“Ermənistanda süni qütbləşmə regional təhlükəsizliyə və sülhə birbaşa təhdiddir” – Deputat
Ekskluziv
534
20:12, Bu gün

“Ermənistanda süni qütbləşmə regional təhlükəsizliyə və sülhə birbaşa təhdiddir” – Deputat

Cənubi Qafqazda geosiyasi rəqabətin yeni mərhələyə keçdiyi bir dövrdə Ermənistanın daxili siyasi gündəmi artıq yalnız ölkədaxili məsələ kimi qiymətləndirilmir. Xüsusilə parlament seçkiləri ərəfəsində informasiya müharibələrinin, xarici təsir mexanizmlərinin və siyasi texnologiyaların aktivləşməsi regionda qüvvələr balansına birbaşa təsir göstərən amilə çevrilib. Bu proses fonunda müxtəlif siyasi mərkəzlərin Ermənistanın gələcək xarici siyasət kursuna təsir etmək cəhdləri həm ölkənin daxili sabitliyi, həm də Azərbaycan-Ermənistan normallaşma prosesinin perspektivləri baxımından ciddi müzakirə mövzusudur.

Maraqlıdır, Ermənistanda yayılan iddia olunan sənədlərdə 2026 seçkiləri öncəsi Paşinyana qarşı koordinasiyalı siyasi və media kampaniyasından, yeni siyasi mərkəzin formalaşdırılması və Rusiya ilə əlaqələrin gücləndirilməsi planlarından bəhs olunur.

Bu məlumatlar Ermənistanda real hakimiyyət dəyişikliyi hazırlığının göstəricisidir, yoxsa ictimai rəyə təsir məqsədi daşıyan siyasi manipulyasiyadır? Bu proses regionda və Azərbaycan-Ermənistan sülh gündəliyində hansı risklər yarada bilər?

Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov açıqlama verib. 

Deputat qeyd edib ki, Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində Rusiya Prezident Administrasiyası və kəşfiyyat strukturları ilə əlaqəli olduğu iddia edilən sənədlərin sızması regionun geosiyasi mənzərəsi baxımından olduqca diqqətçəkəndir:

​"Bu prosesi həm daxili auditoriyaya yönəlmiş siyasi manipulyasiya, həm də uzunmüddətli hakimiyyət dəyişikliyi ssenarisi kontekstində analiz etmək mümkündür. Sözügedən sənədlərin məzmunu və Ermənistanın mövcud daxili siyasi reallıqları göstərir ki, burada hər iki amil bir-birini tamamlayır. Sızan materiallarda əksini tapan sosial şəbəkələrdə "saxta bayraq" əməliyyatları, "Yerevan1" kimi platformalar vasitəsilə mənfi rəyin formalaşdırılması, Paşinyanın Marseldə mülk alması barədə dezinformasiyaların yayılması kimi metodlar klassik hibrid müharibə elementləridir. Burada məqsəd dərhal dövlət çevrilişi etmək deyil, ictimaiyyətdə xaos, inamsızlıq və apatiya yaratmaq ola bilər.

Sənədlər göstərir ki, xarici mərkəzlər hazırda Ermənistanda radikal, küçə hərəkatı ilə hakimiyyət dəyişikliyinin çətin olduğunu anlayırlar. Bu səbəbdən əsas strategiya — Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyasının reytinqini aşağı salmaq, seçkini Paşinyanın şəxsiyyətinə qarşı bir "etimad referendumuna" çevirmək və Rusiyayönümlü rəy liderlərini müxalifət bloklarının seçilə biləcək siyahılarına yerləşdirməkdir. Bu, tam mənada real rejim dəyişikliyi üçün baza hazırlığıdır və ilk növbədə Paşinyan hakimiyyətinin parlamenti tam nəzarətdə saxlamasının qarşısını almaqla Ermənistanı koalisiya hökumətinə və daimi siyasi böhrana sürükləmək hədəflənir. ​Bu cür koordinasiyalı kampaniyalar və Ermənistanın daxili siyasi mühitinin süni şəkildə qütbləşdirilməsi regional təhlükəsizliyə və sülh prosesinə birbaşa təhdid yaradır".

Bəhruz Məhərrəmov vurğulayıb ki, məlumdur ki, ​Paşinyan öz seçki kampaniyasını "sülh və suverenlik" tezisləri, eləcə də Qərbin dəstəklədiyi regional infrastruktur layihələri üzərində qurub:

"Müxalifətin və xarici hibrid mərkəzlərin əsas təbliğat xətti isə Paşinyanı "güzəştlərə gedən və Ermənistanın təhlükəsizliyini məhv edən" rəhbər kimi qələmə verməkdir. Bu təzyiq altında Paşinyan hökuməti daxili auditoriyanın reaksiyasından qorxaraq Azərbaycanla delimitasiya, demarkasiya və sülh müqaviləsinin imzalanması prosesində daha qətiyyətsiz bəyanatlar verməyə və prosesi seçkidən sonrakı dövrə qədər dondurmağa məcbur ola bilər. Habelə sənədlərdə qeyd olunduğu kimi, "anti-Paşinyan" şəbəkəsinin genişləndirilməsi və cəmiyyətdə radikal ritorikanın artırılması Ermənistanda revanşist qüvvələrin mövqeyini gücləndirir. 

Bu qüvvələrin parlamentdə fraksiya və ya koalisiya ortağı kimi yer alması gələcəkdə əldə olunacaq sülh razılaşmalarının legitimliyini Ermənistan daxilində daimi şübhə altına qoyacaq. Digər tərəfdən ​Ermənistanda siyasi qeyri-sabitliyin dərinləşməsi Cənubi Qafqazda böyük güclərin rəqabət poliqonunu daha da genişləndirir. Xüsusilə regional kommunikasiyaların açılması və beynəlxalq tranzit marşrutlarının təhlükəsizliyi məsələsi hibrid hücumların hədəfinə çevrilə bilər. ​Yəni əminliklə demək mümkündür ki, bu sənədlərin ortaya çıxması təkcə manipulyasiya deyil, həm də Ermənistanın xarici siyasət vektorunu yenidən Moskvaya bağlamaq istəyən qüvvələrin uzunmüddətli strateji planının bir hissəsidir".

Pərvin Şakirqızı

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər