“Netanyahunu başa salmaq lazımdır ki, sabah ABŞ İranla dil tapsa, İsraili susdurub üzüyola bir dövlətə çevirəcək...”
Ekskluziv
344
12:12, Bu gün

“Netanyahunu başa salmaq lazımdır ki, sabah ABŞ İranla dil tapsa, İsraili susdurub üzüyola bir dövlətə çevirəcək...”

“Trampın Çin səfəri ilə paralel “BRİKS” ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib. Bu, təsadüfdürmü?..” 
 
“BRİKS” sammitinin iqtisadi mahiyyətini təhlil etsək, görərik ki, Hörmüzün  blokadası hər şeydən əvvəl bu ölkələr birliyinin statusunu iqtisadi çərçivədən çıxarıb, daha da siyasiləşdirir və bu ölkələr birliyinin ABŞ-a qarşı  müqavimətinin artırır. Çinə də elə bu lazımdır ki...”
 
“Amerika bir anın içində Krımın işğalının qarşısını ala bilərdi. Niyə almadı? Çünki ABŞ analitikləri Ukrayna müharibəsini hazırlayırdılar. Və bir həqiqət də odur ki, ABŞ yeganə ölkədir ki, dünyasının harasındasa bir müharibə törətməsə, inkişafdan qalar...”
 
Siyasi analitik Tahir Cəfərli ilə Moderator.az üçün budəfəki söhbətimizdə ABŞ prezidentinin Çinə səfəri, bu səfərin ABŞ-İran qarşıdurmasına mümkün təsirləri, Hörmüz boğazında yaranmış durumun region və dünyada baş verənlərə təsirinin mahiyyəti və perspektivi və s. haqda danışdıq.
 
(Əvvəli burada:)
 
-Elementar bir sual: Hörmüz körfəzində baş verən hadisələrin arxasında nə durur və bu çox dərin konfliktə keçə bilərmi? 
 
-Bu sualın cavabını Hörmüzün bağlı qalmasının ABŞ-ın hansı iqtisadi marağından irəli gəlməsində axtarmaq lazımdır. Son silahlı toqquşmalarının arxasında hansı iqtisadi marağın durduğunu bilməsək və bu hadisələrə düzgün qiymət verməsək, bütün proqnozlarımız düzgün çıxa  bilməz.
 
Hər şeydən əvvəl biz ABŞ-ın Yaxın Şərqdən, İrandan və indi Hörməz körfəzindən nə istədiyini dəqiqləşdirməliyik. 
Bunun səbəbinin İranın uranın zənginləşdirməsini düşünmək gülüncdür. İran İslam Respublikası yaranan gündən bu amil ABŞ prezidentlərinin əlində bəhanədir. Həqiqət isə başqadır. Tramp hakimiyyətə gəldiyi andan, ABŞ liberalizmdən uzaqlaşıb, nyuproteksionizm siyasətinə əl atıb...
 
-Ötən söhbətlərimizdə nyuproteksionizmin mahiyyəti haqqında çox danışmışıq. Yəqin, deyəcəksiz ki, Tramp hər şeydən əvvəl ABŞ-ın SSRİ kimi dağıdılmış iqtisadiyyatını bərpa etməyə çalışır. Bəs o bunu hansı yollarla edə bilər? 
 
-Bunun üçün Tramp Amerikada olan nefti dünya bazarına çıxarmalı və özünün istədiyi qiymətə satmalıdır. Əks halda, bu ölkə öz möhtəşəmliyini itirə bilər. Deməli, Trampın əhatəsi və ABŞ-ın analitik mərkəzləri, əlbəttə ki, böhrandan necə çıxmağın bütün layihələrini işləyib hazırlayıblar, yalnız Tramp bir icraçı kimi bunu həyata keçirməlidir...
 
Bu baxımdan hesab edirəm ki, İranla müharibənin səbəbini İsraildə yox, ABŞ-da axtarmaq lazımdır. İsrail isə Amerikanın ərəb dövlətlərinə təzyiq göstərmək üçün bir alətidir. Hələlik İsrail Amerikaya lazımdır, odur ki, ona dəymir, əksinə, onun nazı ilə oynayır. İndi Netanyahu bar-bar bağırır ki, bəs İsrail artıq fövqəldövlətdir. Ancaq onu başa salmaq lazımdır ki, sabah Ağ Ev Tehranla dil tapsa, onda İsraili susduracaq və sakit, üzüyola bir dövlətə çevirəcək...
 
