ABŞ və İran arasında yeni hərbi dalğa: Regionda vəziyyət yenidən gərginləşir ?
Ekskluziv
502
17:17, Bu gün

ABŞ və İran arasında yeni hərbi dalğa: Regionda vəziyyət yenidən gərginləşir ?

Yaxın Şərqdə gərginlik yenidən kəskin xarakter alıb. Məlumata görə, ABŞ-nin İran ərazilərinə dron hücumları həyata keçirməsindən sonra Tehran tərəfi Fars körfəzi istiqamətində raket zərbələri endirib, eyni zamanda Hörmüz boğazı yaxınlığında dəniz nəqliyyatına xəbərdarlıq atəşi açılıb. Hadisələrin fonunda İranın Buşehr əyalətində hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü, ABŞ və İsrailə məxsus olduğu iddia edilən pilotsuz uçuş aparatlarına qarşı cavab tədbirlərinin görüldüyü bildirilir. Bölgədə baş verən qarşılıqlı hərbi addımların isə vəziyyəti daha da gərginləşdirdiyi qeyd olunur.

Maraqlıdır, ABŞ-nin İran ərazilərinə dron hücumları və Tehranın Hörmüz boğazı istiqamətində verdiyi hərbi cavab Yaxın Şərqdə genişmiqyaslı qarşıdurma riskini nə dərəcədə artırır?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Anar İsayev açıqlama verib. 

Politoloq qeyd edib ki, atəşkəsdən sonra ABŞ-nin İran ərazilərinə yönəlmiş dron hücumları və Tehranın Hörmüz boğazı istiqamətində hərbi cavabı vəziyyəti əvvəlki mərhələdən daha təhlükəli edir:

"Çünki atəşkəs normalda gərginliyin azalması üçün mexanizm sayılır, lakin onun pozulması tərəflər arasında etimadsızlığı dərinləşdirir və nəzarətsiz eskalasiya riskini artırır. Bu risk bir neçə istiqamətdə özünü göstərə bilər.Əgər tərəflər atəşkəsdən sonra belə qarşılıqlı zərbələri davam etdirirsə, bu, razılaşmanın real siyasi sabitlik yaratmadığını göstərir. Belə vəziyyətdə hər yeni insident daha geniş hərbi cavaba səbəb ola bilər.

İranın Hörmüz boğazında donanma aktivliyini artırması, raket və dron imkanlarını nümayiş etdirməsi beynəlxalq enerji marşrutlarına təzyiq kimi qiymətləndirilir. ABŞ və müttəfiqləri isə bunu dəniz təhlükəsizliyinə təhdid sayaraq əlavə hərbi qüvvə yerləşdirə bilərlər. Bu isə təsadüfi toqquşma ehtimalını yüksəldir. Atəşkəsin zəifləməsi Livandakı Hizbullah, Yəməndəki husilər, İraqdakı şiə silahlı qrupları kimi İranla əlaqəli qüvvələrin fəallaşmasına gətirib çıxara bilər. Bu halda qarşıdurma yalnız ABŞ–İran xəttində qalmayıb regional xarakter ala bilər. Həmçinin Hörmüz boğazı ətrafında gərginlik neft qiymətlərində sürətli artım yaradır.

Qlobal bazarlarda qeyri-müəyyənlik artdıqca beynəlxalq güclərin regiona müdaxilə marağı da yüksəlir. Bununla yanaşı, tammiqyaslı müharibənin qarşısını alan amillər də mövcuddur. ABŞ regionda uzunmüddətli yeni müharibənin siyasi və iqtisadi yükünü nəzərə alır, İran isə daxili iqtisadi təzyiq və beynəlxalq sanksiyalar səbəbilə geniş savaşın nəticələrinin ağır olacağını anlayır. Buna görə ən real ssenari hazırda birbaşa böyük müharibədən çox, “idarə olunan eskalasiya” — yəni məhdud zərbələr, təzyiq və nümayiş xarakterli hərbi addımların davam etməsidir".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər