilotsuz uçuş aparatlarında (PUA) süni intellekt elementləri, təkmilləşdirilmiş avtonom idarəetmə sistemi və daha uzun uçuş müddəti təmin edilib.

Yeni modellərin əsas xüsusiyyətləri arasında aşağı radar görünürlüğü, yüksək manevr qabiliyyəti və müxtəlif silah sistemləri ilə inteqrasiya imkanı xüsusi qeyd olunur. Bu dronlar müasir döyüş şəraitində effektiv istifadə üçün nəzərdə tutulub. Azərbaycanın PUA sahəsində inkişafı uzunmənzilli dronlar istehsalına qədər davam yüksələ bilərmi? Hansı ölkələr bu dronları bizdən ala bilər?

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a dedi ki, son illər Azərbaycanın müdafiə sənayesi sahəsində atdığı addımlar, xüsusilə yeni nəsil kamikadze dronların təqdim edilməsi ölkəmizin bu texnoloji yarışda yerini möhkəmləndirdiyini göstərir: “Yeni təqdim olunan modellər, xüsusilə, fiber-optik texnologiyaya malik olan və süni intellektlə təchiz edilmiş aparatlar müasir döyüş meydanının tələblərinə tam cavab verir. Azərbaycanın PUA istehsalındakı təcrübəsi artıq taktik səviyyədən strateji səviyyəyə keçid üçün zəmin yaradır. Uzunmənzilli dronların istehsalı sadəcə zaman məsələsidir. Bu keçidi təmin edən bir neçə amil var. Onlardan ən əhəmiyyətlisi süni intellekt və avtonom idarəetmə sistemlərinin yerli mütəxəssislər tərəfindən mənimsənilməsi daha böyük platformaların idarə olunmasını asanlaşdırır”.

Hərbi ekspert onu da diqqətə çatdırdı ki, Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi dronlara maraq göstərən ölkələrin coğrafiyası genişdir: “Orta Asiya ölkələri, Yaxın Şərq və Afrika dövlətləri, eləcə də hərbi büdcəsini optimallaşdırmaq istəyən Şərqi Avropa ölkələri Azərbaycan istehsalı olan bu sistemlərin potensial alıcılarıdır. Hesab edirəm ki, Azərbaycanın hərbi sənayesinin inkişafı yalnız səmada deyil, həm də quruda davam etməlidir. Yerüstü robotik sistemlərin (UGV) istehsalı ordumuzun imkanlarını daha da artıracaqdır. Bu sistemlər insan itkisini minimuma endirir. Minalanmış ərazilərin təmizlənməsi və ön xətdə kəşfiyyat aparılması zamanı əvəzolunmazdır. Məsələn, Rusiya tərəfi Ukraynada artıq artileriya vasitələrinin yerdəyişməsini yerüstü dronlar vasitəsi ilə həyata keçirir. Yerüstü dronlar logistik dəstək baxımından da çox əhəmiyyətlidir.

Çətin relyeflərdə sursat və yaralıların daşınması üçün mühüm rol oynayır. Azərbaycan qlobal münaqişələrdən dərslər çıxarmalıdır. Rusiya-Ukrayna müharibəsi və regiondakı digər gərginliklər göstərir ki, müasir döyüşlərdə kəmiyyət deyil, "ağıllı" texnologiyalar qələbəni təmin edir. Ukrayna cəbhəsi sübut etdi ki, radio-elektron mübarizə vasitələrinə qarşı dayanıqlı olmayan (məsələn, fiber-optik əlaqəli) dronlar ən effektiv silahlardır. İranın özünü müdafiəsi göstərdi ki, yerli istehsal çox vacibdir. Münaqişə tərəflərinin xarici asılılığı onların manevr imkanlarını məhdudlaşdırır. Yerli istehsal isə hərbi əməliyyatların gedişatında fasiləsiz təminat deməkdir. Yerli hərbi sənayenin inkişafı Azərbaycanın təhlükəsizlik arxitekturasının onurğa sütunudur. Süni intellektə əsaslanan sistemlər, yerüstü dronlar və uzunmənzilli aparatlar gələcək ordunun əsas gücü olacaq. Öz texnologiyasını yaradan ölkə hər zaman döyüş meydanında diktə edən tərəfdir”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər