“XXI əsrdə keyfiyyəti idarə etməyən təhsil sistemi öz gələcəyini idarə edə bilməz...”   
Elm və Təhsil
102
21:11, Bu gün

“XXI əsrdə keyfiyyəti idarə etməyən təhsil sistemi öz gələcəyini idarə edə bilməz...”   

“Bir çox qərarlar data, analitika, elmi monitorinq əsasında deyil, daha çox intuitiv, inzibati, situativ, kampaniya xarakterli  olur. Nəticədə problemlər həll olunmur, sadəcə görüntü yaradılır...”
 
“Əgər ETN  verdiyi strateji qərarları  ölçmürsə, nəticələri  təhlil etmirsə, yanlış qərarlara görə məsuliyyət mexanizmi yoxdursa, deməli  sistem səhvləri təkrarlayır, öz işini  korreksiya edə bilmir...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə başlıqlı “Təhsildə keyfiyyətin idarəedilməsinin konseptual  problemləri. Milli  təhsilimizin sistem böhranı və  ondan çıxış yolları” növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
“Milli təhsilimizin bir sıra  ciddi problemləri var.  Ən ciddi problem isə təhsilin keyfiyyəti ilə bağlıdır. Bunu artıq hamı, o cümlədən təhsil naziri də etiraf edir. Keçən il müəllimlərin işə qəbulu imtahanlarının nəticələrini şərh edərkən  E. Əmrullayev bildirmişdi ki, ali məktəblərimizdə keyfiyyətə təminat sistemi  zəifdir.
 
Həqiqətən də  universitetlərimizin əksəriyyətində beynəlxalq tələblərə cavab verən  “keyfiyyətin idarəedilməsi sistemi” (KMS),  “keyfiyyətə təminat sistemi”  qurulmayıb. Bunun əsas səbəblərindən biri də  ETN tərəfindən təhsildə keyfiyyətin idarəedilməsi ilə bağlı zəruri normativ və metodik sənədlərin hələ də  tam hazırlanıb təsdiq edilməməsidir.
 
Universitetlərimizin Boloniya prosesinin tələblərinə cavab verə bilməməsinin əsas səbəblərindən biri budur. Nəticədə bir çox universitetlərimizin diplomları xaricdə tanınmır. Təsadüfi deyil ki, ölkənin   baş naziri də  etiraf edib ki, bəzi universitetlərimizin diplomları hətta qardaş Türkiyədə belə tanınmır. Bu fakt milli universitetlərimizin  keyfiyyət təminatı mexanizmlərinin   səmərəsizliyini  göstərir.
 
“Keyfiyyətin idarəedilməsi sistemi” və “keyfiyyətə təminat sistemi” arasında  fərq
 
Bu anlayışlar bir-birinə yaxın olsalar da, eyni məna daşımırlar.  “Təhsildə keyfiyyətin idarəedilməsi sistemi” planlaşdırma, idarəetmə, monitorinq, ölçmə, təhlil, korreksiya, davamlı inkişaf  mexanizmlərini əhatə edən geniş idarəetmə modelidir. Burada məqsəd bütün təhsil sistemini keyfiyyət yönümlü idarə etməkdir.  “Təhsildə keyfiyyətə təminat sistemi” isə həmin böyük sistemin bir hissəsi olub, proseslərin  standartlara uyğunluğunun yoxlanılması, qiymətləndirməsi, akkreditasiyası ilə məşğul olur. Sadə dillə desək, keyfiyyətin idarəedilməsi sistemin  inkişafını  idarə edir, keyfiyyətə təminat sistemi isə inkişafın standartlara uyğunluğunu qiymətləndirir.
 
Bütövlükdə milli təhsil sistemi üçün keyfiyyətin  idarəedilməsi sistemi qurulmalıdır.  Müasir dünyada təhsilin inkişafı təsadüfi qərarlarla, inzibati göstərişlərlə, kampaniya xarakterli tədbirlərlə  mümkün deyil.  İnkişaf etmiş ölkələrdə təhsilin keyfiyyətinin idarə olunması xüsusi sistemlər üzərindən qurulur. Buna görə universitetlərdə, məktəblərdə, akkreditasiya strukturlarında, dövlət idarəetməsində keyfiyyət təminatı və keyfiyyətin idarəedilməsi mexanizmləri mühüm rol oynayır. 
 
Boloniya prosesi və Avropa ali təhsil məkanı çərçivəsində əsas tələblərdən biri daxili və xarici keyfiyyət təminatı sistemlərinin qurulmasıdır. Çünki, keyfiyyəti idarə etməyən təhsil  sistemi  inkişaf edə bilməz, ölçülməyən proses təkmilləşdirilə bilməz, elmi əsası  olmayan idarəetmə deqradasiyaya uğrayar.
 
Azərbaycan təhsil sisteminin son 30 illik təcrübəsi göstərir ki, təhsil problemləri  sistem xarakterlidir. Bu problemlər kadr siyasətində, strateji idarəetmədə, tədrisin təşkilində, tədris resurslarının hazırlanmasında, elmi təminatda, maliyyə idarəetməsində, universitet idarəçiliyində özünü göstərir.  Bu səbəbdən artıq yalnız universitetlər üçün deyil, bütövlükdə milli təhsil sistemi üçün keyfiyyətin idarəedilməsi sistemi qurulmalıdır. Bu sistem həm  təhsili, həm də onun idarəedilməsi sistemini (yəni, ETN) tam əhatə etməlidir.  
 
Təhsilin əsas  problemi  idarəetmənin elmi əsaslardan uzaq olmasıdır. Bir çox qərarlar data, analitika, elmi monitorinq əsasında deyil, daha çox intuitiv, inzibati, situativ, kampaniya xarakterli  olur. Nəticədə problemlər həll olunmur, sadəcə görüntü yaradılır.
 
Təhsildə keyfiyyətin idarəedilməsi  planlaşdırma, monitorinq, ölçmə, təhlil, korreksiya, inkişaf mexanizmlərinin vahid sistemdə birləşməsidir. Bu sistem səhvləri gizlətmir, onları erkən aşkar edir, səbəbləri  təhlil edir, davamlı inkişaf mexanizmi yaradır.
 
Universitetlərdə keyfiyyət sistemi vacibdir.   Müasir universitetdə hər bir  proqram ayrıca qiymətləndirilir, tələbə nəticələri təhlil edilir, müəllim performansı ölçülür, məzunların əmək bazarındakı vəziyyəti izlənilir, kurikulumlar davamlı yenilənir.  Əgər universitetdə keyfiyyətə təminat  sistemi yoxdursa, həmin universitet beynəlxalq akkreditasiyadan keçə bilməz, qlobal rəqabətqabiliyyətli olmaz, davamlı inkişaf etməz. 
 
Problem yalnız universitetlərdə deyil.  Azərbaycan təhsilində əsas problemlərdən biri keyfiyyət təminatının bütöv sistem səviyyəsində  qurulmamasıdır. Yəni nazirliyin özü də keyfiyyət prinsiplərinə cavab verməlidir, elmi idarəedilməlidir.  Əgər ETN  verdiyi strateji qərarları  ölçmürsə, nəticələri  təhlil etmirsə, yanlış qərarlara görə məsuliyyət mexanizmi yoxdursa, deməli  sistem səhvləri təkrarlayır, öz işini  korreksiya edə bilmir.
 
Təhsil sistemində keyfiyyətin idarəedilməsi necə qurulmalıdır?
 
I. Data-əsaslı idarəetmə modeli.  Ən vacib dəyişiklik intuitiv idarəetmədən data-əsaslı idarəetməyə keçiddir. ETN real vaxt rejimində təhsil datası toplamalı, problemləri statistik təhlil etməli, qərarların nəticələrini ölçməlidir.  Məktəb səviyyəsində ölçülməli göstəricilər bunlardır  oxu savadlılığı, riyazi düşüncə, müəllim performansı, regional fərqlər kimidir.  Universitet səviyyəsində isə məzun məşğulluğu, elmi məhsuldarlıq, SI və rəqəmsal səriştələr, beynəlxalq əməkdaşlıq, tələbə məmnuniyyəti kimidir. 
 
II. “Milli təhsil analitikası  və keyfiyyət mərkəzi” yaradılmalıdır.  Müasir təhsil sistemi böyük data olmadan səmərəli idarə oluna bilməz. Bu məqsədlə müstəqil “Milli təhsil analitikası  və keyfiyyət mərkəzi” yaradılmalıdır.   Bu mərkəzin əsas funksiyaları  təhsil göstəricilərinin monitorinqi, SI əsaslı təhlil, risklərin proqnozlaşdırılması, regional fərqlərin araşdırılması, təhsil siyasətinin qiymətləndirilməsindən ibarətdir. 
 
III. Təhsil siyasəti elmi əsaslara söykənməlidir.  Ciddi problemlərdən biri qərarların elmi tədqiqatlara, elmi ekspertizaya əsaslanmamasıdır.  Müasir təhsil sistemlərində islahatlardan əvvəl pilot layihələr həyata keçirilir, nəticələr təhlil edilir,  bizdə isə çox vaxt əvvəl qərar verilir, nəticələr sonradan düşünülür.
 
Təhsil eksperti institutu yaradılmalıdır.  Ölkədə həm təhsil menecerlərinin, həm də təhsil ekspertlərinin peşəkarlıq səviyyəsi  aşağıdır. Əsl təhsil eksperti elmi araşdırma aparan, beynəlxalq təcrübəni bilən, data ilə işləyən, sistemli düşünən mütəxəssis  olmalıdır.  Təhsil siyasəti  blogerlərlə, formal “ekspertlərlə” deyil, peşəkar elmi ekspertiza əsasında qurulmalıdır.
 
IV. Keyfiyyət indikatorları sistemi qurulmalıdır.  Təhsildə əsas problemlərdən biri “keyfiyyət” anlayışının ölçülməməsidir.  Məktəblərdə keyfiyyət funksional savadlılıq, problem həlli, tənqidi düşüncə  əsasında qiymətləndirilməlidir.  Universitetlərdə isə elmi məhsuldarlıq, məzun səriştələri, əmək bazarı nəticələri, beynəlxalq akkreditasiya əsas göstəricilər olmalıdır.
 
V. Təhsil idarəçilərinin peşəkar hazırlığı.  Ciddi problemlərdən biri də təhsil menecerlərinin peşəkarlığının zəif olmasıdır. Səriştəsiz təhsil menecerinin işinin nəticəsi keyfiyyətli ola bilməz.  Müasir sistemlərdə təhsil menecerləri xüsusi hazırlanır. Bu proses fasiləsiz təşkil edilməlidir. Çünki, universiteti idarə etmək müəllim olmaqdan fərqli peşədir.
 
VI. Təhsil siyasətində SI və rəqəmsal sistemlərin tətbiqi.  Gələcəyin təhsil sistemi SI, data və təlim analitikası  əsasında qurulacaq.  ETN  qabaqlayıcı  monitorinq sistemləri və SI əsaslı təhlil mexanizmləri  yaratmalıdır.
 
VII. Xarici audit və beynəlxalq akkreditasiya.  Sistem tək  özünüqiymətləndirmə ilə inkişaf edə bilməz.  Bu məqsədlə müstəqil audit, beynəlxalq ekspertiza, qlobal müqayisə mexanizmləri  olmalıdır. 
 
VIII. Təhsilin  maliyyələşməsi keyfiyyətlə əlaqələndirilməlidir.  Hazırda təhsilin  maliyyələşməsi  çox vaxt nəticələrə bağlı  olmur. Müasir təhsil sistemlərində keyfiyyət göstəriciləri, elmi nəticələr, inkişaf indikatorları maliyyələşməyə təsir edir.
 
IX. Universitetlərin real muxtariyyəti.  İnnovasiya həddindən  artıq mərkəzləşmiş sistemdə zəif inkişaf edir.  Universitetlər çevik qərar vermək, öz inkişaf strategiyalarını qurmaq imkanı əldə etməlidir.
 
X. “İş görüntüsü”  modeli  yolverilməzdir.  Təhlükəli problemlərdən biri də imitasiya idarəçiliyidir.  Bu modeldə formal tədbirlər, statistik görüntülər, kampaniyalar real işi, inkişafı əvəz edir.
 
Böyük problemlərdən biri də  sistemin öz səhvlərini təhlil edə bilməməsidir.  Əgər sistem səhvləri ölçmürsə, səbəbləri araşdırmırsa, məsuliyyət mexanizmi qurmursa,  deqradasiya qaçılmazdır.  Gələcəyin təhsil modeli  SI və data-əsaslı, çevik, tədqiqat yönümlü, keyfiyyət əsaslı olacaq.  Əsas rəqabət bina ilə deyil, insan kapitalının keyfiyyəti ilə ölçüləcək.
 
Azərbaycan təhsilinin əsas problemi bir tərəfdən maliyyə  azlığıdırsa, digər tərəfdən sistemli idarəetmə problemidir.  Əgər  qərarlar elmi əsaslara söykənmirsə, keyfiyyət ölçülmürsə, məsuliyyət mexanizmi yoxdursa, data analitikası işləmirsə, təhsil sistemi təsadüfi qərarlarla idarə olunur. Bu isə uzunmüddətli tənəzzül yaradır. Bu səbəbdən niversitetlərdə, eləcə də  bütövlükdə milli təhsil sistemində “keyfiyyətin idarəedilməsi və təminatı sistemi” qurulmalıdır.  Əks halda lokal islahatlar, formal dəyişikliklər, görüntü xarakterli tədbirlər təhsilin dərin problemlərini həll edə bilməyəcək.  XXI əsrdə keyfiyyəti idarə etməyən təhsil sistemi öz gələcəyini idarə edə bilməz.   
 
Təhsilin idarəedilməsində  keyfiyyətə təminat sistemini  optimallaşdırmaq üçün  “keyfiyyətə təminat sistemi”  metodologiyaları  ETN  apparatının fəaliyyətinə də tətbiq edilməlidir.  
 
Təhsilin idarəedilməsində  keyfiyyətə təminat sisteminin  ETN-nin işinə tətbiqi
 
Müasir dövrdə təhsil sisteminin əsas problemi  təkcə məktəb tikmək, avadanlıq almaq, kurikulum yazmaq,  yaxud statistik göstəricilər toplamaq deyil. Əsas məsələ təhsilin keyfiyyətini sistemli idarə etməkdir.   XXI əsrdə insan kapitalı, texnoloji inkişaf,  innovasiya iqtisadiyyatı, milli təhlükəsizlik birbaşa təhsilin keyfiyyətindən asılıdır.  Bu səbəbdən inkişaf etmiş ölkələrdə təhsil idarəçiliyinin əsas fəlsəfəsi, idarəetmənin  keyfiyyət sistemi üzərində qurulmasıdır.   Bizim əsas problemlərdən biri  keyfiyyətə təminat sisteminin formal  olması,  real akademik nəticələrə əsaslanmaması, idarəetmənin elmi əsaslarla qurulmamasıdır. 
 
Keyfiyyətə təminat nədir?   Keyfiyyətə təminat sadəcə yoxlama, akkreditasiya, hesabat toplama sistemi deyil.  Bu davamlı inkişaf, ölçmə, təhlil, korreksiya, optimallaşdırma, strateji idarəetmə sistemidir. Əsl keyfiyyət sistemi problem yaranandan sonra reaksiya verən yox, problemi əvvəlcədən görən sistemdir. 
 
ETN səviyyəsində keyfiyyətə təminat sistemi necə qurulmalıdır?
 
1. Milli təhsil keyfiyyəti  arxitekturası  yaradılmalıdır.  Əvvəlcə ölkənin  məktəb,  kolleclər, universitetlər, magistratura, doktorantura, müəllim hazırlığı, rəqəmsal təhsil  üçün vahid keyfiyyət arxitekturası hazırlanmalıdır.  Bu sistem parçalanmış deyil,  inteqrativ olmalıdır.  Bu arxitektura  təhsil nəticələrini, səriştə standartlarını,  müəllim keyfiyyəti indikatorlarını,  akademik mühit göstəricilərini,  tədqiqat keyfiyyəti meyarlarını,  rəqəmsal transformasiya göstəricilərini,   idarəetmə keyfiyyəti indikatorlarını müəyyət etməlidir. 
 
2. Keyfiyyətə təminat formal yox, analitik sistem olmalıdır. Hazırda bir çox hallarda  sənəd, hesabat, formal prosedur keyfiyyət kimi təqdim olunur. Halbuki real keyfiyyət sistemi data əsaslı, ölçülə bilən, müqayisəli, analitik xarakterli olmalıdır. Bu məqsədlə analitik mərkəz yaradılmalı, real vaxt rejimində məlumat toplanılmalı, problemləri təhlil edilməli, proqnoz modelləri qurulmalı, risklər  əvvəlcədən müəyyən edilməlidir. 
 
3. Təhsil idarəçiliyi sübut əsaslı siyasət modelinə keçməlidir.  Bizdə təhsilə dair bir çox qərarlar intuisiya, inzibati yanaşm a, formal göstərişlərə əsaslanır. Müasir sistemdə isə hər qərarın arxasında data, elmi tədqiqat, müqayisəli analiz dayanmalıdır.  Məsələn, yeni kurikulum tətbiq edilirsə, əvvəlcə o,  pilot test edilməlidir, nəticələr ölçülməlidir, beynəlxalq müqayisələr  aparılmalıdır. 
 
4. Universitetlər üçün çoxsəviyyəli keyfiyyət modeli qurulmalıdır. Universitetlərin keyfiyyəti yalnız diplom sayı ilə, qəbul balı ilə, formal akkreditasiya ilə ölçülməməlidir.  Bu  indikatorlar  əsas olmalıdır:  akademik keyfiyyət (müəllim heyəti, kurikulum, akademik mühit.),  elmi fəaliyyət (tədqiqat,  sitat, innovasiya,  patent.),  tələbə nəticələri (əmək bazarı uyğunluğu,  səriştələr, startup fəaliyyəti), beynəlxalqlaşma (ortaq proqramlar, xarici müəllimlər, mobilik), rəqəmsal transformasiya (SI inteqrasiyası, rəqəmsal platformalar, data əsaslı idarəetmə). 
 
5. Keyfiyyətə təminat sistemi SI və data əsaslı olmalıdır.  Yeni dövrdə  süni intellekt, Big Data, təlim analitikası təhsil keyfiyyətinin əsas alətləridir. ETN   milli təhsilin data platformasını  yaratmalı,  SI əsaslı monitorinq sistemi qurmalı,  riskli universitetləri əvvəlcədən müəyyən etməli, təhsil keyfiyyətini proqnozlaşdırmalıdır.
 
6. Müəllim keyfiyyəti sistemi yenidən qurulmalıdır . Ən vacib məsələlərdən biri də  müəllim keyfiyyətidir.  Çünki, zəif müəllim  zəif insan kapitalı deməkdir.  Müəllimin keyfiyyət modeli  akademik hazırlıq,  pedaqoji  səriştə,  rəqəmsal bacarıqlar, Sİ  savadlılığı,  tədqiqat və innovasiya fəaliyyəti,  etik davranışı  əhatə etməlidir.   
 
7. Akkreditasiya sistemi tam dəyişməlidir. Mövcud akkreditasiya çox vaxt sənəd yoxlaması,  formal prosedur, bürokratik prosesə çevrilir. Halbuki inkişaf etmiş ölkələrdə akkreditasiya inkişaf modeli, keyfiyyətin  inkişaf platformasıdır.  Yeni akkreditasiya modeli   davamlı monitorinq, nəticə əsaslı qiymətləndirmə, beynəlxalq ekspertiza,  açıq hesabatlılıq, inkişaf planı  üzərində qurulmalıdır.
 
8. Açıq və şəffaf təhsil idarəçiliyi qurulmalıdır. Keyfiyyət yalnız şəffaflıq olan yerdə mümkündür.  Buna görə də  universitet reytinqlərə  açıq olmalıdır, təhsil dataları ictimaiyyətə təqdim edilməlidir,  elmi nəticələr şəffaf olmalıdır,  büdcə xərcləri şəffaf olmalı və  izlənməlidir. 
 
9. ETN-də peşəkar təhsil menecmenti sistemi qurulmalıdır.  Ciddi problemlərdən biri də təhsil idarəçiliyində peşəkar ekspertiza çatışmazlığıdır.  Təhsil inzibati idarəetmə sahəsi deyil, yüksək intellektual idarəetmə sahəsidir.  Buna görə ETN-də  təhsil siyasəti laboratoriyası,  gələcək inkişaf strategiyaları  mərkəzi,  SI və təhsil mərkəzi, kurikulum layihələndirmə mərkəzi kimi strukturlar yaradılmalıdır.
 
10. Keyfiyyət mədəniyyəti formalaşdırılmalıdır.  Ən vacib məsələ keyfiyyətin yalnız yoxlama sistemi kimi deyil, mədəniyyət kimi qəbul edilməsi və bu mədəniyyətin aşılanmasıdır.  Təhsil sistemi özünüinkişafa,  özünütəhlilə meylli, səhvlərdən öyrənən, innovasiya yaradan ekosistemə çevrilməlidir.  Yeni modelin mərkəzində insan kapitalı, intellektual inkişaf, açıq elm, innovasiya, etik texnologiya  dayanmalıdır.
 
ETN  klassik “əmr verən” qurum  modelindən  çıxıb, “strateji-intellektual koordinasiya platforması” modelinə keçməlidir.  Gələcəyin ETN modeli    data əsaslı, SI dəstəkli, çevik, analitik, şəffaf, açıq sistem olmalıdır.  
 
Təhsildə keyfiyyətin idarəedilməsinin konseptual  problemləri,  təhsilə yeni keyfiyyət yanaşması modeli haqqında fikirlərimizi ümumiləşdirərək  qeyd edək ki, ölkəmizdə təhsilin əsas problemi keyfiyyətə təminat sisteminin zəifliyidir. Əgər keyfiyyət yenə də sənəd, hesabat, formal akkreditasiya kimi qalacaqsa,  real transformasiya mümkün olmayacaq.  Əgər elmi əsaslı idarəetmə, data əsaslı qərarlar, SI dəstəkli monitorinq,  açıq elm, peşəkar təhsil menecmenti  üzərində qurulan yeni model yaradılacaqsa, onda  universitetləri, müəllim hazırlığını, magistraturanı, məktəb sistemini tamamilə yeni inkişaf mərhələsinə çıxara bilərik.  
 
Gələcəyin əsas rəqabəti neft, bina və texnika ilə deyil, insan kapitalı və təhsil keyfiyyəti ilə olacaq.   Bu səbəblərdən  həm təhsil sistemində, həm də təhsilin  idarəedilməsində  (ETN) keyfiyyətə təminat  prinsiplərinə  ciddi  əməl edilməlidir.  
 
Müəllif: İlham Əhmədov”
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər