“İsrail regional miqyasda fövqəldövlətdir- ABŞ-ın hesabına, amma həm də...”
Ekskluziv
392
17:47, Bu gün

“İsrail regional miqyasda fövqəldövlətdir- ABŞ-ın hesabına, amma həm də...”

“...Əslində Fələstinin, Qəzzanın bugünkü acınacaqlı durumunun səbəbkarı İsraildən öncə bir sıra ərəb dövlətləri olub. Çünki BMT İsrail və Fələstin dövlətlərinin yaranması haqda qərar qəbul edəndə o qərara qarşı çıxan məhz həmin ərəb dövlətləri olub...”
 
“Təbii ki, belə bir statusa malik olmaq İsrailin liderinin ürəyindən keçir. Amma buna da əsası var. Çünki əvvəla, 60-70 ildir neçə ərəb, bir neçə də qeyri-ərəb müsəlman dövləti yığışıb İsraillə bacara bilmirlər. Odur ki, dünya miqyasında fövqəldövlət olmasa da, regional miqyasda fövqəldövlətdir, əlbəttə. Hazırda regionda İsrailin qarşısında potensialına, hərbi gücünə, iqtisadiyyatına görə Türkiyədən başqa dura bilən ikinci müsəlman dövləti yoxdur.” 
 
AMİP-in fəxri lideri Etibar Məmmədov bu fikirləri Moderator.az-a açıqlamasında İsrail baş naziri Benyamin Netanyahunun “İsrail artıq fövqəldövlətdir” bəyanatına münasibət bildirərkən ifadə edib.
 
“Amma Netanyahu onu da etiraf etmir ki, İsrail əsasən Amerika Birləşmiş Ştatlarınım onun arxasnda durması hesabına belə meydan sulaya bilir. Elədirmi?” sualına isə siyasətçi belə cavab verib:
 
“Bəli. Təbii ki, İsrail lideri yalnız Amerikanın hesabına o cür fəaliyyət göstərir və danışa bilir. Ancaq ABŞ ona nə qədər kömək etsə də, dayaq dursa da, İsrail dövlətinə regionun aparıcı dövləti olması üçün münbit şəraiti öncə ətrafındakı digər müsəlman ərəb dövlətləri yaradıb. Məsələn, əslində Fələstinin, Qəzzanın bugünkü acınacaqlı durumunun səbəbkarı İsraildən öncə bir sıra ərəb dövlətləri olub. Çünki BMT İsrail və Fələstin dövlətlərinin yaranması haqda qərar qəbul edəndə o qərara qarşı çıxan məhz həmin ərəb dövlətləri olub. Və Fələstinin ərazisinin bir hissəsini o vaxtlar İordaniya, daha bir hissəsini isə Misir işğal edib. Sonra da bəyan ediblər ki, Fələstin adlı dövlət ola bilməz. İsrail də bundan istifadə edərək həm ərəb dövlətləri ilə rəqabət apara bilib, eyni zamanda Fələstin torpaqlarını öz nəzarətində saxlayıb...”
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər