Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT
Elm və Təhsil
482
09:49, Bu gün

Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT

“Unutmayaq ki, insan kapitalının formalaşmasında, təhsil və əmək bazarı münasibətlərinin formalaşmasında ilkin və ən vacib addım  səmərəli  peşəyönümü işi, düzgün  peşə seçimidir...” 
 
“İndi Əmək və Əhalinin Sosiaı Müdafiəsi Nazirliyinin Məşğulluq Agentliyi qismən həmin işlə məşğuldur,  amma bu, kifayət deyil...”
 
“ETN 10 il ərzində bizim QHT-nin  heç bir təşəbbüsünü  dəstəkləmədi, layihələrə  kömək etmədi, amma  dövlət  büdcəsi  hesabına verilən qrantları da ənənəvi olaraq dost-tanışın mənasız layihələrinə hədiyyə etdi...”
 
“Xəbər verildiyi kimi, DİM sədri  Məleykə Abbaszadə "ASAN Radio"ya belə bir açıqlama verib: 
“Bəzən təəssüf ki, abituriyentlər ixtisas seçimində öz maraq və qabiliyyətlərini deyil, başqalarının təsiri ilə dəbdə olan ixtisasları seçirlər...”
 DİM sədrinin sözlərinə görə, gülməli, bəlkə də ağlamalı vəziyyətdir ki, riyaziyyat üzrə ilkin imtahanda aşağı nəticə göstərənlər belə birinci ixtisas qrupunu seçirlər. Çox güman ki, bunun səbəbi həmin qrupda plan yerlərinin çox olması və qəbul ehtimalının daha yüksək görünməsidir...”
 
Siz bu məsələyə necə baxırsız, probelmin səbəblərini və çıxış yolunu nədə görürsüz?”
 
Bu sualla müraciət etdiyimiz  tanınmış təhsil eksperti, pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti,  “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin rəhbəri İlham Əhmədov Moderator.az-a açıqlamasında Azərbaycanda  abituriyentlərin ixtisas seçimi  problemləri ilə bağlı aşağıdakı fikir və mülahizələri ifadə edib: 
 
“Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi və bunun nəticələri səmərəsizdir, çox  bərbad haldadır. Çünki uzun illərdir ki, məktəblərdə peşəyönümü, peşə maatiflənməsi, peşə seçimi üzrə uşaqlarla, demək olar ki, heç bir  iş  aparılmır. Uşaqlar sanki gözübağlı şəkildə peşə və ixtisas seçirlər. Bu işlə peşəkar  məşğul olan mərkəzlər yox həddindədir. 
 
Sovet vaxtı bu məsələlər daha yaxşı təşkil edilmişdi. İndi Əmək və Əhalinin Sosiaı Müdafiəsi Nazirliyinin(ƏƏSMN) Məşğulluq Agentliyi qismən həmin işlə məşğuldur,  amma bu, kifayət deyil, həm də bu iş elmi səviyyədən çox uzaqdır. Onlar əsasən işsiz vətəndaşlar və yenidən peşə seçənlərıə işləyirlər. Məktəb şagirdləri onları çox da maraqlandırmır.   Elm və Təhsil Nazirliyi isə həmişəki kimi,  kənardan baxır problemlərə... 
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) yaradılana qədər, yəni sovet dönəmində abituriyentlər hökmən sənəd verdikləri ali məktəbdə  peşəyönümü müsahibəsindən keçməli idilər. Bu yaxşı ideya idi, amma bizdə  çox  pis təşkil edilmişdi. Belə müsahibəni psixoloq və peşəyönümü üzrə mütəxəssislər,  xüsusi metodika ilə aparmalı idilər. Bizim reallıqda isə bunu fakultə dekanları  edirdi, çox narazılıqlar yaranırdı.  Belə narazılıqları həll etmək üçün 1992-ci ildə, bu məsələlərlə məşğul olan bir firma açdım.  Təşəbbüs mənim idi. Təsisçi isə işlədiyim universiteti seçdim. Çünki o vaxt Nazirlər Kabinetinin qərarı var idi, ali məktəblərdə  elm-təhsil yönümlü  şirkətlər yaratmaq tövsiyə edilirdi (indi buna “spin- off”  və ya “kiçik innovativ firma” da deyilir). Bizim firma peşə diaqnostikası işiləri aparırdı. Bu məqsədlə xüsusi  “elektron psixodiaqnostika testləri” hazırlamışdıq.  Abituriyent kompüter testinə cavab verməklə, hansı peşələrə nə dərəcədə meyl və marağının olmasını təyin edə bilirdi, cavab printerdə çap edilirdi. Daha sonra abituriyent bu cavabla dekanla peşəyönümü müsahibəsinə gedirdi...   
 
1992-ci ildə biz  bir neçə texnikum  və ali məktəbdə  belə  elektron peşə diaqnostika  xidmətləri təşkil etmişdik (qiyabi şöbəyə sənəd qəbulu gedirdi həmin aylarda).  2 ay sonra TQDK yarandı,  yeni  qəbul qaydaları tətbiq edildi, qəbul imtahanları testlə aparılmağa başlanıldı.  Yeni qaydalarda  peşəyönümü işi  daha  yox idi.  Sonralar buna bir daha qayıdış olmadı... 
 
2003-cü   ildə ƏƏSMN-nin sifarişi ilə biz bu yöndə daha mükəmməl  bir  ekspert sistemi yaratdıq: “TUSİ_PROFİ”  adlı.  Həqiqətən, hamı çox bəyənmişdi bunu: sifarişçi təçkilat da, istifadəçilər də. Bu sistem ölkəmiz üçün o vaxt bir innovasiya idi, digər ölkələrdə olan analoji sistemlərdən daha mükəmməl və dəqiq idi. Sistem  testlər əsasında gənclərə daha düzgün  peşə seçməyə imkan verirdi.  Bu testlər bir müddət  ƏƏSMN saytında sərbəst istifadə üçün yerləşdirilmişdi. Sonralar sayt yeniləndi və yeni saytda bu  sistem daha olmadı... 
 
Təəssüf ki, heç vaxt, heç bir dövlət qurumu bizə bu məsələlərdə dəstək vermədi, işlərimiz davamlı olmadı. Bu işi elmi əsaslarla, ciddi tədqiqatlara əsaslanaraq qurmaq lazımdır.  Təəssüf  ki, bir çox məsələlər indi  bu sahədə kor-təbii edilir. Bu səbəblərdən də abituriyentlərin ixtisas seçimi obyektiv, sistemli və elmi əsaslarla yox, təsadüfi və ya “təki tələbə olum, sonrasına baxarıq” prinsipi ilə həyata keçirilir... 
 
Çox vaxt da  özünü “ekspert” adlandıranlar abituriyentlərə bu məsələdə pullu xidmətlər göstərir, “məsləhət”lər verirlər, amma bu kortəbii olduğu üçün  faydasız olur. Nəticədə abituriyentlər çox vaxt sevmədiyi ixtisasa qəbul olunur və yaxşı mütəxəssis ola bilmir... 
 
Bu sahədə fəaliyyəti 0-dan başlayaraq yenidən qurmaq lazımdır, hələ çox işlər görülməlidir.  Bu işlə sistemli və davamlı məşğul olan qurumlar yaradılmalıdır. Bizim  zaman-zaman müəyyən təkliflərimiz olub bu sahədə. Amma respublikada bu məsələləri müzakirə edib, çıxış yolu tapmaq üçün rəsmi bir  mərkəz, qurum yoxdur ki, onlarla görüşüb ciddi müzakirələr aparaq... 
 
Mən 2016-cı ildə  bu məsələlərlə məşğul olan bir QHT də təsis etdim: “ Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyi adında. İndiki zamanda, təbii ki, ictimai əsaslarla ciddi heç nə etmək mümkün deyil.  Amma ETN 10 il ərzində bizim QHT-nin  heç bir təşəbbüsünü  dəstəkləmədi, layihələrə  kömək etmədi, amma  dövlət  büdcəsi  hesabına verilən qrantları da ənənəvi olaraq dost-tanışın mənasız layihələrinə hədiyyə etdi... 
 
QHT agentliyi isə hərdən cüzi qrantlar verir, amma belə  cüzi maliyyə dəstəyi yalnız  məktəblərdə epizodik olaraq   maarifləndirici söhbətlər aparmağa çatır. Ciddi problemləri dərindən araşdırmağa və  səmərəli, elmi həllər təklif etməyə bunlar kifayət deyil.  Hal –hazırda mövcud elmi  nailiyyətlər əsasında, beynəlxalq təcrübədən də faydalanaraq, süni intellekt əsaslı peşə seçimi sistemi qurmaq  istəyirik. Bu layihəyə dövlət dəstəyi və ya sponsor köməyi olarsa, bu  problem  1-2  ilə yüksək səviyyədə  həll edilə bilər. Bu həm də xüsusi istedadlı uşaqlarla iş üçün əhəmiyyətli olacaqdır.   Yəni, bu iş dövlət səviyyəsində həll edilməli məsələdir... 
 
Amma belə ciddi məsələ demək olar ki, başlı başına buraxılıb. Unutmayaq ki, insan kapitalının formalaşmasında, təhsil və əmək bazarı münasibətlərinin formalaşmasında ilkin və ən vacib addım səmərəli  peşəyönümü işi, düzgün  peşə seçimidir..."
 
Təqdim etdi:
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər