Londonda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin təqdimatı olub. Britaniya Film və Televiziya Sənətləri Akademiyasının “Princess Anne Theatre” zalında keçirilən təqdimatda Bakı Media Mərkəzinin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva, prodüser Orman Əliyev, rejissor Zaur Qasımlı, Xalq artisti Pərviz Məmmədrzayev, Britaniyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də xarici ölkələrin diplomatik korpusunun təmsilçiləri iştirak ediblər.
Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Hacı Zeynalabdin Tağıyev heç şübhəsiz Azərbaycan xalqının böyük, görkəmli şəxsiyyələrindən biridir. O, öz ağlı, xeyirxahlığı, humanizmi, vətənpərvərliyi ilə Azərbaycan xalqına məxsus ali dəyərləri əks etdirir. Daha geniş aspektdən yanaşsaq, Hacı Zeynalabdin Tağıyev şəxsiyyətinin özü bizim üçün bir dəyərdir və bu dəyərin təbliği əslində xalqımızın təbliği deməkdir.

Bu baxımdan, Bakı Media Mərkəzinin rəhbəri hörmətli Arzu Əliyevanın baş prodüserliyi ilə Hacı Zeynalabdin Tağıyevlə bağlı belə bir filmin hazırlanması olduqca təqdirəlayiqdir. Bu, xalqımız, dövlətimiz, eləcə də tariximiz və mədəniyyətimiz qarşısında böyük bir xidmətdir. Çünki bu filmlə biz həm də öz tariximizi, mədəniyyətimizi təbliğ edir, onu incəsənətin vasitəsi ilə yaşadırıq. Mən başda Arzu xanım olmaqla filmin bütün yaradıcı heyətinə təşəkkür edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
Hesab edirəm ki, gələcəkdə digər tarixi şəxsiyyətlərimizlə bağlı da bu cür filmlər çəkilməli, bütün dünya Azərbaycan xalqının necə böyük oğullara sahib olduğunu görməlidir”.
Seymur ƏLİYEV