“Bakı Türk dünyasında inteqrasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilib” — Deputat
Ekskluziv
373
19:11, Bu gün

“Bakı Türk dünyasında inteqrasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilib” — Deputat

“Türk Dövlətləri Təşkilatı yarandığı ilk illərdə əsasən ortaq tarix, dil və mədəni yaxınlıq üzərində qurulmuş humanitar platforma kimi qəbul olunurdu. Təşkilat çərçivəsində daha çox mədəni əməkdaşlıq, təhsil layihələri, ortaq kimlik məsələləri və humanitar təşəbbüslər ön plana çıxırdı".

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib. 

 Deputat vurğulayıb ki, lakin son illər beynəlxalq münasibətlər sistemində baş verən proseslər göstərir ki, türk dünyası artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyur:

"Prezident İlham Əliyevin Türküstan Zirvə görüşündə səsləndirdiyi mesajlar da Türk Dövlətləri Təşkilatının tədricən praktik geosiyasi əməkdaşlıq platformasına çevrildiyini göstərən mühüm siqnallardan biri kimi qiymətləndirilə bilər. Müasir dövrdə dünya siyasəti dərin transformasiya mərhələsindən keçir. Qlobal nəqliyyat marşrutları uğrunda rəqabət güclənir, enerji təhlükəsizliyi məsələləri beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilir, ənənəvi logistika sistemlərində isə ciddi dəyişikliklər baş verir. Belə bir şəraitdə dövlətlər yalnız siyasi yaxınlıq deyil, həm də iqtisadi və strateji maraqlar əsasında yeni regional əməkdaşlıq platformaları formalaşdırmağa çalışırlar. Məhz bu kontekstdə türk dünyasının rolu və əhəmiyyəti daha da artmaqdadır. Mərkəzi Asiyadan Cənubi Qafqaza qədər uzanan geniş coğrafiya artıq Avrasiya məkanında mühüm bağlantı xəttinə çevrilməkdədir.

 Əgər əvvəllər türk inteqrasiyası daha çox ideoloji və simvolik yanaşma kimi dəyərləndirilirdisə, bu gün artıq siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının konkret mexanizmlərinin formalaşmasından söhbət gedir. Prezident İlham Əliyevin Türküstan Zirvə görüşündə diqqət yetirdiyi əsas məqamlardan biri də məhz praktik əməkdaşlıq istiqamətlərinin ön plana çəkilməsi oldu. Dövlət başçısının çıxışında nəqliyyat dəhlizləri, iqtisadi inteqrasiya, regional təhlükəsizlik, enerji əməkdaşlığı və infrastruktur bağlantılarının gücləndirilməsi xüsusi yer tuturdu. Bu yanaşma Azərbaycanın xarici siyasət kursunun əsas xüsusiyyətlərindən biri olan praqmatik əməkdaşlıq modelini əks etdirir".

Sevinc Fətəliyeva əlavə edib ki, Azərbaycan artıq uzun müddətdir ki, regional proseslərdə yalnız iştirakçı deyil, həm də təşəbbüskar dövlət kimi çıxış edir:

"Bu baxımdan Bakı Türk Dövlətləri Təşkilatı daxilində gedən inteqrasiya proseslərinin əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Xüsusilə nəqliyyat marşrutları məsələsi yeni geosiyasi reallıqlar fonunda strateji əhəmiyyət qazanır. Dünyada ənənəvi logistika istiqamətlərində müşahidə olunan problemlər Orta Dəhlizin rolunu əhəmiyyətli dərəcədə artırıb. Hazırda türk coğrafiyası Şərqlə Qərbi birləşdirən ən perspektivli marşrutlardan biri kimi diqqət çəkir. Bu sistemdə Azərbaycanın mövqeyi isə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında əsas logistika mərkəzlərindən birinə çevrilir.

 Ölkəmizin həyata keçirdiyi iri infrastruktur layihələri regionun iqtisadi xəritəsini dəyişir. Burada söhbət yalnız yükdaşımadan getmir. Eyni zamanda, yeni geoiqtisadi əməkdaşlıq modeli formalaşır və nəqliyyat layihələri uzunmüddətli sabitlik və qarşılıqlı asılılıq elementinə çevrilir. Prezident İlham Əliyevin çıxışlarında nəqliyyat bağlantılarının təhlükəsizlik məsələləri ilə paralel vurğulanması da təsadüfi deyil. Müasir beynəlxalq münasibətlər sistemi göstərir ki, enerji marşrutları, logistika xətləri və kommunikasiya infrastrukturu artıq qlobal təsir imkanlarının əsas alətlərindən birinə çevrilib. Bu baxımdan Türk Dövlətləri Təşkilatı da tədricən yeni siyasi məzmun qazanır. Təşkilat artıq yalnız humanitar əməkdaşlıq platforması deyil, eyni zamanda regional sabitlik, iqtisadi dayanıqlılıq və strateji maraqların uzlaşdırılması mexanizmi kimi çıxış etməyə başlayır. Xüsusilə, türk dövlətləri arasında xarici çağırışlara qarşı koordinasiyalı yanaşmanın güclənməsi diqqət çəkir".

 Millət vəkili bildirib ki, söhbət klassik hərbi-siyasi blok modelindən getməsə də, ortaq maraqlar əsasında strateji əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşdırılması prosesi açıq şəkildə müşahidə olunur:

"Bu proses qlobal geosiyasi rəqabətin dərinləşdiyi şəraitdə daha da aktuallaşır. Cənubi Qafqaz və Mərkəzi Asiya böyük güclərin maraq toqquşmasının əsas məkanlarından birinə çevrilir. Nəqliyyat marşrutları uğrunda rəqabət güclənir, enerji təhlükəsizliyi məsələləri daha həssas xarakter alır, regionda siyasi təsir uğrunda mübarizə genişlənir. Belə bir şəraitdə türk dövlətləri arasında strateji koordinasiyanın əhəmiyyəti daha aydın görünür. Bu prosesdə Azərbaycanın rolu isə xüsusi olaraq seçilir.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Azərbaycan həm öz milli maraqlarını qorumaq qabiliyyətini nümayiş etdirdi, həm də regionda yeni siyasi gündəmin formalaşmasında aparıcı aktora çevrildi. Bu gün məhz həmin amillər Azərbaycanın türk dünyasında artan təsirini şərtləndirir. Azərbaycanın mövqeyi yalnız siyasi faktorlarla bağlı deyil. Bakı inteqrasiya proseslərinin bütün iştirakçıları üçün qarşılıqlı fayda yaradan konkret əməkdaşlıq modelləri təqdim edir.

Enerji layihələri, nəqliyyat infrastrukturu, rəqəmsal bağlantılar və Orta Dəhlizin inkişafı Azərbaycanın müasir Avrasiya məkanında əsas mərkəzlərdən birinə çevrilməsini təmin edir. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı da bu prosesdə mühüm rol oynayır. Hazırda türk dünyası daxilində müşahidə olunan inteqrasiya meyillərinin əsas dayaqlarından biri məhz Bakı-Ankara əməkdaşlığıdır. Bu əməkdaşlıq artıq yalnız ikitərəfli münasibətlər çərçivəsini aşaraq daha geniş regional inteqrasiya modelinə çevrilməkdədir. Eyni zamanda, Azərbaycanın balanslaşdırılmış və çoxşaxəli xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir.

 Bakı həm türk dövlətləri, həm Avropa, həm Çin, həm də Yaxın Şərq ölkələri ilə fəal əməkdaşlıq münasibətləri qurur. Bu isə Azərbaycanın regionda ən müstəqil və çevik siyasi aktorlardan biri kimi çıxış etməsinə imkan yaradır. Bütün bunların fonunda Bakı artıq təkcə türk dünyasının inteqrasiyasının iştirakçısı deyil, həm də onun strateji istiqamətlərini müəyyən edən əsas mərkəzlərdən biri kimi qiymətləndirilir. Azərbaycan nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi, iqtisadi inteqrasiya və regional dayanıqlılıq məsələlərində təşəbbüskar mövqedən çıxış edir. Əslində, bu gün türk dünyasında baş verən proseslər simvolik yaxınlıq mərhələsindən praktik strateji əməkdaşlıq mərhələsinə keçidin göstəricisidir.

 Prezident İlham Əliyevin Türküstan Zirvə görüşündə səsləndirdiyi mesajlar da məhz bu yeni mərhələnin siyasi mahiyyətini əks etdirir. Bu baxımdan, yaxın illərdə Azərbaycanın türk dünyasının gələcək siyasi və iqtisadi arxitekturasında rolunun daha da güclənəcəyi istisna deyil. Çünki müasir türk inteqrasiyası artıq daha çox praktik layihələr, iqtisadi qarşılıqlı asılılıq, nəqliyyat-logistika imkanları və strateji praqmatizm üzərində qurulur. Azərbaycan isə bu istiqamətlərin hər birində əsas aktorlardan biri kimi çıxış edir”.

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər