Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Yunanıstan iki ölkə arasında hərbi və müdafiə əməkdaşlığının gücləndirilməsinə yönəlmiş anlaşma memorandumu imzalayıb.
Moderator.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Qeyd olunub ki, sənəd BƏƏ-nin müdafiə işləri üzrə naziri Məhəmməd bin Mübarək bin Fadel Əl-Məzrui və onun yunanıstanlı həmkarı Nikos Dendiasın görüşü zamanı imzalanıb.
Görüş zamanı tərəflər müdafiə və hərbi sahələrdə əməkdaşlığın inkişaf yollarını, xüsusilə dəniz təhlükəsizliyinin birgə təmin edilməsi, təlimlərin keçirilməsi və hərbi təcrübə mübadiləsini müzakirə ediblər ki, bu da regional təhlükəsizlik və sabitliyin qorunub saxlanılmasına, eləcə də iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsinə töhfə verəcək.
"Hər iki tərəf birgə koordinasiyanın davam etdirilməsinin və müdafiə əməkdaşlığı istiqamətlərinin iki dost ölkənin ümumi maraqlarına cavab verən məcrada inkişaf etdirilməsinin vacibliyini təsdiqləyib", - qurumdan bildirilib.