Doğrudanmı trilyoner olmağa hazırlaşan Maskın sərvəti Rotşildlər və ya Rokfellerlərinkindən çoxdur?..-ŞƏRH  
Ekskluziv
318
10:10, Bu gün

Doğrudanmı trilyoner olmağa hazırlaşan Maskın sərvəti Rotşildlər və ya Rokfellerlərinkindən çoxdur?..-ŞƏRH  

“Müasir dünya tək bir ailənin iradəsi ilə idarə olunmur. Burada dövlətlər, mərkəzi banklar, korporasiyalar, beynəlxalq institutlar, media və texnoloji platformalar bir-biri ilə rəqabət içindədir...”
 
“Tarixi elit ailələr müəyyən dövrlərdə siyasətə, maliyyəyə və beynəlxalq münasibətlərə ciddi təsir göstərmiş ola bilərlər... Lakin bu, onların “gizli dünya hökuməti” və ya “üst ağıl” kimi işlədiyini və dünyanı idarə etdiyini sübut etmir...”
 
“Xəbərlər yayılır ki, İlon Mask dünyanın ilk trilyoneri ola bilər. Halbuki hələ 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərindən konspiroloji hesab edilən bir çox materiallarda tarixin ilk milyarderi olmuş Con Rokfellerin ailəsinin, yaxud elə onlarla bərabər səviyyədə dünyada tanınan Rotşildlərin varidatının bir neçə trilyon dollara bərabər olduğu göstərilirdi. Həmin ailələrin əslində pərdəarxası dünyadakı siyasi, iqtisadi, proseslərə yetərincə təsir göstərdiyi, o cümlədən I Cahan savaşından 1 il öncə ABŞ Federal Ehtiyat Sisteminin yaradıcılarından olduğu bildirilir. Amma maraqlıdır ki, onların adları rəsmi tədbirlərdə və beynəlxalq mediada çox nadir hallarda çəkilir. Əvəzində dünən-srağagün meydana çıxmış Masklar, Bezoslar, az qala, dünyanın sahibləri kimi təqdim edilir. Bəlkə bunun özü bir manipulyasiyadır?..
 
ABŞ-da yaşayan və bu mövzuda daha məlumatlı ola biləcək biri kimi siz necə düşünürsüz: doğrudanmı Rotşildlərin, yaxud Rokfellərin varidatı, onların dünya proseslərinə təsiri Maskınkından, Becosunkundan azdır?.. Yoxsa gerçəkdən həmin ailələrin dünyaya təsirinin şişirdilməsi konspirologiyadır?..”
 
Bu suallarla müraciət etdiyimiz Amerikada yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Əli Əskərli Moderator.az-a  açıqlamasında aşağıdakı fikir və mülahizələri ifadə edib:
 
“Bəli, son günlər İlon Maskın dünyanın ilk trilyoneri ola biləcəyi barədə xəbərlər yenidən kapital, güc və sərvət mövzularını gündəmə gətirib. Bu tip xəbərlər təbii olaraq bir sual doğurur: əgər bir neçə müasir milyarder sərvətinə görə dünyanın ən güclü insanları kimi təqdim olunursa, bəs tarix boyu adı çox az çəkilən Rokfeller və Rotşild kimi ailələrin rolu bundan azmı olub? Onların həqiqətən dünya proseslərinə təsiri olub, yoxsa bu təsirlər daha çox konspiroloji və spekulyativ təsəvvürlərin məhsuludur?..
 
Əvvəlcə bir şeyi ayırd etmək lazımdır: sərvət ilə təsir eyni anlayış deyil. Bir insanın və ya ailənin nə qədər varlı olduğunu onların varlığının bazar dəyəri, şirkətlərin səhmləri, investisiyaları və aktivləri üzərindən müəyyənləşdirmək mümkündür. İlon Mask, Bezos və bəzi başqa müasir milyarder fiqurların gücü əvvəlkilərə nisbətdə daha çox açıq görünür. Onların media görünürlüyü çox yüksəkdir. Amma tarixi ailələr məsələsində vəziyyət fərqlidir. Onların gücü çox vaxt birbaşa mülkiyyət formasında deyil, bankçılıq, fondlar, siyasi əlaqələr, xeyriyyə şəbəkələri və elit çevrələr vasitəsilə işləyib. Yəni burada söhbət görünən sərvətdən çox, gizli və ya dolayı nüfuzdan gedir... 
 
Buna baxmayaraq, “Rokfellerlər dünyanı idarə edir” və ya “Rotşildlərin sərvəti bir neçə trilyon dollardır” kimi iddialar ehtiyatla, hətta şübhə ilə qarşılanmalıdır. Çünki bu cür rəqəmlər çox vaxt dəqiq sənədlərə deyil, təxminlərə, şişirtmələrə və simvolik nüfuz anlayışına əsaslanır. Hətta bəzi ailələr tarixən böyük maliyyə gücünə malik olsalar belə, onların təsirini sonsuz və hər şeyi əhatə edən bir qüvvə kimi təqdim etmək olduqca sadələşdirilmiş yanaşmadır. Müasir dünya tək bir ailənin iradəsi ilə idarə olunmur. Burada dövlətlər, mərkəzi banklar, korporasiyalar, beynəlxalq institutlar, media və texnoloji platformalar bir-biri ilə rəqabət içindədir...
 
Məncə, daha real baxış budur: tarixi elit ailələr müəyyən dövrlərdə siyasətə, maliyyəyə və beynəlxalq münasibətlərə ciddi təsir göstərmiş ola bilərlər. Bu təsir bəzən dövlət qurumları ilə yaxın əlaqələr, bəzən də kapitalın uzunmüddətli strategiyası vasitəsilə formalaşıb. Lakin bu, onların “gizli dünya hökuməti” və ya “üst ağıl” kimi işlədiyini və dünyanı idarə etdiyini sübut etmir... 
 
Nəticə olaraq demək olar ki, nə müasir milyarderlərin gücü tam şişirdilməlidir, nə də tarixi ailələrin təsiri tam konspiroloji kateqoriyaya atılmalıdır. Doğru mövqe ortadadır: Mask və Bezos kimi şəxslər bu gün açıq, ölçülə bilən və görünən kapitalın nəhəng simalarıdır. Rokfeller və Rotşild kimi ailələr isə tarixi proseslərə dolayı yolla təsir göstərmiş elit ailələr kimi anlaşılmalıdır. Ən sağlam yanaşma faktla fərziyyəni bir birindən ayırmaq, gücün necə işlədiyini isə şübhə ilə analiz etməkdir...”
 
Təqdim etdi:
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər