Türkiyədə 15 yaşına çatmamış uşaqların sosial media şəbəkələrindən istifadəsinə rəsmən qadağa qoyulub. Bununla bağlı müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən qəbul edilib. İnternet nəşrlərinin tənzimlənməsi və kiber-cinayətkarlıqla mübarizəyə dair sənəddə “internet oyunları”, “oyun distribütoru”, “oyun tərtibatçısı” və “oyun platforması” kimi anlayışlara aydınlıq gətirilib. Yeni qaydalara əsasən, sosial media operatorlarına 15 yaşından kiçik istifadəçilərə xidmət göstərmək qadağan olunub.
Azərbaycanda da belə bir qanunun qəbul olunmasına ehtiyac varmı?
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, Türkiyə parlamentinin qəbul etdiyi qanun əslində beynəlxalq təcrübədə olan məsələdir və vacib əhəmiyyətli qanundur:
“Məsələn, Avstraliyada 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadə etməsinə məhdudiyyətləri özündə ehtiva eləyən qanun qəbul edilmişdi. Bundan başqa, Böyük Britaniya, İndoneziya, Fransa, Braziliya, İspaniya və digər ölkələrdə də analoji məhdudiyyətlərin tətbiqi nəzərdən keçirilir. Hazırkı zamanda çox vacib məsələ hesab olunur. Çünki uşaqların müxtəlif sosial şəbəkələrdə internet oyunları ilə yanlış istiqamətdə formalaşması və bunun zərərli nəticələri get-gedə özünü daha qabarır şəkildə göstərməyə başlayıb. Uşaqların iştirakı ilə cinayət hadisələrinin baş verməsi, artması da həm də bu amillə əlaqələndirilir. Ona görə də vəziyyət bu sahəyə diqqətin artırılması zərurətini meydana gətirir”.

Deputat deyib ki, Azərbaycanda da bununla normativ hüquqi bazanın formalaşması nəzərdə tutulur: “Bu ilin fevralında Azərbaycan Prezidenti “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” haqqında sərəncam imzalayıb. Həmin sərəncama müvafiq olaraq tapşırılır ki, bu sahədə beynəlxalq təcrübənin də öyrənilməsi və tətbiq edilməsi ilə yaxın üç ay ərzində normativ hüquqi bazanın formalaşdırılması ilə bağlı təkliflər irəli sürmək tapşırılıb. Təbii ki, bununla bağlı Nazirlər Kabineti aidiyyatı dövlət orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, müvafiq təşkilatları cəlb etməklə uşaqların sosial şəbəkələrdəki zərərli təsir və məzmunlardan qorunmasını nəzərdə tutan layihəni hazırlayıb təqdim edəcək. Sərəncamda bu nəzərdə tutulub. Sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların qəbul edilməsi də nəzərdə tutulur”.