“Dünyanı fəth edən Qaraqoyunlular...”- Akif Nağıdan tariximizə fərqli baxış...
4655
29 Apr 2024 | 12:32

“Dünyanı fəth edən Qaraqoyunlular...”- Akif Nağıdan tariximizə fərqli baxış...

“Dövlətin 3 milyon kv kilometrlik ərazisi Azərbaycanın Araz çayından cənuba və şimala doğru bütün torpaqlarını, o cümlədən indi Ermənistan deyilən Azərbaycan ərazilərini, İraqın bütün ərazisini, indiki Türkiyənin şərq əyalətlərini əhatə edirdi..."
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:)
 
Dünyanı fəth edən Qaraqoyunlular... XXIII mövzu
 
Qaraqoyunlu sülaləsinin hakimiyyəti...
 
XIV əsrin sonlarından etibarən Azərbaycanda Qaraqoyunlu və Ağqoyunlu
sülalələri siyasi meydana çıxdılar. Qaraqoyunluların içərisində Sədli, Baharlı,
Duharlı, Qaramanlı, Alpavut, Çəkirli, Ayınlı, Hacılı, Ağaçəri, Dögər, Bayramlı
nəsilləri daha çox tanınırdı [9; 4, s.12; 11, s.367-368]. Qaraqoyunlu və
Ağqoyunlular Hülakü-Elxanilərin varisləri olan Cəlairilər, digər tərəfdən Orta
Asiyalı Əmir Teymur və varisləri, həmçinin Şirvanşah Dərbəndlilər sülaləsinin
nümayəndələri ilə sərt rəqabət şəraitində hakimiyyətə gəlməyə çalışırdı.
Qaraqoyunlular əsasən Van gölü ətrafında cəmləşmişdilər. Bu sülalənin
hakimiyyətə iddialı ilk nümayəndəsi Bayram Xoca (1351-1380) Cəlairilərin
zəifləməsindən istifadə edərək, 1351-ci ildə Van və Mosulu ələ keçirdi. Bayram
Xoca XIV əsrin 70-ci illərində Azərbaycanın cənub-qərb torpaqlarını-Xoy,
Naxçıvan, Göyçə, Sürməlini, həmçinin Ərzuruma qədər Şərqi Anadolunu nəzarətə
götürdü və qismən müstəqil siyasət yeritməyə başladı. Bayram Xocanın xələfi
Qara Məhəmmədin (1380-1389) dövründə sülalə ciddi nəticələrə nail ola bilmədi,
Əmir Teymura və digər qonşu hökmdarlara qarşı bir neçə uğurlu döyüşü oldu,
hətta 1388-ci ildə Cəlairiləri məğlub edərək Təbriz şəhərini tutdu, lakin şəhəri uzun
müddət əldə saxlaya bilmədi [8, s.60; 5, s.38]. Qara Məhəmmədin oğlu Qara
Yusifin (1390-1420) dövründə Azərbaycan dövləti imperiyaya çevrildi. O,
Şirvanşahlarla Cəlairilərin ittifaqına qarşı çətin mübarizədən qalib çıxdı. Qara
Yusif bir neçə uğursuz cəhddən sonra 1410-cu ilin avqustunda Təbriz yaxınlığında
İkinci Şənbi Qazan döyüşündə Cəlairiləri tam məğlub etdi, Sultan Əhmədi əsir
götürdü və öldürdü, Təbrizə birdəfəlik sahib çıxdı. Həmin vaxtdan qədim
Azərbaycan şəhəri Təbriz imperiyanın paytaxtı oldu. Qara Yusif və ondan sonra
gələn xələfləri özlərini Xaqan, Sultan, Şah adlandırdılar. Şirvanşah I İbrahim Qara
Yusifin güclənməsindən narahat olaraq, Şəki hakimi Seyid Əhməd və gürcü
hakimi Konstantinlə ittifaq yaratdı. Qara Yusif 1412-ci ilin dekabrında Kür
sahilində müttəfiqləri məğlub etdi, I İbrahimi, Konstantini və digərlərini əsir
götürdü, sonra bac müqabilində onları azad etdi. I İbrahim 1413-cü ildə
Qaraqoyunlulardan asılılığı qəbul etdi [4, s.25]. Dövlətin 3 milyon kv kilometrlik
ərazisi Azərbaycanın Araz çayından cənuba və şimala doğru bütün torpaqlarını, o
cümlədən indi Ermənistan deyilən Azərbaycan ərazilərini, İraqın bütün ərazisini,
indiki Türkiyənin şərq əyalətlərini əhatə edirdi [5; 10, s.341-354]. Azərbaycanın
tarixi torpaqları vahid dövlətin tərkibində birləşdirildi.
 
Qaraqoyunlu sülaləsinin hakimiyyəti dövründə Azərbaycan dövlətinin rəsmi
dilləri Azərbaycan türkcəsi və fars dili idi [12; 13, s.277]. Qaraqoyunlu sülaləsinin
nümayəndələri “İran padşahı” (Padişahi-İran) titulu daşıyır [10, s.351], bununla
özlərini Azərbaycan dövləti olaraq əfsanəvi İranın varisi hesab edirdilər.
Tarixdə Qaraqoyunlu adı ilə tanınan tayfalar mənşəcə oğuz toplumlarından biri
olmuşdur. Osmanlı tarixçisi Mövlanə Şükrullah Qaraqoyunluların Oğuz xanın oğlu
Dəniz xanın törəmələri olduğunu yazmışdır. Onların guya bayraqlarında olan qara
qoç rəsminə görə adlandırılması həqiqətə uyğun deyil, belə ki, orta əsrlərə aid
tarixi mənbələrdə onların bayrağında qara qoç rəsminin olması haqqında məlumata
rast gəlinməmişdir. Bu fikir bəzi Avropalı müəlliflər tərəfindən, heç bir fakt
olmadan, irəli sürülmüşsür [3].
 
1417-ci ildə Şirvanşah I İbrahim öldü. Hakimiyyətə keçən oğlu Şirvanşah I
Xəlilullah (1417-1465) Qara Yusifin hakimiyyətini tanımadı. O, öz siyasətində
Orta Asiya hökmdarı Teymurun ikinci oğlu Sultan Şahruxla (1405-1447)
yaxınlaşıb ittifaq bağladı, həm də Qaraqoyunlu siyasi hakimiyyətini didən iç
çəkişmələrdən bacarıqla istifadə etməyə başladı. Sultan Şahrux 200 minlik qoşunla
Təbriz üzərinə yeridi. Qara Yusif 50 minlik qoşunla Təbrizdən çıxaraq onunla
döyüşə getdi. Lakin 1420-ci il noyabrın 13-də yolda, Uçan adlı yerdə xəstələndi və
vəfat etdi [7, s.122-128]. Ölümündən 3 gün sonra Təbriz əyanı Məhəmməd Keçəli
tərəfindən onun nəşi paytaxta gətirildi və müsəlman qaydası ilə torpağa tapşırıldı.
Qara Yusifin ölümündən dərhal sonra Şahrux Qaraqoyunluya qarşı hərbi
yürüşü genişləndirdi. 1421-ci ilin əvvəlində Qarabağa çatan Şahrux Şirvanşah I
Xəlilullah ilə görüşdü və onunla ittifaq bağladı. I Xəlilullah Şahruxun nəvəsi ilə
evlənərək ittifaqı möhkəmləndirdi. Qara Yusifdən sonra hakimiyyətə gələn Qara
İskəndər (1420-1435) qardaşı Qara İsfəndiyarın qüvvələri ilə birlikdə Təbriz
yaxınlığında Ələşgird vadisində 1421-ci ilin avqustunda döyüşə girdilər. Qaraqoyunlular bu döyüşdə məğlub oldular. Lakin Qara İskəndər qüvvə topladı və 1422-ci ildə hücum edib Təbrizi azad etdi və 1435-ci ilə qədər hakimiyyətini bərpa etdi. Şirvanşah I Xəlilullahın və Şahruxun birləşmiş qoşunları 1435-ci ilin yayında
Qara İskəndəri məğlub edib Təbrizə daxil oldu, İskəndər Kiçik Asiyaya qaçsa da,
ələ keçirildi və Əlincə qalasına salındı. Həmin ilin sonunda Şahruxun razılığı ilə
Qara Yusifin kiçik oğlu Cahanşah Qaraqoyunlu hakimiyyətini davam etdirdi.
Əlincə qalasına salınan Qara İskəndər orada gecələrin birində öz oğlu tərəfindən
öldürüldü [7, s.223]…
 
Qara Yusifin oğlu Cahanşahın dövrü (1436-1467) xüsusi yer tutur. Cahan
şah Həqiqi təxəllüsü ilə Azərbaycan türkcəsi və fars dillərində gözəl şerlər də
yazırdı [13, s.272, 283], eyni zamanda dövlət xadimi kimi də özünü göstərdi,
dövlətin ərazilərinin genişləndirilməsi, idarəetmə sahəsində ciddi uğurlar əldə etdi.
Cahan şah Sultaniyyə, Qəzvin, İsfahan, Məşhəd, Nişapur, Xarəzmi, hətta
Teymurilərin paytaxtı Herat şəhərini qısa müddətə olsa da, yürüşlərlə ələ
keçirmişdi [7, s.27; 6, s.16-17; 14, s.190].
 
Cahanşah, atasından və qardaşı Qara İskəndərdən fərqli olaraq, yaxşı təhsil
görmüş, bilikli bir adam idi. O, hakimiyyətin möhkəmlənməsi məqsədilə bir sıra
tədbirlər həyata keçirdi: yarımköçəri əyanlara qarşı mübarizəni gücləndirdi; daha
çox oturaq əyanlara və iri tacirlərə arxalandı; ordunu qüvvətləndirdi, nizam-
intizamı gücləndirdi. O, Şahruxun ölümündən sonra (1447) Teymuri asılılığını
qətiyyətlə rədd etdi. Şirvan dövləti ilə kəskin hərbi rəqabəti yumşaltdı. Onların
arasında savaş və çəkişmələrin arası kəsildi. Yalnız Ağqoyunlu hakimliyi ilə
rəqabət qalmaqda idi [4, s.27].
Ağqoyunlularla Qaraqoyunlular arasında ərazi üstündə mübarizə gedirdi.
Cahanşah XV əsrin 50-ci illərində Şərqi Anadolunun çox hissəsini, Qərbi
Azərbaycanı Ağqoyunlulara güzəştə getməyə məcbur oldu. Lakin onun Şərqdə
Teymurilərə qarşı apardığı mübarizə daha müvəffəqiyyətli olmuşdur. 1453-cü ildə
Əcəm İraqını ələ keçirdi. Cahanşah 1457-ci ildə Gürcan və Xorasanı tutdu, 1459-
cu ildə isə Teymurilərin paytaxtı Heratı tutdu, Teymuri Əbu Səidlə barışıq
müqaviləsi bağladı və təzminat alaraq Azərbaycana qayıtdı [1, s.369]. Lakin onun
mərkəzi hakimiyyəti möhkəmləndirmək cəhdləri bir nəticə vermədi. Cahanşahın
hakimiyyətinin sonlarında daxili çəkişmələr, ara müharibələri, hakimiyyət uğrunda
mübarizə Qaraqoyunluların zəifləməsinə səbəb oldu. Bundan istifadə edən
Ağqoyunlular onların ərazilərini ələ keçirməyə başladılar.
 
1467-ci ilin may ayında Cahanşah böyük qüvvə ilə Ağqoyunlu Uzun Həsənə
qarşı hərəkətə başladı və Van gölü ətrafı ərazilərdə möhkəmləndi. Uzun Həsən
casusu vasitəsilə Cahanşahın ətrafında nələrin baş verdiyi haqqında mütəmadi
məlumatlandırılırdı. Qaraqoyunlu ordusunda nizam-intizamın pozulduğunu
yəqinləşdirən Uzun Həsən cəmi 6 minlik seçmə döyüşçülərlə Cahanşahın
düşərgəsinə hücum etdi. 1467-ci il noyabrın 11-də Muş düzündə baş vermiş
döyüşdə Qaraqoyunlular məğlub oldular. Cahanşah Ağqoyunlular tərəfindən
yaxalandı və öldürüldü [7, s.435-442]. Cahanşahın oğlanları Həsənəli və Hüseynəli
arasında taxt-tac uğrunda mübarizə başladı və Həsənəli Hüseynəlini öldürərək
hakimiyyəti ələ keçirdi. Həsənəli 1468-ci ildə Mərənd döyüşündə Ağqoyunlulara
məğlub oldu və Teymuri Əbu Səidin yanına qaçdı [2, s.18]. Beləliklə, 1468-ci ildə
Qaraqoyunlular süqut etdi, onların yerinə Ağqoyunlu sülaləsi hakimiyyətə gəldi…
 
Ədəbiyyat:
 
1. Azərbaycan tarixi, I cild (Z. Bünyadov və Y. Yusifovun redaktəsi ilə). Ali məktəblər
üçün dərslik. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
2. Fərzəlibəyli Ş. Azərbaycan və Osmanlı imperiyası (XV-XVI əsrlər). Bakı, “Elm”,
1995.
3. Nəcəfli T. Qaraqoyunlular və Ağqoyunlular Oğuz boylarıdır, 04.11.2021.-
1905.az/tofiq-necefli-qaraqoyunlular-ve-agqoyunlular-oguz-boylaridir/.
4. Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk
tarixşünaslığında. Bakı, “Çaşoğlu”, 2000.
5. Qara Yusif dövrü. haqqinda.az/Dunya+ve +tarix/6884-Qara+Yusif+dövrü.html.
6. Qızılbaşlar tarixi. Bakı, 1993.
7. Rumlu H. Əhsənüt-Təvarix (Tarixlərin ən yaxşısı). Fars dilindən tərcümə: Oqtay
Əfəndiyev, Namiq Musalı. Kastamonu, “Uzanlar”, 2017.
8. Sümer F. Selçuklular Devrinde Doğu Anadolu Türk Beylikleri. Ankara, 1990.
9. Fisher W.B., Bosworth C.E. Araxes river.-Encyclopaedia Iranica#pt2; -
iranicaonline.org/articles/araxes-river#pt2.
3
10. Fragner B.G. “The Consept of Regionalism in Historical Research of Central Asia
and İran (A Macro-Historical İnterpretation)”, in: Devin Deweese (ed.): Studies on
Central Asian History in Honor of Yuri Bregel. Bloomington/Indiana, 2001.
11. Golden P.B. An İntroduction to the History of the Turkic Peoples. Wiesbaden, 1992.
12. Karakoyunlular. turkcebilgi.com/karakoyunlular; The 15 th century saw the
beginning of a more important period in the history of the Azeri Turkish literature. The
position of the literary language was reinforced under the Qaraqoyunlu (r.1400-68) who
had their capital in Təbriz.-iranicaonline.org/articles/azerbaijan-x.
13. Minorsky V. Jihan-Shah Qara-Qoyunlu and His Poetry (Turkmenica,9). Bulletin of
the School of Oriental and African Studies, University of London.-Published by:
Cambridge University Press on behalf of School of Oriental and African Studies, 1954,-
V.16.
14. Nagendra S. “İnternational encyclopaedia of islamic dynasties”. Anmol Publications,
2002.
4
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər