“Hazırda Türkiyədə ciddi bir hüquqi-siyasi böhran yaşanır...”- Əli Əskərli
Ekskluziv
360
10:03, Bu gün

“Hazırda Türkiyədə ciddi bir hüquqi-siyasi böhran yaşanır...”- Əli Əskərli

 
 
“Bu gün müşahidə etmək olur ki, Türkiyədə Ərdoğandan daha populyar bir siyasətçinin meydana çıxmasına imkan vermək istəməyən qüvvələr var...”
 
“İmamoğluna qarşı istifadə edilən hüquqi əsaslar Türkiyə cəmiyyətinin hamısının vicdanı tərəfindən qəbul olunmur...”
 
“Bütün bu qarışıq proseslərin nəticədə hakim partiya AKP-yə və Prezident Ərdoğana xidmət edib-etməyəcəyi isə hələ tam aydın deyil...”
 
“Türkiyənin ana müxalifət partiyası – Cümhuriyyət(Respublika) Halq(Xalq) Partiyası (CHP) – həm də Türkiyənin ən qədim siyasi partiyasıdır. Ona zaman-zaman “Atatürkün partiyası” da deyirlər. Türkiyənin hakim  – Ədalət və İnkişaf Partiyası (AKP) – 2002-ci ildən hakimiyyətdədir. Son illərdə AKP-yə seçici dəstəyi xeyli dərəcədə azalıb. Bu həm son bələdiyyə seçkilərində, həm də prezident seçkilərində özünü göstərdi. Bələdiyyə seçkilərində AKP demək olar ki, bütün böyük şəhərləri CHP-yə uduzdu. Prezident seçkilərində isə Ərdoğan CHP-nin namizədi Kamal Kılıçdaroğlunu çox kiçik fərqlə məğlub etdi.” 
 
Bu fikirləri Moderator.az əməkdaşının "Türkiyədə ana müxalifət- CHP daxilində və ətrafında baş verənləri necə şərh edərdiniz?” sualını cavablandırarkən ABŞ-da yaşayan siyasi təhlilçi Əli Əskərli ifadə edib.
 
“Analitiklərin anketlərə əsaslanan qiymətləndirmələrinə görə, əgər Kılıçdaroğlunun yerinə İstanbul bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu və ya Ankara bələdiyyəsinin başçısı Mansur Yavaş namizəd olsaydı, nəticə Ərdoğanın əleyhinə ola bilərdi. Buna ehtimal verən nüfuzlu şəxslər həm partiya daxilində, həm də ictimaiyyət arasında Kılıçdaroğluna təsir etməyə çalışırdılar. Amma Kılıçdaroğlu öz namizədliyində israr etdi. Uduzduqdan sonra da bir müddət partiya sədrliyində qalmaq üçün inad göstərdi. Bundan sonra ona qarşı təzyiqlər daha da artdı və o, 2023-cü ildə keçirilən qurultayda yerini Özgür Özələ uduzdu.
 
Özgür Özəl CHP başqanı seçildikdə o qədər də təcrübəli siyasətçi təsiri bağışlamırdı. Bir çoxları onun Əkrəm İmamoğlunun təsiri altında olduğunu iddia edirdi. İmamoğlunun nüfuzu artdıqca iqtidar partiyasının narahatlığı da artırdı və nəticədə İmamoğlu həbs olundu. İmamoğluna qarşı istifadə edilən hüquqi əsaslar Türkiyə cəmiyyətinin hamısının vicdanı tərəfindən qəbul olunmur. Təbii ki, həmin əsaslara inananlar da az deyil. İmamoğlunun tutulması ilə Ərdoğanın ən əsas rəqiblərindən biri sıradan çıxmış oldu”, - davamında həmsöhbətimiz bildirib.
 
Siyasi təhlilçi hesab edir ki, hazırda Türkiyədə ciddi bir hüquqi-siyasi böhran yaşanır:
 
“Lakin son zamanlar Özgür Özəl sürətlə populyarlaşmağa başladı. O populyarlaşdıqca iqtidar partiyası Kılıçdaroğluna qarşı daha yumşaq münasibət göstərməyə başladı. Bu isə son nəticədə CHP-nin 2023-cü il qurultayının məhkəmə tərəfindən etibarsız sayıla biləcəyi ilə bağlı qərarla nəticələndi. Beləliklə, biz bu gün Türkiyədə ciddi bir hüquqi-siyasi böhran vəziyyətini müşahidə edə bilirik. CHP daxilində və ətrafında baş verənlər təkcə partiyadaxili böhran deyil. Bu, Türkiyə müxalifətinin gələcək istiqaməti uğrunda mübarizədir. Təəssüf ki, bu məsələ ilə birlikdə biz Türkiyədə hüquq və demokratiya problemlərinin olduğunu müşahidə edə bilirik. Ən azından belə problemlərin mövcud olduğuna dair ciddi şübhələrin yaranmasına səbəb olan çoxsaylı hadisələrin baş verdiyi açıq görünür...”
 
“Bu gün müşahidə etmək olur ki, Türkiyədə Ərdoğandan daha populyar bir siyasətçinin meydana çıxmasına imkan vermək istəməyən qüvvələr var. Burada Əkrəm İmamoğlu və Özgür Özəl faktoru mühüm rol oynayır. İmamoğlu son illərdə müxalifətin ən güclü və seçki qazana bilən simasına çevrilmişdi. Bu isə həm hakimiyyət daxilində, həm də CHP içində müəyyən narahatlıqlar yaratmışdı. CHP tarixən daha kollektiv və partiya mərkəzli struktura malik olub. İmamoğlu isə daha çox xarizmatik və geniş koalisiya qura bilən siyasətçi modelini təmsil edirdi. O tutulduqdan sonra ona yaxın olan Özəl daha çox ön plana çıxmağa başladı. Onların hər ikisi uzun müddətdir ideoloji keçid yaşayan CHP-ni yenidən hakimiyyətə daşımaq üçün güc toplamağa başlamışdılar. Partiyanı klassik kemalist-elitar şəhər partiyası modelindən çıxarıb daha geniş sosial bazaya açmağa çalışan bu şəxslərin müəyyən şəkildə siyasətdən uzaqlaşdırılmasına çalışıldığı barədə fikirlər geniş yayılıb”, - siyasi şərhçi belə deyib.
 
“Gedən proseslər onu göstərir ki, Türkiyədə siyasət çox yüksək qütbləşmə içindədir. CHP-də baş verənlər bir çoxları tərəfindən daha geniş siyasi təzyiq kampaniyasının bir hissəsi kimi qiymətləndirilir. Hazırda Türkiyə müxalifəti üzərində ciddi hüquqi-siyasi təzyiqlərin olduğu barədə müzakirələr daha da güclənib. Bütün bu qarışıq proseslərin nəticədə hakim partiya AKP-yə və Prezident Ərdoğana xidmət edib-etməyəcəyi isə hələ tam aydın deyil”- deyə Əli Əskərli vurğulayıb.
 
Sultan Laçın
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər