“Ermənistan tarixində ilk dəfə bir hakimiyyət açıq şəkildə “Rusiyasız da yaşamaq olar” mesajı verdi...”
Ekskluziv
775
11:11, Bu gün

“Ermənistan tarixində ilk dəfə bir hakimiyyət açıq şəkildə “Rusiyasız da yaşamaq olar” mesajı verdi...”

“Paşinyan həm ABŞ-ın, həm də Qərbin dəstəyini arxasına alıb. Amma Qərb hələ Ermənistanı Rusiyanın yerinə tam şəkildə himayəyə götürməyə hazır deyil...”
 
“Bu, Ukraynada tətbiq olunan modelin bir az daha yumşaq versiyasıdır. Yəni tək ciddi fərq ondadır ki, Rusiya Ermənistanı bombalamır…”
 
“Ermənistanın itirilməsi Rusiyanın Cənubi Qafqaz imperiya sisteminin dağılması demək olar…”
 
"Paşinyana gəlincə isə o, Ermənistanda inqilab etmiş bir siyasətçidir. Əsas müharibəsini isə ermənilərin zehniyyətinə qarşı açmışdır. Onlar bunu başa düşsələr, xəstə təxəyyüllərindən qurtula bilərlər..."
 
“Putin Paşinyanı 8 ildir ki, yıxmağa çalışır. Bunun üçün Rusiya nə edə bilərdisə, hər şeyi etdi və etməkdədir. Lakin Paşinyan hələ də hakimiyyətdədir. Rusiya 8 ildə edə bilmədiyini səkkiz gündə edə bilərmi? Buna inanmaq olduqca çətindir... 
 
Qeyd edək ki, artıq “Ermənistan-Rusiya müttəfiqliyi” deyilən anlayış faktiki olaraq dağılıb. Sadəcə tərəflər bunu hələ rəsmi şəkildə etiraf etmirlər. Moskva Paşinyanı bağışlamayıb və bağışlamayacaq da. Çünki Paşinyan Kremlin ən təhlükəli saydığı xətti keçdi: Rusiyanın təsir dairəsindən çıxmağa cəhd etdi və buna böyük ölçüdə nail oldu. Ermənistan tarixində ilk dəfə bir hakimiyyət açıq şəkildə “Rusiyasız da yaşamaq olar” mesajı verdi. Kremlin qəzəbi də məhz bundandır. Ermənistanı itirməklə Moskva Ermənistandan çox daha artığını itirəcəyini yaxşı bilir. Ona görə də Kreml Ermənistanı əlində saxlaya bilmək üçün hazırda var gücü ilə son həmlələrini edir.”
 
ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli bu fikir və mülahizələri Moderator.az əməkdaşının “Rusiyanın Ermənistana, Paşinyan hakimiyyətinə qarşı son günlər – 7 iyun parlament seçkiləri öncəsi apardığı açıq-gizli savaşı, buna verilən reaksiyaları necə dəyərləndərirsiz? Bu gedişatın nəticələrini necə görürsüz?” suallarını cavablandırarkən ifadə edib.
 
“Rusiya hal-hazırda Ermənistana qarşı klassik imperiya metodlarından istifadə edir: iqtisadi təzyiq, informasiya savaşı, kilsə və rusiyapərəst şəbəkələrin aktivləşdirilməsi, miqrant kartı, enerji və ticarət asılılığından istifadə... Bu, Ukraynada tətbiq olunan modelin bir az daha yumşaq versiyasıdır. Yəni tək ciddi fərq ondadır ki, Rusiya Ermənistanı bombalamır. Çünki Moskva anlayır ki, Ermənistana açıq hərbi müdaxilə həm Qərbi, həm də regionu tamamilə öz əleyhinə çevirə bilər. Ona görə Kremlin məqsədi Paşinyan hakimiyyətini tankla yox, daxildən çökdürməkdir”, -deyə davamında siyasi təhlilçi qeyd edib.
 
Konfliktoloq alim vurğulayıb ki, Rusiya Ermənistanı heç vaxt həqiqi müttəfiq kimi görməyib, sadəcə forpost, hərbi baza və geo-siyasi alət kimi istifadə edib: 
 
“Qarabağ məsələsində də Kreml nə Ermənistanı qorudu, nə də separatçıları. Moskva müharibənin nəticəsində Paşinyandan qurtulacağına ümid edirdi. Bu alınmadıqda Moskva üçün əsas prinsip “münaqişə yaşasın ki, mənim təsirim də yaşasın” prinsipi oldu. Bu da Rusiyanın gözlədiyi kimi olmadı. Moskva İrəvanın ondan mədət umacağını, ona yalvaracağını və ondan alacağı strateji dəstək uğruna hər cür güzəştə hazır olacağını gözləyirdi. Paşinyan isə Ermənistanı Rusiyadan qurtarmaq naminə Qarabağdan vaz keçmək yolunu seçdi. Onun Qarabağ siyasətinin ana xəttini “ora bizim deyil” yanaşması təşkil etdi. Bunu Ermənistan cəmiyyətində bəyan etmək və sonra xalqdan səs istəmək asan iş deyil. Paşinyan bunu bir dəfə bacardı. Yenə bacara bilmək üçün indi o, var gücü ilə çalışır…”
 
Bununla belə, siyasi təhlilçi hesab edir ki, Qərb Ermənistanı Rusiyanın yerinə tam şəkildə himayəyə götürməyə hələ hazır deyil.
 
“Görünən odur ki, Paşinyan həm ABŞ-ın, həm də Qərbin dəstəyini arxasına alıb. Amma Qərb hələ Ermənistanı Rusiyanın yerinə tam şəkildə himayəyə götürməyə hazır deyil. Bunun üçün bir qədər daha vaxta ehtiyac var. Ermənistan indi müəyyən qədər geo-siyasi bir boşluqda qalıb. Bu, çox təhlükəli mərhələdir. Paşinyan bu mərhələdən uğurla çıxa bilsə, bundan Ermənistan cəmiyyəti də qazanclı çıxacaq”, - deyə Əli Əskərli diqqətə çatdırıb.
 
Həmsöhbətimiz yaxın müddətdə Ermənistan üçün gözlənilən ssenariləri də təxmin edib:
 
“Məncə, yaxın aylarda üç əsas ssenari mümkündür. Ən güclü ssenari Paşinyanın seçkini udmasıdır. Amma o, seçkilərdən zəifləmiş halda çıxacaq. Bu, baş verərsə, Rusiya iqtisadi sabotajı və daxili destabilizasiyanı artıracaq. Ermənistanda xaos, etirazlar, sui-qəsd iddiaları, kilsə-hakimiyyət qarşıdurması və s. dərinləşə bilər.
 
İkinci ehtimal isə odur ki, Kremlin dəstəklədiyi qüvvələr hakimiyyətə gələcək. Bu halda Ermənistan yenidən yarımmüstəmləkə vəziyyətinə qaytarılacaq. Amma əvvəlki kimi tam loyal Ermənistanın mövcud olacağı artıq mümkün deyil. Çünki erməni cəmiyyətində Rusiyaya inam ciddi şəkildə azalıb. Qarabağ müharibəsini Rusiyanın xəyanəti nəticəsində uduzduqlarına inanan ermənilərin sayı az deyil... 
 
Üçüncü və ən maraqlı ssenari Ermənistanın inamlı və qəti addımlar atmasıdır. Bu halda İrəvan KTMT-dən birdəfəlik çıxır, Rusiya bazalarının gələcəyini müzakirəyə çıxarır və onlardan qurtulur, Qərbə inteqrasiyanı sürətləndirir və Türkiyə-Azərbaycan xəttinə yaxınlaşır. Məncə, Kreml ən çox bu variantdan qorxur. Çünki Ermənistanın itirilməsi Rusiyanın Cənubi Qafqaz imperiya sisteminin dağılması demək olar…”
 
“Mən ümumi nəticəni belə görürəm: Rusiya bu savaşı taktiki olaraq bəzi mərhələlərdə uda bilər, amma strateji olaraq uduzmaqdadır. Çünki qorxu ilə saxlanılan imperiyalar bir gün mütləq dağılır. Ermənistan artıq əvvəlki Ermənistan deyil. Moskva isə hələ də 1990-cı illərin dili ilə danışır. Paşinyana gəlincə isə o, Ermənistanda inqilab etmiş bir siyasətçidir. Əsas müharibəsini isə ermənilərin zehniyyətinə qarşı açmışdır. Onlar bunu başa düşsələr, xəstə təxəyyüllərindən qurtula bilərlər. Bu isə onlar üçün gerçək xoşbəxtliyin əsl açarı olardı”, -deyə professor vurğulayıb.
 
Sultan Laçın
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər