390
12:20, Bu gün

"Ukrayna çətin qışa hazırlaşır: Kiyev təcili "Patriot" istəyir" - "Bloomberg"

 
"Enerji infrastrukturu yenidən hədəfə çevrilə bilər..."
 
Ukrayna rəhbərliyi qarşıdakı qışın müharibənin ən ağır mərhələlərindən birinə çevrilə biləcəyini düşünərək Qərb müttəfiqlərindən hava hücumundan müdafiə sistemlərinin və raketlərin təcili çatdırılmasını tələb edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "bloomberg.com" nəşri yazıb.
 
Hava sipərinə təcili ehtiyac
 
Nəşrin yazdığına görə, prezident Vladimir Zelenski bu məsələni İrəvanda keçirilən sammitdə Avropa liderləri və NATO baş katibi Mark Rütte ilə müzakirə edib. Mənbələrin sözlərinə görə, Kiyevin əsas tələbi "Patriot" kompleksləri və onlar üçün raketlərdir. 
Ukrayna tərəfi hesab edir ki, Rusiya ballistik raketlərini effektiv şəkildə vurmağa qadir nadir sistemlərdən biri məhz "Patriot"dur. Zelenski vurğulayıb ki, "PURL" proqramı çərçivəsində yeni silah paketləri artıq bu ilin mayında təsdiqlənməlidir.
 
Kiyev həm yaydan, həm qışdan narahatdır
 
Nəşr qeyd edir ki, Ukrayna eyni vaxtda həm mümkün yeni Rusiya hücumuna, həm də ağır qış ssenarisinə hazırlaşır. Mənbələrin fikrincə, yay aylarında cəbhədə vəziyyətin yenidən gərginləşməsi istisna edilmir. Bununla yanaşı, uzunmüddətli raket zərbələri səbəbindən ölkənin enerji və istilik infrastrukturu ciddi ziyan görüb.
 
Əvvəlki qışlarda milyonlarla insan işıqsız və istiliksiz qalmışdı. Kiyev hesab edir ki, bu dəfə Rusiya yenidən enerji obyektlərini əsas hədəfə çevirə bilər. Buna görə də Ukrayna rəhbərliyi hava müdafiəsinin gücləndirilməsini həyati məsələ sayır.
 
ABŞ geri çəkilir, yük Avropaya keçir
Məqalədə bildirilir ki, ABŞ-ın birbaşa hərbi maliyyəsinin azalması fonunda əsas yük artıq Avropa ölkələrinin üzərinə düşür. Silah və müdafiə sistemlərinin alınması əsasən Avropa müttəfiqlərinin maliyyələşdirdiyi "PURL" mexanizmi üzərindən həyata keçirilir.
 
Kiyevdə hesab edirlər ki, beynəlxalq diqqətin digər münaqişələrə yönəlməsi Ukraynanın vəziyyətini daha da çətinləşdirə bilər. Zelenski isə tərəfdaş ölkələri koordinasiyanı artırmağa çağırıb: "Biz qışa və enerji problemlərinə birlikdə hazırlaşmalıyıq", - deyə Ukrayna prezidenti bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər