“Normal təhsil sistemi olmayan ölkədə nəyinsə normal olması çətindir…” -EKSPERT
Elm və Təhsil
1195
14:34, Bu gün

“Normal təhsil sistemi olmayan ölkədə nəyinsə normal olması çətindir…” -EKSPERT

“Əgər təhsil sistemi  əzbərçilik, qorxu, formalizm, itaət, təşəbbüssüzlük üzərində qurulubsa, o zaman iqtisadiyyat, idarəetmə, elm də formal olur…”
 
“Azərbaycanda isə  2026 -cı ildə 30 startap yaranıb, yəni, hər 1000 nəfərə düşən startap sayı 0, 003 olur. Deməli, Azərbaycanda 1000 nəfərə düşən bu göstərici dünya göstəricisindən  nə az, nə də çox, 2000 dəfə azdır…”
 
“Belə mühitdə  real islahat yerinə görüntü yaranır, keyfiyyət yerinə hesabat gəlir, innovasiya yerinə formal tədbirlər keçirilir…”
 
“Təhsil sistemi müstəqil düşüncə formalaşdırmırsa, cəmiyyətdə passivlik, populizm, manipulyasiya artır…”
 
“Normal təhsil sistemi qura bilməyən ölkədə  normal elm, innovasiya,  insan kapitalı, texnoloji inkişaf,  idarəetmə qurmaq mümkün deyil.  Çünki…”
 
“Tarixən  inkişaf etmiş ölkələrdə  əvvəlcə təhsil transformasiyası  edilib. Məsələn,  Yaponiya, Cənubi Koreya,  Sinqapur,  Finlyandiya   sürətli inkişafa  təhsillə başlayıb…”
 
“Çünki  təhsil bütün digər sistemlərin “istehsal fabriki”dir...”  
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Normal təhsil sistemi olmayan ölkədə nəyinsə normal  olması  çətindir…”  başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
“Normal təhsil sistemi olmayan ölkədə nəyinsə normal  olması  çətindir…
 
Bu başlıq ilk baxışda  emosional görünsə  də, əslində ciddi sosial-fəlsəfi və siyasi məna daşıyır. Çünki müasir  idarəetmə keyfiyyəti ilə təhsil sisteminin keyfiyyəti arasında birbaşa əlaqə var.  Təhsil  sadəcə məktəb və universitet məsələsi deyil. Təhsil dövlətin gələcək modeli,  insan kapitalı, idarəetmə keyfiyyəti, iqtisadiyyat, elm, texnologiya, hüquq mədəniyyəti,  vətəndaş şüuru  deməkdir.  Bu səbəbdən  zəif təhsil sistemi olan ölkələrdə, digər sahələrin də sistemli problemlər yaşaması çox təbiidir...
 
Təhsil  bütün  sistemlərin “ana infrastrukturu”dur.  Hər bir ölkədə   iqtisadçını, mühəndisi, müəllimi, həkimi, hakimi, naziri, jurnalisti, alimi, məmuru təhsil sistemi hazırlayır.  Əgər təhsil sistemi  zəif düşünən, təşəbbüsü, yaradıcılığı olmayan, məsuliyyətsiz, formal yanaşan insan yetişdirirsə, o zaman həmin problemlər bütün sahələrə yayılır. Çünki cəmiyyətin keyfiyyəti insan kapitalının keyfiyyətindən yüksək ola bilməz…
 
Təhsil yalnız bilik ötürmür, düşüncə modeli yaradır.  Əsas məsələ budur ki,  təhsil sistemi  insanın dünyagörüşünü, məntiqini, qərarvermə modelini, problem həll etmə üsulunu  formalaşdırır.  Əgər təhsil sistemi  əzbərçilik, qorxu, formalizm, itaət, təşəbbüssüzlük üzərində qurulubsa, o zaman iqtisadiyyat, idarəetmə, elm də formal olur… 
 
Təhsil zəifdirsə, idarəetmə də zəifləyir. Çünki,  dövlət aparatını da həmin sistem yetişdirir.  Normal təhsil sistemi olmayan ölkədə strateji düşüncə zəifləyir, peşəkar idarəetmə formalaşmır, uzunmüddətli planlama olmur, imitasiya üstünlük qazanır.   Belə mühitdə  real islahat yerinə görüntü yaranır, keyfiyyət yerinə hesabat gəlir, innovasiya yerinə formal tədbirlər keçirilir… 
 
Təhsil zəifdirsə, iqtisadiyyat da zəif innovativ olur.  Müasir iqtisadiyyat bilik iqtisadiyyatı modeli  üzərində qurulur.  Bu iqtisadiyyatının  əsas resursu  düşünən insan, mühəndis, alim, innovator, texnoloji sahibkar  olur.  Əgər təhsil sistemi  tənqidi düşüncə,  yaradıcılıq,  problem həlli, texnologiya mədəniyyəti
yaratmırsa,  ölkə  texnologiya istehsal edə bilmir,  startap yarada bilmir, Sİ  inkişaf etdirə bilmir.  Nəticədə ölkə istehlakçıya çevrilir…
 
Təhsil zəifdirsə, elm də zəifləyir.  Elm  azad düşüncə,  intellektual cəsarət, metodoloji mədəniyyət tələb edir.  Təhsil naziri  E.Əmrullayev deyir ki, təhsil olmasa innovasiya olmaz. Haqlıdır. Amma təhsilin olması üçün də heç nə edə bilmədi.  On  ildir ki, bu sistemdə yüksək postdadır, hər halda nə isə öyrənmək olardı...  Əzbərçilik üzərində qurulmuş  təhsil sistemi isə alim yox, formal akademiklər yetişdirir.  Belə mühitdə  məqalə sayı çox olur, amma real elmi təsir zəif qalır. Belə təhsil sistemi təbii ki,  elm və innovasiya yarada bilmz...   
 
Təhsil zəifdirsə, hüquq və vətəndaş mədəniyyəti də zəifləyir.   Normal vətəndaş cəmiyyəti düşünən,  sual verən, məsuliyyət hiss edən insanlarla yaranır. Təhsil sistemi müstəqil düşüncə formalaşdırmırsa, cəmiyyətdə passivlik, populizm, manipulyasiya artır... 
 
Tarix nə göstərir?..  
 
Tarixən  inkişaf etmiş ölkələrdə  əvvəlcə təhsil transformasiyası  edilib. Məsələn,  Yaponiya, Cənubi Koreya,  Sinqapur,  Finlyandiya   sürətli inkişafa  təhsillə başlayıb.  Bu ölkələrdə  təhsil islahatları  mərhələsində ilk növbədə insan kapitalına, universitetlərə, müəllim hazırlığına, elmə yatırım ediblər.  Bilirdilər ki, güclü dövlətin əsası güclü təhsil sistemidir. Bu həqiqəti biz də bilirik. Ona görə də    ölkə rəhbərliyi 23 il əvvəl təhsil sistemi qarşısında mühüm vəzifə qoymuşdu: neft kapitalını insan kapitalına çevirmək. Təəssüf ki, təhsil məmurlarının peşəkarlığı və əzmi zəif oldu.  Bu səbəblərdən ölkədə  insan kapitalının səviyyəsi, 23 il əvvəlkindən də zəifdir, baxmayaraq ki, xaricdə və  ölkə daxilində təhsilə milyardlar xərclənib...
 
Amma məsələ yalnız pul deyil.  Bu çox vacib məqamdır. Bəzən düşünülür ki, böyük bina, yaxşı təmir, texnika, kompüter  təhsil deməkdir.  Əsl problem isə düşüncə modelindədir.  Əgər  təhsil sistemi təşəbbüsü boğursa, azad düşüncəni sevmirsə, tənqiddən qorxursa, formalizmi təşviq edirsə, davamlı  olaraq təhsildə səhv kadr siyasəti yürüdülürsə, ən müasir bina da problemi həll etmir... 
 
XXI əsrdə problem daha təhlükəlidir.  Sənaye dövründə zəif təhsil sistemi olan ölkə ucuz işçi qüvvəsi, xammal, fiziki əmək  ilə  yaşaya bilirdi.   Amma süni intellekt  dövründə əsas üstünlük  düşüncə,  innovasiya,  texnologiya,  insan kapitalıdır.  Bu səbəbdən zəif təhsil sistemli  ölkələr daha sürətlə geriləyirlər... 
 
Bu halda normal nə isə mümkündürmü?..   
 
Bəli, müəyyən sahələrdə  cüzi uğurlar ola bilər, məsələn orta səviyyəli yollar, bəzəkli binalar,  bəzi  xidmətlər,  müəyyən  peşəkar insanlar v.s.   Amma sistemli inkişaf, davamlı innovasiya, güclü iqtisadiyyat, yüksək texnologiya,  səmərəli dövlət idarəetməsi  üçün güclü təhsil sistemi zəruridir.  Çünki  təhsil bütün digər sistemlərin “istehsal fabrikidir”.  
 
Əsas problem nədir?  
 
Əsas problem budur ki, bəzi ölkələr  təhsili strateji məsələ kimi  yox, ikinci dərəcəli sosial sahə kimi görürlər.   Halbuki XXI əsrdə təhsil artıq milli təhlükəsizlik məsələsidir. Normal təhsil sistemi qura bilməyən ölkədə  normal elm, innovasiya,  insan kapitalı, texnoloji inkişaf,  idarəetmə qurmaq mümkün deyil.  Çünki,  təhsil  ayrıca sektor deyil,  bütün sistemlərin əsasını formalaşdıran mürəkkəb və dinamik sistemdir…    
 
Beynəlxalq hesabatlarda qeyd edilir ki, 2025-cı ildə dünyada 50 milyon  startap yaranıb, deməli,  əhalinin hər 1000 nəfərinə ortalama 6 startap düşür,  Azərbaycanda isə  2026 -cı ildə 30 startap yaranıb, yəni, hər 1000 nəfərə düşən startap sayı 0, 003 olur. Deməli, Azərbaycanda 1000 nəfərə düşən bu göstərici dünya göstəricisindən  nə az, nə də çox, 2000 dəfə azdır. Bu bizim insan kapitalının, postneft erasına hazırlığın səviyyəsini göstərir. Bu bizim elm, təhsil, innovasiyanın, yəni ETN-nin 25 illik fəaliyyətinin  real göstəricisidir… 
 
XXI əsrdə ölkələrin real sərvəti  neft, qaz, torpaq deyil,  düşünən insan olacaq.  Bu səbəbdən  təhsil problemi əslində gələcək problemi, dövlət problemi və sivilizasiya problemidir…”
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər