Ekskluziv
380
17:58, Bu gün

"Trampın reytinqinin düşməsi müharibəni bərpa etməsinə imkan vermir" — Deputat

"ABŞ və İran arasında mövcud olan qarşıdurmanın indiyədək həll edilməməsi təbii olaraq ara-sıra toqquşmalara və konfrontasiya hallarına səbəb olur. ABŞ-ın İranın Hörmüz boğazı sahilində yerləşən şəhərlərinə dron hücumları həyata keçirməsi isə Yaxın Şərqdə hələ də davam edən bu mürəkkəb düyünün nə qədər vacib və təcili həll olunmalı olduğunu bir daha bütün dünyaya göstərir".

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib. 

Deputat vurğulayıb ki, İran tərəfindən cavab olaraq ABŞ-ın hərbi bazalarına müəyyən zərbələrin endirilməsi müşahidə olunur:

"Bu insidentlər əvvəlki genişmiqyaslı eskalasiyalardan fərqli olaraq lokal xarakter daşıyır, geniş coğrafiyanı əhatə etmir və daha çox tək-tük hadisələr kimi qiymətləndirilsə də, bu cür gərginliklərin yenidən böyük müharibəyə gətirib çıxarma ehtimalı istisna edilmir. Hazırkı mərhələdə ABŞ-ın İrana qarşı ikinci böyük hücum dalğasını başlatmaması, fikrimcə, hələlik Vaşinqtonun öz strateji maraqları baxımından bunu məqsədəuyğun hesab etməməsi ilə bağlıdır. Ehtimallara görə, Donald Trampın Çinə səfəri və Si Cinpinlə görüşü zamanı ABŞ-ın Çindən İranın dəstəklənməməsi ilə bağlı gözləntiləri tam qarşılanmayıb.

Çin tərəfindən İranın tam şəkildə məğlub edilməsinin qarşısının alınacağı və Tehrana müəyyən dəstəyin davam etdiriləcəyi barədə mövqe ifadə olunduğu ehtimal edilir. Belə bir şəraitdə, əgər Çin bu dəstəyi geri çəkmiş olsaydı, ABŞ-ın dərhal ikinci dalğa hərbi əməliyyatlara başlayaraq İranın potensialını ciddi şəkildə zəiflətməsi və nəticə etibarilə Hörmüz boğazı üzərində tam nəzarət əldə etməsi mümkün ola bilərdi. Lakin reallıqda bu ssenarinin baş vermədiyi görünür və Hörmüz boğazı ətrafında vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır. ABŞ bu strateji keçiddən tam və rahat şəkildə istifadə edə bilmir.

Üstəlik, Donald Trampın reytinqində müşahidə olunan azalma və ABŞ daxilində anti-Tramp əhval-ruhiyyəsinin güclənməsi də onun İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları yenidən başlatmaq imkanlarını məhdudlaşdırır.Digər tərəfdən, İsrailin İrana qarşı yeni hücumların həyata keçirilməsində daha çox maraqlı olduğu görünür. Lakin İsrail də ABŞ-ın Yaxın Şərqdə hazırkı mürəkkəb vəziyyətini nəzərə alaraq daha ehtiyatlı davranır".

 Millət vəkili bildirib ki, buna görə də, yaxın dövrdə ciddi və fundamental dəyişiklik baş verməzsə, bu konfrontasiyanın Hörmüz boğazı ətrafında davam edəcəyi ehtimal olunur:

"Eyni zamanda, Rusiya–Ukrayna münaqişəsinin daha da eskalasiyaya uğraması göstərir ki, bu iki böyük geosiyasi qarşıdurma bir-birini müəyyən mənada əvəzləyir. Rusiya–Qərb–NATO qarşıdurması gücləndikdə Yaxın Şərqdə, xüsusilə İran ətrafında gərginlik nisbətən səngiyir. Əksinə, Rusiya–Ukrayna müharibəsində müəyyən yumşalma müşahidə olunduqda Yaxın Şərqdə vəziyyət daha da kəskinləşir. Bu isə onu göstərir ki, hər iki münaqişənin hələ də tam tənzimlənməməsi və həll olunmaması gələcəkdə vaxtaşırı böyük eskalasiyalara yol aça bilər.

Nəticə etibarilə, ABŞ–İsrail və İran arasında qarşıdurmanın daha da kəskinləşəcəyi və ehtimal ki, əvvəlki mərhələlərlə müqayisədə daha genişmiqyaslı hücumlarla nəticələnəcəyi istisna edilmir. Çünki Hörmüz boğazı ilə bağlı mövcud düyün həll edilmədikcə, ABŞ və onun əsas müttəfiqi olan İsrailin Yaxın Şərqdə tam hegemonluq əldə etməsi real görünmür. Bu baxımdan, İranın tam məğlub edilməməsi İsrailin də strateji hədəflərinə çatmasına mane olur. Hətta ABŞ istəməsə belə, İsrailin mövqeyi Vaşinqtonu daha geniş hərbi eskalasiyaya sürükləyə biləcək əsas amillərdən biri kimi qiymətləndirilə bilər".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər