Bizi sosial şəbəkələrdən izləyin:
"Hazırda Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçimlə bağlı referendum keçirmək məntiqli deyil. Ermənistan iki qurum arasında seçim qaçılmaz olana qədər işləyir və işləməyə davam edəcək".
Moderator.az xəbər verir ki, bunu Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasının rəhbəri və baş nazir Nikol Paşinyan sosial mediada videomüraciətində bildirib.
"Bu referendumun hansı məqamda baş tutacağı da vacib məsələdir. Ən azı Ermənistan rəsmi olaraq üzvlük məsələsi ilə bağlı Aİ-yə müraciət edənə və ya üzvlüyə namizəd statusu almağa yaxınlaşana qədər hər hansı bir referendumun keçirilməsi məntiqsizdir. Çünki mahiyyət etibarilə xalqa bu və ya digər yolu seçmək imkanı vermək üçün heç bir əsas əsas yoxdur, balans formalaşmayıb. Bu gün bu seçim nəzəridir, bunu isə referenduma çıxarmaq o qədər də ağlabatan deyil, yanlışdır və əsassızdır", - deyə Paşinyan bildirib.
O, həmçinin Rusiya ilə münasibətlərə mühüm əhəmiyyət verdiyini də qeyd edib. Baş nazir Moskva ilə münasibətlərin transformasiya mərhələsində olduğunu və bunu müsbət proses hesab etdiyini bir daha vurğulayıb:
"İndiki vəziyyətdə biz Rusiya ilə yeni münasibətlər qururuq. Əminəm ki, bu məsələdə uğur qazanacağıq. Ona görə ki, bizim Rusiya ilə münasibətlərimiz açıqdır, səmimidir, qaranlıq tərəflərimiz yoxdur".