Ekskluziv
398
14:05, Bu gün

"Biz onlardan daha güclüyük": Kallasın Avropa İttifaqı açıqlaması istehza doğurub - "Politico"

 
Avropa diplomatiyasının rəhbəri iddia edir ki, ABŞ, Rusiya və Çin vahid Avropa İttifaqından çəkinir...
 
Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas ABŞ, Rusiya və Çinin güclü və birləşmiş Avropa İttifaqından narahat olduqlarını bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin "Politico" nəşri yazıb.
 
Nəşr yazır ki, Kallasın bu açıqlamaları həm Avropada, həm də beynəlxalq mediada geniş müzakirələrə səbəb olub. Nəşr istehzalı şəkildə qeyd edir ki, estoniyalı siyasətçi uzun müddətdir reallıqdan bu qədər uzaq görünməyib.
 
"Vaşinqton vahid Avropanı sevmir"
 
Kallas Tallində keçirilən Lennart Meri konfransında çıxışı zamanı bildirib ki, Donald Tramp administrasiyası vahid Avropa İttifaqına mənfi yanaşır, çünki Brüssel artıq Vaşinqtonun hesablaşmalı olduğu geosiyasi gücə çevrilib.
 
Onun sözlərinə görə, ABŞ, Rusiya və Çin ayrı-ayrı Avropa dövlətləri ilə işləməyi daha rahat hesab edir: "Onlar Avropa İttifaqını sevmirlər. Çin də, Rusiya da, ABŞ də. Çünki biz birlikdə hərəkət edəndə onlarla eyni gücə sahib oluruq".
 
Kallas qeyd edib ki, kiçik dövlətlərlə ayrıca danışıqlar aparmaq böyük və koordinasiyalı blokla işləməkdən daha asandır. O hesab edir ki, "sizinlə münasibətlərimiz əladır, amma Avropa İttifaqını sevmirik" tipli açıqlamalar əslində "parçala və hökm sür" strategiyasının tərkib hissəsidir.
 
Avropa daxilində narahatlıq
 
Aİ diplomatiyasının rəhbəri bildirib ki, bəzi üzv dövlətlərin Vaşinqtonla ayrıca əlaqələr qurmağa çalışması onu ciddi narahat edir. Xüsusilə İtaliyanın baş naziri Corca Meloni uzun müddət Avropa ilə ABŞ arasında "körpü" rolunu oynamağa çalışıb.
 
Lakin nəşr yazır ki, bu strategiya Donald Trampın Papa XIV Levə yönəlmiş tənqidlərindən sonra zəifləməyə başlayıb. Kallas Aİ ölkələrini ABŞ ilə ayrıca sövdələşmələrdən çəkinməyə çağıraraq bildirib ki, Avropa maraqları yalnız birlik daxilində qoruna bilər: "Bu güclər Avropa İttifaqını parçalamağa çalışırlar, çünki birlikdə biz daha güclüyük".
 
"Morfi və ya kimyaterapiya"
 
Kallas çıxışında Çinlə münasibətlərə də toxunub. O bildirib ki, Avropa artıq Pekinlə bağlı "diaqnozu" müəyyən edib, amma hələ "müalicə üsulu" barədə razılıq yoxdur. Onun sözlərinə görə, Aİ qarşısında iki seçim dayanır: ya Avropa sənayesinə subsidiyaları artırmaq - bunu o, "morfi dozasını yüksəltmək" adlandırıb, ya da sərt iqtisadi tədbirlərə keçmək.
 
Kallas "kimyaterapiya" adlandırdığı ikinci variant çərçivəsində xarici investisiyalara nəzarət, dövlət satınalmaları və strateji xammal təchizatının diversifikasiyası kimi addımların mümkün olduğunu deyib. Bununla belə, o etiraf edib ki, belə tədbirlər qaçılmaz şəkildə cavab reaksiyasına və iqtisadi ağrılı nəticələrə səbəb olacaq.
 
Trampa qarşı açıq müqavimət
 
Bu arada "The Guardian" yazır ki, Avropa liderləri getdikcə daha açıq şəkildə Donald Trampın siyasətinə qarşı çıxmağa başlayırlar. Nəşrin məlumatına görə, Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer və Corca Meloni son aylarda Vaşinqtonla fikir ayrılıqlarını daha açıq formada nümayiş etdirməyə başlayıblar. Xüsusilə Mersin ABŞ-nin İranla bağlı real strategiyasının olmadığı barədə açıqlaması Avropa ilə Vaşinqton arasında artan siyasi gərginliyin növbəti nümunəsi kimi qiymətləndirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər