“Qardaşımı itirdim, Şuşadakı evini teatra vermişdi, arzularım yarım qaldı” - Xalq artistindən ETİRAF
Ekskluziv
2641
10:25, Bu gün

“Qardaşımı itirdim, Şuşadakı evini teatra vermişdi, arzularım yarım qaldı” - Xalq artistindən ETİRAF

“Ürəyim daim Şuşa ilə döyünür. 3 dəfə “Xarıbülbül” musiqi festivalında iştirak etmişəm. Mənim də, kollektivimizin də ən böyük arzusu Şuşa Dövlət Musiqili Dram Teatrının doğma yurduna qayıtmasıdır. Gözdə-qulağdayıq ki, görəsən teatrımız nə vaxt gedəcək?! Hamı istəyir ki, orada yaşayıb-yaratsın. Mən ilk addımlarımı elə Şuşa səhnəsində atmışam. İnanıram ki, bir gün Şuşanın gözəl havasını nəfəsimizə çəkib, səhnəyə çıxacağıq”.
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Şuşa Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası Şükufə Musayeva deyib.
O daha sonra əlavə edib:
 
“Bu teatr mövsümü bizim üçün ağrılı-acılı hadisələrlə yadda qaldı. Onlardan ən ağırı teatrımızın direktoru Yadigar Muradovu itirməyimiz oldu. Mən nəinki direktorumu-müəllimimi, dostumu, qardaşımı itirdim. O bu teatrın ağır yükünü öz çiyinlərində təkbaşına daşımışdı. Bu teatr indi təmir olunub, vaxtilə “Savalan” kinoteatrı idi. Səhnədə məşq edəndə başımızın üstündə yağış, qar yağırdı. Soyuğun altında titrəyə-titrəyə məşqlər etmişik. Yadigar müəllim Şuşada yaşamağı çox arzulayırdı. Əfsuslar olsun ki, qismət olmadı. Hətta Şuşadakı evini də teatra bağışlamışdı. Nə biz, nə də o inanmırdı ki, bu tezliyində dünyasını dəyişər. Xəstəliyi qəfil ağırlaşdı.. Hər zaman səhnəyə çıxanda gözümün qarşısında obrazı canlanır”.
 
Xalq artisti süni intellektin mədəniyyət sahəsində tətbiqindən də danışıb:
“Sosial şəbəkələrdə adi insanlar artıq özlərini reklam edirlər. Sənətkar da fikirləşir ki, o adi insan ola-ola özünü reklam edirsə, mən sənətdəyəmsə, niyə də etməyim? Bu gün bütün insanlar məşhur olmaq istəyir. Bilmirəm ki, niyə belə olub? Oxuya bilən də oxuyur, oxuya bilməyən də. Oynaya bilən də aktrisadır, oynaya bilməyən də. Süni intellekt çıxandan artıq insanlar bir az da buna meyillənib. Bir neçə ildən sonra belə görürəm ki, insanlara ehtiyac qalmayacaq. Amma teatrda süni intellekt kimi əvəz edə bilər ki?! Kinoda, muzeylərdə, dublyajda lazımdır”.
 
Xalq artisti bildirib ki, bugünlərdə Mədəniyyət Nazirliyində cənab nazirlə görüşü olub:
“Sənət adamları kövrək və həssas insanlardır. Ona görə də onlara daim diqqət və qayğı göstərmək lazımdır. Biz bu diqqəti hər zaman dövlətimiz və nazirlik tərəfindən görürük. Atam-anam olmadığı üçün mən o qayğını dövlətimdən görmüşəm. Bugünlərdə Mədəniyyət Nazirliyində yubiley yaşı tamam olan sənətkarlarla görüşüb, onları təbrik etdilər. Məni də dəvət etmişdilər. Bizi təşəkkürnamə ilə təltif etdilər. Bunun özü insana ruh və böyük xoşbəxtlik verir. Cənab nazir Adil Kərimli bizimlə söhbətində teatrımızın inkişafına təkan verəcək bütün məsələləri müzakirə etdi. Bu insan həqiqətən də teatrımızın gələcəyi üçün çalışır. O bu vəzifəyə təyin olunanda mən öz-özümə dedim ki, “hə, bax bu əsl Mədəniyyət naziridir”.
 
Şükufə Musayeva sənətlə bağlı arzularından da danışıb:
 
“Böyük təntənəli yubiley istəmirəm. Mənim “Zəfərə gedən yol” adlı əsərim var. Bu əsəri səhnələşdirmək istəyirəm. Vətənpərvərlik mövzusundadır. Mən seçdiyim aktyorun bir az çəkilişləri var deyə tamaşa yubanır. Bu əsəri çalışdığım mədəniyyət evində özfəaliyyət aktyorları ilə səhnələşdirmişəm. İndi peşəkar aktyorlarla hazırlamaq istəyirəm. Yəqin ki, sentyabr ayında məşqlərə başlayacağıq, noyabr ayına qədər bitirəcəyik. Arzularım çoxdur, gözəl-gözəl obrazlar oynamaq istəyirəm. Tarixi filmlərlə bağlı da arzularım var. Bu arzularım ürəyimdə qaldı.. Mən uşaqlıqdan kino aktrisası olmaq istəyirdim. Qismət elə gətirdi ki, teatr aktrisası oldum. Biz keçid dövrünə düşdük, müharibə başladı. Kino həyatım yarımçıq qaldı. Yoxsa indiyə qədər 50 filmdə çəkilmişdim. 3 filmə çəkilsəydim ürəyimdəki müəyyən arzulara qismən də olsa çatmış olardım. Aktyorun arzusu filmə çəkilməkdir. Demirəm ki, evim, villam, bahalı avtomobilim olsun?! Onsuz heç vaxt olmayacaq da”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər