ABŞ hegemonluğunun sonu yaxınlaşır: yeni güc mərkəzi Çin olmaya da bilər -
Ekskluziv
1805
12:15, Bu gün

ABŞ hegemonluğunun sonu yaxınlaşır: yeni güc mərkəzi Çin olmaya da bilər - "Financial Times"

 
Vaşinqtonun illərlə qurduğu qlobal üstünlük sistemi ciddi sarsıntı yaşayır...
 
ABŞ II Dünya müharibəsindən sonra dünyanın əsas hərbi və iqtisadi gücünə çevrilsə də, bu üstünlük artıq əvvəlki qədər möhkəm deyil. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
ABŞ üstünlüyü niyə zəifləyir?
 
Nəşin fikrincə, ABŞ-ı zəiflədən əsas amillər nəzarətsiz borclanma, uğursuz iqtisadi siyasət və yeni texnologiya yarışıdır. Məqalədə vurğulanır ki, hegemon dövlətlər yalnız silah gücü ilə deyil, düzgün siyasi strategiya, güclü valyuta və açıq iqtisadi sistem hesabına liderliyini qoruyur.
 
Nəşr xatırladır ki, XIX əsrdə Böyük Britaniya azad ticarət, dənizlərə nəzarət və güclü funt sterlinq sayəsində dünyanın əsas gücü olmuşdu. Sonradan ABŞ da eyni modeli tətbiq edərək dolları qlobal iqtisadiyyatın mərkəzinə çevirdi.
 
Borclar və hərbi xərclər təhlükə yaradır
 
Məqalədə qeyd olunur ki, son onilliklərdə Vaşinqtonun siyasəti ABŞ iqtisadiyyatını getdikcə daha ağır borc yükü altına salıb. Xüsusilə Donald Tramp administrasiyaları dövründə proteksionist siyasət, yüksək gömrük rüsumları və artan büdcə kəsiri Amerikanın mövqelərini zəiflədib.
 
"Financial Times" yazır ki, ABŞ-da illik büdcə kəsiri artıq ÜDM-in təxminən 6 faizinə çatır. Bundan əlavə, sosial təminat, səhiyyə və müdafiə xərcləri sürətlə artır. ABŞ Konqresinin Büdcə İdarəsinin proqnozuna görə, dövlət borcu yaxın on ildə rekord həddə yüksələcək.
 
Nəşr hesab edir ki, İranla mümkün böyük müharibə və uzunmüddətli hərbi öhdəliklər Vaşinqtonun maliyyə vəziyyətini daha da ağırlaşdıra bilər. Müəllifin fikrincə, bu proses nəticəsində ABŞ əsas üstünlüklərindən biri olan güclü dolları itirmək riski ilə üzləşə bilər.
 
Çin uzunmüddətli oyun qurur
 
Təhlildə vurğulanır ki, ABŞ-ın digər mühüm dayağı sayılan azad ticarət sistemi də artıq əvvəlki kimi işləmir. Tramp dövründə tətbiq olunan tariflərin Amerika sənayesini gücləndirmək planı gözlənilən effekti verməyib. İqtisadi artımın əsas hissəsi isə süni intellekt sahəsinə yatırılan investisiyalar hesabına qorunur.
 
Məqalədə həmçinin Çin rəhbəri Si Tszinpinin ABŞ ilə rəqabəti "Fukidid tələsi" kontekstində qiymətləndirdiyi qeyd olunur. Müəllif hesab edir ki, Pekin uzunmüddətli strateji plan qurur, halbuki Vaşinqton daha çox qısamüddətli siyasi qərarlarla hərəkət edir.
 
Yeni hegemon kim olacaq?
 
Nəşr yazır ki, investorlar artıq ABŞ-ın artan borcları və iqtisadi problemlərindən ciddi narahatdır. Dollar indeksinin zəifləməsi və uzunmüddətli istiqraz gəlirlərinin artması da bu narahatlığın nəticəsi kimi qiymətləndirilir.
 
Məqalənin ən diqqətçəkən hissəsində isə belə bir fikir irəli sürülür: gələcəkdə dünyanın əsas hegemonu nə ABŞ, nə də Çin olmaya bilər. Müəllifin qənaətinə görə, yeni qlobal güc süni intellekt olacaq və bu texnologiyaya nəzarət edən tərəf gələcəyin əsas hakim qüvvəsinə çevriləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər