17 may tarixində Bakıda start götürən və mayın 22-nə qədər davam edəcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) elə ilk gündən rəngarəng və optimal çıxışlarla yadda qalmaqdadır. Forumda iştirak edən ölkələrin təmsilçiləri öz ölkələrinin təcrübəsindən söz açmaqla yanaşı, yeni şəhərsalma ənənəsinin formalaşmasının vacibliyinə toxunur, bu ənənəni formalaşdıracaq bir-birindən maraqlı fikir və ideyalar səsləndirirlər. Hansı ki, tarixən zəngin şəhərsalma ənənəsi ilə tanınan, 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra isə işğaldan azad edilən ərazilərdə bütöv şəhərlər və yaşayış komplekslərinin inşasına başlayan Azərbaycanın bu sahədə daha böyük təcrübəyə malik olduğu şübhəsizdir.
Azərbaycanın işğaldan azad edilən ərazilərdəki şəhərsalma təcrübəsi bütün dünya üçün nümunədir
Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsi başa çatar-çatmaz işğaldan azad edilən ərazilərin mina və digər hərbi sursatlardan təmizlənməsi prosesi ilə paralel şəkildə müasir yaşayış məntəqələrinin inşası prosesini həyata keçirib, bu istiqamətdə tarixi uğurlara imza atıb.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən quruculuq prosesi üçün səciyyəvi cəhətlərdən biri dağıdılan yaşayış məntəqələrinin bərpası ilə yanaşı, həm də bütöv şəhərlərin və yaşayış komplekslərinin inşasıdır. Məsələn, Azərbaycan dövləti Şuşa şəhərində bir sıra tarixi bina və kompleksin bərpası ilə yanaşı, yeni yaşayış kompleksləri inşa edib, bu yaşayış komplekslərinin bir qisminə keçmiş məcburi köçkünlərin məskunlaşmasını təmin edib. Lakin ermənilər tərəfindən tamamilə dağıdılan və “ruhlar şəhəri” kimi xarakterizə edilən Ağdam şəhəri isə küll halında yenidən inşa olunmaqdadır. Belə ki, Ağdam şəhəri ilə bağlı baş plan hazırlanıb və bu plana uyğun olaraq şəhərin müasir tələblər əsasında yenidən inşasına start verilib. Bu baxımdan millət vəkili Anar Məmmədovun mediaya verdiyi açıqlama Ağdamda görülən işlərin miqyasını təxmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Millət vəkili hələ 2024-cü ilin sonlarında mediaya verdiyi açıqlamada deyib:
“Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələri salınır. Ağdam şəhəri elə bir layihə ilə qurulur ki, onun dünyada bənzəri olmayacaq. Təbii ki, bütün bunlar ağdamlıların böyük sevincinə və gələcək arzularına qol-qanad verir. Bəli, artıq Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Burada aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə dövlətimizin başçısı şəxsən özü nəzarət edir. Bu mənada Prezident İlham Əliyevin bu rayona hər səfəri aparılan yenidənqurma işlərinə yeni töhfələr verməkdədir”.
Xatırladaq ki, 2024-cü ildən bugünə qədər Ağdamda yeni layihələr həyata keçirilib ki, bu layihələrin hər biri müasir şəhərsalma fəlsəfəsi baxımından mühüm yenilik hesab edilə bilər.
Müasir şəhərsalma fəlsəfəsinin ölümsüz nümunələri...
Azərbaycanın işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi şəhərsalma fəaliyyətinə xas xarakterik xüsusiyyətlərdən biri də, osial və inzabati obyektlərin inşası zamanı bütün müasir tələb və ehtiyacların nəzərə alınması, infrastruktur və kommunikasiya vasitələrinin də yeni tələblər əsasında formalaşdırılmasıdır. Bu baxımdan Prezident İlham Əliyevin 10 may 2026-cı il tarixində Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı məlum çıxışı zamanı deyib:
“Yaxşı, 30 il bu Zəngilan onların əlində idi, daşı-daş üstə qoyardılar da əgər bu, onların torpağıdırsa. Zəngilanın o dağılmış məscidini biz konservasiya etmişik, orada da kiçik bir fotosərgi təşkil etmişik ki, heç kim unutmasın nə günə salmışdılar onlar bizim dini-tarixi abidələrimizi. Bu onların idisə, tikib qurardılar da. Cəmi beş il keçib, təkcə Zəngilan yox, görün, hər yerdə quruculuq işləri aparılır - yollar, körpülər, elektrik stansiyaları, su anbarları, köçkünlər üçün evlər, məktəblər tikilir. Bax, sahiblər belə edər. Talançı, işğalçı isə gələr sökər, dağıdar. Amma nə qədər söksələr də, yenə də bizim iradəmizi qıra bilmədilər. Biz qayıtmalı idik və qayıtmışıq bu torpaqların sahibləri kimi. İndi də qurub-yaradırıq, o cümlədən Zəngilan rayonunda. Bu, şəhərdə birinci yaşayış məhəlləsidir, hələ ikinci, üçüncü olacaq. Bu layihələrin bəziləri təsdiqləndi, bəziləri indi təsdiqlənəcək, inşaat gedəcək. Zəngilanda ermənilər tərəfindən dağıdılmış dediyim o məscidin yanında gözəl, bəlkə də ölkəmizin ən gözəl məscidlərindən biri olan Zəngilan məscidini inşa etdik. Zəngilanda, əslində, birinci yaşayış məntəqəsi qurulmuşdur, Ağalı kəndində. Bu da demək olar ki, Zəngilana xüsusi münasibətin əlaməti idi. İndi onun yanında Məmmədbəyli kəndi salınıbdır. Şəhər genişlənəcək.
Zəngilanda hava limanı, konqres mərkəzi fəaliyyət göstərir. Yenə də azad edilmiş ərazilərdə birinci kənd təsərrüfatı müəssisəsi - "Dost Aqropark" məhz Zəngilanda yaradılmışdır və mənə verilən məlumata görə, artıq o, öz hədəfinə çatır. Çünki hədəfi 10 min baş cins mal-qara idi, bu hədəfə artıq yaxındır, 6 min hektara yaxın torpaqda da işlər gedir”. (//president.az/az/articles/view/72343 ).
Prezidentin məlum çıxışı Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə özünəməxsus müasir şəhərsalma ənənəsi formalaşdırdığını, bu ənənənin çağdaş şəhərsalma fəlsəfəsinin ölümsüz nümunələri olduğunu göstərir. Həmçinin, işğaldan azad edilən ərazilərdə görülən bütün bu işlər onu göstərir ki, dövlətimiz yaşayış məntəqələrinin və infrastrukturların inşası zamanı insanların ən xırda ehtiyaclarını belə böyük həssaslıqla nəzərə alıb, bu məsələdə kompleks yanaşma ortaya qoyub. Hansı ki, bu, WUF13 çərçivəsində xarici qonaqlar, əcnəbi mütəxəssislər təərfindən ən çox qabardılan məsələlərdən biridir.
Bir sözlə, hazırda Bakıda davam edən Forum və bu Forumda səslənən çağırışlar sübut edir ki, Azərbaycanın müasir şəhərsalma fəlsəfəsi dünyamızın mövcud şəhərsalma ənənəsini əhəmiyyətli şəkildə qabaqlayıb və özündə bu günlə yanaşı, həm də gələcəyin çağırışlarını əks etdirir. Bu baxımdan, dünya dövlətlərinin Azərbaycanın işğaldan azad edilən ərazilərdəki şəhərsalma təcrübəsini öyrənməsi bəşəriyyətin rifahı baxımından mühüm əhəmiyyətə malikdir və bu təcrübənin lazımınca qiymətləndirilməsinə ciddi ehtiyac var.
Seymur ƏLİYEV