-Xəbər verildiyi kimi, Trampın Çin səfəri ilə paralel “BRİKS” ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib. Sizcə, bu, təsadüfdürmü? 
 
- Bunun təsadüf olduğuna inanmaq olmaz. Siyasətdə təsadüfi heç nə yoxdur. Bu görüşə sədrlik edən Hindistan tərəfi  Hörmüz körfəzinin bağlanması “BRİKS” ölkələrinin iqtisadiyyatına vurduğu  zərərdən danışdı, Trampın “BRİKS”-ə qarşı qarşı iqtisadi sanksiyalar tətbiq edəcəyini və bu təşkilatı darmadağın edəcəyini deməsini iştirakçıların yadına saldı.  İranın xarici işlər naziri Ərakçi bu samitdə “ABŞ-ı yaralanmış vəhşi heyvan” adlandırdı və əlavə etdi ki, bu saat bu ölkə hamı ilə cırmaqlaşır...
 
“BRİKS” sammitinin iqtisadi mahiyyətini təhlil etsək, görərik ki, Hörmüzün  blokadası hər şeydən əvvəl bu ölkələr birliyinin statusunu iqtisadi çərçivədən çıxarıb, daha da siyasiləşdirir və bu ölkələr birliyinin ABŞ-a qarşı  müqavimətinin artırır. Çinə də elə bu lazımdır ki, Amerikaya ciddi təzyiq göstərsin... 
 
Trampın Çinə səfəri zamanı maraqlı və ibrətamiz məqamlardan biri Si Cinpinin müdrik onu Səma məbədinə aparması olub. Çinin bu məbədi ölkənin nə qədər qədim dövlət olduğunun göstəricisidir. Və həmin məbədə ziyarətə aparmaqla Trampı başa salıblar ki, bura gələnlərin “birbaşa Yaradanla danışmaq imkanı yaranır”. Bu isə ABŞ liderinə o mesajı vermək idi ki, “ilk növbədə Allahın olsun, sonra da ədalətli ol! ”.
 
Aydındır ki, Çin rəhbərliyi indiki geo-siyasi vəziyyətdə geri çəkilməyəcək, əksinə, “BRİKS”-in qəbul etdiyi bütün qərarları dəstəkləyəcək. Əsas qərar da budur: ABŞ Hörmüzün blokadasını açmalıdır. Əks halda “BRİKS” olkələrinin nəinki iqtisadi, həm də siyasi birliyi yaranacaq. Bu isə dünyanın açıq şəkildə iki düşərgəyə bölünməsi və ABŞ-ın rəqibinə  çevrilməsinə, dünyanın faktiki olaraq geo-siyasi xəritəsinin dəyişəcəyinə bir işarədir...
 
-Hörmüzün Amerika tərəfindən blokadada saxlanılmasının dünyadakı geo-siyasi proseslərə hansı təsiri var ki?
 
-Əgər geo-siyasətə iqtisadi göstəricilər prizmasından yanaşsaq, o, dəqiq elmə çevrilir. Təəssüf ki, bu, siyasətlə məşğul olanların çoxunun yadına belə, düşmür.  Bu mənada Hörmüzün blokadasının mahiyyəti də başqadır. Məsələ ondadır ki, ötən söhbətlərdə qeyd etdiyimiz kimi, ABŞ-ın İranla müharibəsinin arxasında  onun ciddi iqtisadi maraqları durur. Nədir bu iqtisadi maraqlar? İlk növbədə rəqib ölkələrin iqtisadiyyatını dağıtmaqla onları öz satellitinə çevirmək...
 
Gəlin Ukraynadan başlayaq. Bu ölkədə Avropa İttifaqı Yanukoviçi saxlamaq istəyirdi, Amerika isə onu ən yaxın və sədaqətli məmuru Poroşenkonun pulları vasitəsi ilə yıxdı və onu prezident etdi. ABŞ-ın tanınmış siyasi ssenaristi Cin Şarpın metodik göstərişlərinə nəzər yetirsək, Yanukoviçin necə yıxıldığını və niyə yıxıldığı üzə çıxar...
 
Məqsəd  isə aydındır. ABŞ Ukrayna müharibəsi vasitəsilə onun rəqibinə çevrilə biləcək Aİ iqtisadiyyatını dağıtmaq, öz hərbi-sənaye komplekslərini bərpa etmək və öz müasir silahlarını bu ölkələrə satmaq niyyəti güdürdü.  Ukraynada müharibəni törətməklə, ABŞ Şərq-Qərb tranzitinin də qarşısını aldı, Rusiyaya qarşı sanksiyalar Aİ-ni silahlandırmaqla,  Rusiyanı vadar etdi ki, HSK(hərbi sənaye komplekslərini) bərpa etsin, beləliklə  güclənsin və Aİ-yə qarşı dursun. Faktiki olaraq ABŞ Rusiyanın dağılmasının qarşısını aldı. Nəticədə Ukrayna müharibəsi davam etdikcə, həm ABŞ, həm də Rusiya varlanmağa başladı. İnanmırsınız BVF-nin çap etdirdiyi Rusiyanın ÜDM  statistikasına baxın... Aydın olur ki, ABŞ Rusiyanın dağılmasını istəmir, sadəcə olaraq bu ölkəni ona lazım olan  geo-siyasi çərçivədə saxlayır. Məqsəd isə çox sadədir Rusiya silahlansın  və Aİ-yə qarşı dura bilsin... 
 
“Bütün bunlar ola bilməz!”- deyənlər də  olacaq. Yadınıza Rusiyanın Krımın işğalına göz yummasına salın. Bu fövqəl ölkə bir anın içində Krımın işğalının qarşısını ala bilərdi. Niyə almadı? Çünki ABŞ analitikləri Ukrayna müharibəsini hazırlayırdılar. Və bir həqiqət də odur ki, ABŞ yeganə ölkədir ki, dünyasının harasındasa bir müharibə törətməsə, inkişafdan qalar...
 
Beləliklə, Ukrayna müharibəsi Avropa ölkələrinin canına qorxu saldığından, onlar məcbur olub,  ABŞ-dan silah alırlar. Bu isə ən qüdrətli ölkələrə çevrilməkdə olan Fransa, İngiltərə, Almaniyanı və s. lütləşdirir və faktiki olaraq Aİ-nin dağılmasına aparır.
 
Aİ-nin Rusiya ilə bağlı bütün iqtisadi əlaqələrini Ukrayna müharibəsi dayandırsa da, əslində yenə də Aİ  yeni texnoloji sıçrayışlarla öz mövqelərini bərkitməyə çalışır. Odur ki, bu inkişafın qarşısını almaq üçün ABŞ paralel olaraq yeni taktikalara əl atır...
 
Baltik dənizində qaz  kəmərinin partladılması və “Dostluq”  neft kəmərinin dayandırılması və s. bütün bunlar Avropanın iqtisadiyyatına ABŞ tərəfindən vurulan ciddi zərərlərdir. 
 
ABŞ öz  müttəfiqlərinin iqtisadiyyatlarını dağıtmaqda davam edir və dünyaya göstərir ki, onun dostu yoxdur, yalnız iqtisadi marağı var...
ABŞ-ın varlanması üçün ən asan yollarından biri isə, dediyimiz kimi, Ukraynada müharibəni davam etmək və Aİ-yə gələn neftin-qazın qarşısını almaqdır. 
 
İranla müharibə və Hörmüz korfəzinin blokadası da onu göstərir ki, ABŞ qarşısına qoyduğu bütün məqsədlərə nail olub və Trampın müharibəni dayandıracağı haqda fərziyyələrin heç bir iqtisadi əsası yoxdur. 
 
-Söhbətimizin əvvəlində dediniz ki, Hörmüzün blokadasının Cənubi Qafqazdakı proseslərə xeyli mənada təsiri var. Bunu hansı arqumentlərlə təsdiqləyə bilərsiniz?
 
(Davamı var)
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər