“Pandemiya vaxtı Təhsil Nazirliyinin gördüyü işlər sadəcə “distant təhsilə bənzər” bir tədris prosesi idi.  Çünki...” 
Elm və Təhsil
201
14:44, Bu gün

“Pandemiya vaxtı Təhsil Nazirliyinin gördüyü işlər sadəcə “distant təhsilə bənzər” bir tədris prosesi idi.  Çünki...” 

"Təəssüf ki, pandemiyadan  5  il keçməsinə baxmayaraq, biz distant təhsilə yenə də  hazır  deyilik. Amma  müxtəlif səbəblərdən, distant təhsildən epizodik   olaraq istifadə edirik..."

"Bir çox hallarda distant təhsil sadəcə video-dərslərə,  PDF paylaşımına çevrilir... Bizim ən böyük problemlərimizdən biri də  rəqəmsal pedaqogikanın zəif olmasıdır..."

"Ölkənin təhsil sisteminin distant təhsilə hazırlığının diaqnostikası müasir dövlət siyasətinin əsas strateji istiqamətlərindən biridir
Azərbaycan üçün əsas vəzifə distant təhsili müvəqqət  həll yolu kimi deyil, gələcəyin təhsil modelinin əsas elementi kimi qəbul etməkdir.  Yalnız bu halda təhsilin əlçatanlığı artar,  regionlararası fərqlər azalar, insan kapitalı güclənər, ölkənin qlobal rəqabət qabiliyyəti yüksələr..."
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, İKT mütəxəssisi İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Yenə  distant təhsil? Yenə də  hazır deyilik? Niyə?” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Müasir dövrdə rəqəmsallaşma proseslərinin sürətlənməsi, süni intellekt texnologiyalarının inkişafı, qlobal pandemiyadan sonrakı dövrdə   distant təhsil bir çox ölkələrdə  artıq alternativ model deyil, milli təhlükəsizlik, insan kapitalı və strateji inkişaf məsələsinə çevrilmişdir. Tədqiqatlar  göstərir ki, ölkənin distant təhsilə hazırlığı yalnız texnoloji infrastrukturla deyil, həm də dövlət siyasəti, idarəetmə sistemi, müəllim və tələbə səriştələri, rəqəmsal bərabərlik, hüquqi baza, təlim analitikası və milli rəqəmsal ekosistemlə müəyyən olunur.    
 
XXI əsrdə təhsil sistemləri sənaye dövrünün klassik modelindən rəqəmsal cəmiyyət modelinə keçid yaşayır. İnformasiya texnologiyalarının inkişafı, süni intellekt sistemlərinin geniş yayılması və qlobal əmək bazarının dəyişməsi təhsil sistemlərinin funksiyasını köklü dəyişmişdir.  
 
COVID-19 pandemiyası göstərdi ki, təhsil sistemləri  fövqəladə hallara,  rəqəmsal transformasiyaya,  distant tədrisə  hazır deyillərsə, ölkənin insan kapitalı ciddi risk altına düşür.  Pandemiya dövründə dünyanın bir çox ölkəsində məktəblər bağlandı, universitetlər fəaliyyətini dayandırdı, milyonlarla şagird və tələbə təhsil prosesindən qismən kənarda qaldı.
 
Bu hadisə göstərdi ki, distant təhsil artıq sadəcə texnoloji məsələ deyil. Bu milli təhlükəsizlik, sosial bərabərlik, iqtisadi davamlılıq, insan kapitalının qorunması məsələsidir.  Lakin praktikada bir çox ölkələr distant təhsili “Zoom” dərsləri, elektron fayl paylaşımı, video-mühazirələr kimi qəbul etdilər. Halbuki distant təhsil milli rəqəmsal infrastruktur, data əsaslı idarəetmə, rəqəmsal pedaqogika, virtual akademik mühit,  süni intellekt inteqrasiyası tələb edən mürəkkəb sistemdir.  Bu səbəbdən ölkənin təhsil sisteminin distant təhsilə hazırlığının diaqnostikası müasir təhsil siyasətinin strateji istiqamətlərindən birinə çevrilmişdir.
 
Azərbaycanda pandemiya  vaxtı  bu problemlər  özünü  daha ciddi şəkildə göstərmişdi. Uzun müddət ölkəmizdə distant təhsilin inkişafını bütün mümkün olan və mümkün  olmayan yollarla  bloklayan təhsil nazirliyi (TN),  2020-ci ildə  pandemiya ilə əlaqədar, çox  çətin duruma düşdü. Bu yaranan böhrandan ölkədə  çıxış yolu kimi, ilk mərhələdə “votsap”, “zoom” kimi proqramlarla tədrisi qurmağa cəhdlər edildi.  Daha sonra məktəblər üçün televiziya tədris proqqramları təşkil edildi.  Maraqlıdır ki,  3 ay sonra Təhsil Nazirliyi  “raport”   verdi:  biz artıq ölkədə distant təhsil sistemini qurmuşuq,  İngiltərə və  Ukrayna kimi  ölkələr bizim təcrübəmizi gəlib öyrənirlər  (hərçənd İngiltərədə 70-ci illərdən, Ukraynada isə 2000-ci illərdən  normal  distant təhsil  sistemi mövcud idi). 
 
Daha sonra isə  ölkədə “MS-TEAMS” proqramı ilə vebinar formatında tədris prosesi  tədricən qurulmağa başlandı. 
 
Pandemiya   müddəti  bir çox ölkələrin təhsil sistemi üçün bir sınaq oldu. İlk aylar bəzi ölkələrdə müəyyən çətinliklər yaşandı.   Əvvəldən distant təhsil sistemi yaratmış ölkələrdə  isə heç bir  ciddi çətinliklər  olmadı. Belə ölkələr tezliklə  kütləvi distant təhsil sistemini normal şəkildə təşkil edə bildilər. Biz  isə pandemiyanı bir təhər yola versək də, sonralar bu çətinliklərdən heç bir nəticə çıxarmadıq...  
 
Beynəlxalq təcrübədə pandemiyaya qədər  əksər ölkələrdə distant təhsil sistemi yaradılmışdı.  Distant təhsil sistemi olmayan azsaylı  ölkələr var idi, onlar da  pandemiya vaxtı və sonra  distant təhsil sistemini  yaratmağa başladılar.  
 
TN isə nə pandemiyaya qədər, nə pandemiya vaxtı, nə də pandemiya sonrası  distant təhsil sistemi yaratmağa  heç  cəhd  də  etmədi. Hərçənd  biz  2001-ci ildən bunu mütəmadi olaraq yazmışıq və demişik.  Pandemiya vaxtı  TN-nin gördüyü işlər isə sadəcə “distant təhsilə bənzər” bir tədris prosesi idi.  Çünki, TN  bu işə hazır deyildi...  
 
Yarımçıq distant təhsil  sistemi  ictimaiyyətdə bu təhsil texnologiyasına qarşı mənfi münasibət yaratdı.  Pandemiya dövründə   jurnalistlərin suallarına cavab verən təhsil naziri deyirdi ki, biz distant təhsil sistemi qurmuruq, sadəcə vəziyyətdən çıxmaq üçün müvəqqəti  olaraq distant təhsildən istifadə edirik.  
 
Təəssüf ki, pandemiyadan  5  il keçməsinə baxmayaraq, biz distant təhsilə yenə də  hazır  deyilik. Amma  müxtəlif səbəblərdən, distant təhsildən epizodik   olaraq istifadə edirik. Yəqin ki, gələcəkdə də istifadə edəcəyik...
 
Ölkədə  mütəmadi olaraq rəqəmsallaşmadan, rəqəmsal transformasiyadan, süni intellektdən danışıldığı bir dpnəmdə,  rəqəmsallaşma üzrə bir neçə ciddi proqramların qəbul edildiyi bir vaxtda  yenə də distant təhsilin  yaradılmaması, ən azından təhsil məmurlarının  məsuliyyətsizliyi və səriştəsizliyini göstərir. 
 
Bu ərəfədə Bakıda təşkil ediləcək, Ümumdünya  Şəhərsalma  Forumunun 13-cü  sessiyasının (“WUF13”)  ilə əlaqədar yenidən distant təhsilə müraciət ediləcəkdir. Sentyabr ayından etibarən isə azkompletli məktəblərdə distant təhsil sistemindən istifadə nəzərdə tutulur.   
6 il əvvəl pandemiyanın qəflətən gəlməsi ilə əlaqədar təhsil sistemimiz  hazırlıqsız vəziyyətə düşdü  (hərçən 2009-cu ilə qədər bu təhsil texnologiyasından istifadəyə dair TN-nin əsasnaməsində, 2009-cu ildən sonra isə  “Təhsil Qanunu”nda  bu təhsil forması artıq  xüsusi qeyd edilmişdi.  
Bəs indi necə? Distant təhsilə hazırıqmı? Ümumiyyətlə, “distant təhsilə hazırlıq” deyiləndə nə başa düşülməlidir?  Gəlin bu haqda danışaq.  
 
Distant təhsilə hazırıqmı?.. 
 
Distant təhsilə hazırlıq anlayışı...  
 
“Ölkənin təhsil sisteminin distant təhsilə hazırlığı” dedikdə, dövlətin, təhsil müəssisələrinin, müəllimlərin, tələbələrin, texnoloji infrastrukturun, hüquqi bazanın, idarəetmə sisteminin rəqəmsal təhsil modelini effektiv təşkil edə bilmə potensialı başa düşülür. Bu anlayış yalnız kompüterlərin mövcudluğu, internet bağlantısı, LMS platformalarının alınması demək deyil.  Müasir distant təhsil  milli rəqəmsal ekosistem, vahid təhsil platforması, learning analytics, Sİ  əsaslı idarəetmə,  rəqəmsal kompetensiyalar  üzərində qurulmalıdır.
 
Ölkənin distant təhsilə hazırlığının əsas komponentləri
 
1. Milli rəqəmsal infrastruktur. Distant təhsilin əsas bazası güclü rəqəmsal infrastrukturdur. Buraya  genişzolaqlı internet, regional internet əlçatanlığı, data mərkəzləri, cloud texnologiyaları, server sistemləri, kibertəhlükəsizlik infrastrukturu  daxildir.   Bir çox ölkələrdə əsas problem texnologiyanın olmaması deyil, qeyri-bərabər paylanmasıdır.
 
2. Təhsil müəssisələrinin texnoloji hazırlığı.  Məktəblər və universitetlər LMS sistemlərinə, videokonfrans platformalarına, rəqəmsal kitabxanalara, virtual laboratoriyalara, elektron qiymətləndirmə sistemlərinə malik olmalıdır.  Əgər distant təhsil yalnız videodərslərlə məhdudlaşırsa, bu sistemli distant təhsil sayılmır.
 
3. Müəllimlərin rəqəmsal kompetensiyaları. Ən kritik faktor müəllim hazırlığıdır. Müəllim  rəqəmsal pedaqogikanı bilməli,  interaktiv dərs dizayn etməli,  distant qiymətləndirmə aparmalı,  SI əsaslı platformalardan istifadə etməlidir.  Bir çox ölkədə pandemiya göstərdi ki, texnologiyadan daha böyük problem müəllim hazırlığıdır.
 
4. Şagird və tələbələrin hazırlığı.  Təhsilalanların rəqəmsal savadlılığı, internetə çıxışı, özünüidarəetmə bacarıqları, distant öyrənmə kompetensiyaları, distant təhsilin effektivliyinə birbaşa təsir edir.
 
5. Rəqəmsal bərabərlik.  Ən ciddi problemlərdən biri “digital divide” – rəqəmsal uçurumdur. Şəhər və regionlar arasında internet keyfiyyəti, cihaz təminatı, texnoloji imkanlar fərqləndikdə distant təhsil sosial bərabərsizliyi daha da artırır.
 
6. Dövlət siyasəti və idarəetmə.  Distant təhsil  sistemli strategiya, milli standartlar, normativ baza, monitorinq mexanizmləri  tələb edir.  Əgər dövlət distant təhsili müvəqqəti layihə kimi qəbul edirsə, sistem dayanıqlı inkişaf edə bilməz.
 
7. Hüquqi və etik baza.  Distant təhsil  şəxsi məlumatların qorunması, akademik dürüstlük, müəllif hüquqları,  SI etikası  kimi problemlər yaradır.  Bu səbəbdən güclü hüquqi baza vacibdir.
 
Distant təhsilə hazırlığın diaqnostikasının məqsədi...  
 
Diaqnostikanın əsas məqsədləri  təhsil sisteminin real hazırlıq səviyyəsini müəyyən etmək,  zəif istiqamətləri aşkar etmək,  riskləri proqnozlaşdırmaq, strateji inkişaf planı hazırlamaqdır.  Diaqnostika olmadan  rəqəmsallaşma formal xarakter daşıyır, investisiyalar səmərəsiz olur, distant təhsilin keyfiyyəti aşağı düşür.
 
Diaqnostik meyarlar...   
 
Texnoloji meyarlar kimi  İnternet əlçatanlığı, server imkanları,   platforma dayanıqlılığı kibertəhlükəsizlik qeyd edilməlidir. Pedaqoji meyarlar olaraq  distant kurikulum; rəqəmsal metodika, müəllim hazırlığı, qiymətləndirmə sistemi qeyd edilməlidir. İdarəetmə meyarları kimi  milli strategiya, “learning analytics”, data əsaslı qərarvermə, monitorinq sistemi qeyd edilməlidir.  Sosial meyarlar olaraq rəqəmsal bərabərlik, regionlararası fərqlər, inklüzivlik qeyd edilə bilər.  İnsan resursları meyarları olaraq  müəllim səriştələri, texniki dəstək heyəti,  kontent müəlliflərinin hazırlığı qeyd oluna bilər. 
 
Diaqnostik metodlar…
 
1. Milli rəqəmsal audit aparılmalıdır. Bu zaman ölkənin internet infrastrukturu,  təhsil platformaları,  server imkanları təhlil edilir.
 
2. Təhsil müəssisələrinin monitorinqi. Bu zaman  məktəb və universitetlərin  texnoloji hazırlığı, distant təhsil imkanları, LMS istifadəsi  qiymətləndirilir.
 
3. Sorğular və müsahibələr.    Müəllim, tələbə və valideynlər arasında sorğu aparmaqla problemlər,  ehtiyaclar,  hazırlıq səviyyəsi araşdırılır.
 
4. Öyrənmə analitikası.  Müasir təhsil sistemlərində LMS aktivliyi,  iştirak səviyyəsi,  kursu  tamamlama faizi (bitirmə faizi),  distant təhsil performansı təhlil edilir.
 
5. Beynəlxalq müqayisə.  Ölkə daim öz təhsil sistemini  beynəlxalq indekslərlə,  qabaqcıl təhsil sistemləri ilə  müqayisə etməlidir.
 
Öyrənmə   analitikası  və  süni intellekt  (SI)  əsaslı təhsil
 
Müasir distant təhsil data əsaslı idarə olunur. “Learning analytics” tələbə davranışlarını, müəllim fəaliyyətini,  akademik riskləri analiz edir.  SI sistemləri fərdi öyrənmə trayektoriyası qurur,  uğursuzluq riskini proqnozlaşdırır,  avtomatik tövsiyələr verir.  Bu artıq “smart education” modelidir.
 
Distant təhsil hazırlığının səviyyələri
 
1. Elementar səviyyə:  Bu səviyyəyə  video-dərslər,   fayl paylaşımı,   formal LMS istifadəsi  aiddir.
 
2. İnkişaf etmiş səviyyə:  Bu səviyyəyə  rəqəmsal kurslar,   müəllim hazırlığı,  elektron qiymətləndirmə aiddir.
 
3. Sistemli səviyyə:  Bu səviyyəyə  təhsil analitikası,  virtual laboratoriyalar,  data əsaslı idarəetmə  aiddir. 
 
4. Smart təhsil sistemi səviyyəsi:   Bu səviyyəyə  SI tutorlar,  adaptiv təhsil,  milli rəqəmsal ekosistem,   fərdiləşdirilmiş öyrənmə sistemləri aiddir.
 
Azərbaycanda mövcud problemlər...
 
1. Rəqəmsal bərabərsizlik. Regionlarda internet keyfiyyəti,  cihaz təminatı,  texnoloji imkanlar  bərabər deyil.
 
2. Formal rəqəmsallaşma. Bir çox hallarda distant təhsil sadəcə video-dərslərə,  PDF paylaşımına çevrilir.
 
3. Müəllim hazırlığı problem.  Bizim ən böyük problemlərimizdən biri də  rəqəmsal pedaqogikanın zəif olmasıdır.
 
4. Təhsil analitikası  sistemlərinin olmaması.  Bir çox təhsil müəssisəsi LMS məlumatlarından istifadə etmir,   data əsaslı idarəetmə tətbiq etmir.
 
5. Milli platforma problemleri.  Parçalanmış sistemlər  inteqrasiyanı çətinləşdirir,  məlumat axınını zəiflədir.
 
Milli diaqnostik model
 
I mərhələ – milli audit.  Ölkənin  internet infrastrukturu,   təhsil platformaları,  regionlararası fərqləri təhlil edilir.
 
II mərhələ – insan kapitalının qiymətləndirilməsi.  Müəllim və tələbələrin rəqəmsal səriştələri, distant təhsil hazırlığının  ölçülməsi. 
 
III mərhələ – təlim analitikası sistemi. Milli səviyyədə təhsil məlumatları, performans göstəriciləri, risk faktorları təhlil edilir. 
 
IV mərhələ –  SI əsaslı monitorinq.  SI sistemləri  akademik riskləri,   uğursuzluq ehtimallarını,   distant təhsil keyfiyyətini qiymətləndirir.
 
Göründüyü kimi distant təhsilə  hazırlığımız 1-ci səviyyəyə, yəni “elementar səviyyə”yə  uyğundur. Bu səviyyədə  videodərslər,   fayl paylaşımı,   formal LMS istifadəsi edilir. 
 
Gələcəyin təhsil sistemi.  Gələcəkdə təhsil “hybrid”, “adaptive”, SI əsaslı və fərdiləşdirilmiş modelə keçəcək. Məktəb və universitetlər  fiziki məkan olmaqdan çox, rəqəmsal öyrənmə platformasına çevriləcək.
 
Distant təhsilin strateji əhəmiyyəti...
 
Distant təhsil  fövqəladə hallarda təhsilin davamlılığını təmin edir,  regionlararası fərqləri azaldır, həyatboyu öyrənmə  modelini inkişaf etdirir,   insan kapitalının davamlı inkişafını təmin edir.  Distant təhsilin mövcudluğu hər bir ölkənin artıq iqtisadiyyat, əmək bazarı, milli təhlükəsizlik məsələsinə çevrilmişdir.
 
Ölkənin təhsil sisteminin distant təhsilə hazırlığının diaqnostikası müasir dövlət siyasətinin əsas strateji istiqamətlərindən biridir. Tədqiqatlar  göstərir ki, distant təhsilin səmərəsi yalnız texnologiyalardan deyil, bütün təhsil ekosisteminin rəqəmsal transformasiyası səviyyəsindən asılıdır.  Müasir təhsil sistemi  data əsaslı idarəetmə, təlim analitikası, SI inteqrasiyası, rəqəmsal pedaqogika,  milli rəqəmsal platformalar üzərində qurulmalıdır. Azərbaycan üçün əsas vəzifə distant təhsili müvəqqət  həll yolu kimi deyil, gələcəyin təhsil modelinin əsas elementi kimi qəbul etməkdir.  Yalnız bu halda təhsilin əlçatanlığı artar,  regionlararası fərqlər azalar, insan kapitalı güclənər, ölkənin qlobal rəqabət qabiliyyəti yüksələr.    Beləliklə, gələcəyin uğurlu təhsil sistemi yalnız rəqəmsal texnologiyalara malik olan deyil, həmin texnologiyaları strateji, pedaqoji və idarəetmə baxımından effektiv istifadə edə bilən sistem olacaqdır...
 
Müəllif: dosent İlham Əhmədov
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər