“Tehranın “əlavə cəbhələr” mesajı genişmiqyaslı müharibə riskinə işarədir” – Siyasi ekspert
Ekskluziv
352
15:51, Bu gün

“Tehranın “əlavə cəbhələr” mesajı genişmiqyaslı müharibə riskinə işarədir” – Siyasi ekspert

Yaxın Şərqdə onsuz da həssas olan təhlükəsizlik balansı ABŞ–İran qarşıdurmasının yeni mərhələyə keçməsi ehtimalı fonunda daha da gərginləşir. Tehrandan səsləndirilən “əlavə cəbhələr” mesajı münaqişənin lokal çərçivədən çıxaraq daha geniş coğrafiyaya yayılması riskini yenidən gündəmə gətirib. İran rəhbərliyi açıq şəkildə mesaj verir ki, mümkün hərbi təzyiqlərə cavab yalnız bir istiqamətlə məhdudlaşmayacaq.

Maraqlıdır, İranın ali rəhbəri Müctəba Xamenei tərəfindən səsləndirilən “əlavə cəbhələr” mesajı region üçün real hərbi təhlükə hesab oluna bilərmi, yoxsa Tehran daha çox psixoloji təzyiq və çəkindirmə strategiyasından istifadə edir? ABŞ və İsrailin mümkün reaksiyası Yaxın Şərqdə hansı yeni geosiyasi risklər yarada bilər?

Mövzu ilə bağlı Moderator.az-a siyasi ekspert Elçin Xalidbəyli açıqlama verib.

Ekspert bildirib ki, rəsmi Tehranın “əlavə cəbhələr” mesajı kifayət qədər təhlükəli və riskli ssenaridən xəbər verir:

“Bir müddət əvvəl ABŞ Prezidenti İrana qarşı daha dağıdıcı zərbələrin endirilə biləcəyini bəyan etmişdi. O, eyni zamanda vurğulamışdı ki, İranın nüvə obyektləri yenidən hədəfə alına bilər və elə ağır zərbələr endirilər ki, bu, İran üçün çox ciddi nəticələr doğurar. Bu isə onu göstərir ki, Tehran siyasi və diplomatik müqaviməti davam etdirdikcə, Vaşinqtonun hərbi ssenarini ön plana çıxarma ehtimalı artır. Rəsmi Tehranın “əlavə cəbhələr” mesajı da məhz bu təhlükəyə qarşı alternativ cavab variantı kimi gündəmə gətirilir.

Burada ilk növbədə ABŞ-yə qarşı çəkindirmə strategiyasından istifadə olunur. Ancaq bu, yalnız ritorika da sayılmamalıdır. İranın Yaxın Şərqdəki proksi qüvvələri tam sıradan çıxarılmayıb və Tehran həmin qüvvələri yenidən aktivləşdirə bilər. Bu da “əlavə cəbhələr” mesajının əsas elementlərindən biridir. Daha təhlükəli məqam isə ondan ibarətdir ki, əgər ABŞ həqiqətən də İrana, xüsusilə nüvə obyektlərinə qarşı yenidən dağıdıcı zərbələr endirərsə, o zaman rəsmi Tehranın mesajı daha genişmiqyaslı regional müharibə ssenarisinə çevrilə bilər.

İran artıq açıq şəkildə bəyan edib ki, ölkəyə qarşı hərbi əməliyyatlar bərpa olunarsa, münaqişəni daha geniş coğrafiyaya yaymağa çalışacaq. Bu halda Yaxın Şərqin bir çox ölkəsi mümkün qarşıdurmanın təsiri altına düşə bilər. Bu isə regional savaşın daha geniş miqyas alması deməkdir. Ona görə də hesab etmək olar ki, Tehranın “əlavə cəbhələr” mesajı yaxın gələcəkdə İran ətrafında daha genişmiqyaslı müharibə riskinin yarana biləcəyinə işarə edən ciddi xəbərdarlıq xarakteri daşıyır”.

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər