Mahnı Teatrında tanınmış uşaq musiqi məktəbinin 65 illik yubileyi qeyd edildi…-FOTOLAR+VİDEO
Ekskluziv
547
15:45, Bu gün

Mahnı Teatrında tanınmış uşaq musiqi məktəbinin 65 illik yubileyi qeyd edildi…-FOTOLAR+VİDEO

Azərbaycanın və xüsusən də paytaxt Bakının musiqi həyatında mühüm rol oynamış musiqi təhsili məktəblərindən biri də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbidir. Onilliklər ərzində həmin təhsil ocağının çoxlu sayda peşəkar musiqiçinin yetişdirilməsinə böyük töfhələri olmuşdur. 
Bu günlərdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında  sözügedən uşaq musiqi məktəbinin 65 illiyi münasibəti ilə konsert tədbiri təşkil edilib. K. Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin direktoru, Əməkdar müəllim Fikrət Budaqovun rəhbərliyi və direktor müavini Aytən Bədirzadənin təşkilatçılığıyla tərtib edilmiş tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları Altun Rəcəbli, Fəxriyyə Zeynallı, Pərvin Muradzadə və digər fəxri qonaqlar iştirak ediblər.
 
Tədbirin aparıcısı məktəbin fortepiano müəllimi İlahə Arazova olub. 
Konsertdə K. Səfərəliyeva adına Uşaq Musiqi Məktəbinin müəllimi olan Ellada Məmmədovanı dirijoru olduğu Dövlət Mahnı Teatrı orkestrinin müşayiəti ilə şagirdlərinin ifasında müxtəlif alətlərdə bir sıra tanınmış Azərbaycan və dünya bəstəkarlarının musiqi əsərləri ifa olunub.      
 
Sazda “Misri” havasını VII sinif şagirdi Turqay Əsgərli, S.Ələsgərovun “Daimi hərəkət” əsərini tarda III sinif şagirdi Davud Nəzərli(müəllimi: Rəşad Həsənzadə), kamançada Vasif Adıgözəlovun “Lay-lay” əsərini V sinif şagirdi Gülmayə Əlimərdanova(müəllimi: İlarə İbrahimova), Fikrət Əmirovun “Baharımsan” əsərini trubada V sinif şagirdi Əli Əlizadə (müəllimi: Zülfüqar Talıbov), Marta Mayerin “Arzu tut” əsərini fortepianoda II sinif şagirdi  Xədicə Hacalı(müəllimi: Südabə  Dadaşova),
İ.S.Baxın “konsert f moll” əsərinin I hissəsini fortepianoda III sinif şagirdi Mələk Əkbərova  (müəllimi: Mehriban İbrahimova), Poly Morianın “Tokkata” əsərini fortepianoda III sinif şagirdi Nuridə Quliyeva (müəllim: Elnarə Hüseynova), A.Dvorjakın “Slavyan rəqsi” əsərini tarda IV sinif şagirdi Pərviz Möhsünlü(müəllimi: Əməkdar müəllim Ramiz Əzizov ),    V.Gillokun “Flamenko” əsərini fortepianoda III sinif şagirdi  Pərizad Mahmudzadə(müəllimi: Sevda Talıbova), Ridinqin “Violin üçün konsert G dur” əsərinin I hissəsini violində IV sinif şagirdi  Leyla Məmmədova(müəllimi: Gülşən Məhərrəmova) və s. ifa ediblər. 
Sonda Müslüm Maqomayevin “Odlar yurdu” nəğməsini II sinif şagirdi  Vyaçeslav  Esaulenkonun (müəllimi: Yevgeniya Məmmədova) solistliyi ilə məktəbin xor kollektivi oxuyub.
Tədbirin sonunda çıxış edən məktəb direktoru Fikrət Budaqov qonaqlara və ifaçılara, xüsusən də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının rəhbərliyinə dərin minnətdarlığını bildirib. Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları Altun Rəcəbli məktəb kollektivini yubuley münasibətilə təbrik edib, müəllim və şagird kollektivinə yeni-yeni təhsil və yaradıcılıq uğurları diləyib.
 
Zəruri arayış:
 
Bu il 65 yaşını qeyd edən K. Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi məktəbi 11 iyun 1961-ci il tarixindən fəaliyyət göstərir.
Musiqi təhsil ocağına 1961-1972-ci illərdə Zülfüqar Həsənov, 1972-1982-ci illərdə Azərbaycan SSR-nin xalq artisti, pianoçu Çingiz Sadıqov, 1982-1988-ci illərdə Sahib Məmmədov, 1988-2011-ci illərdə Rəna Aslanova, 2011-2013-cü illərdə Bətulə Məmmədəliyeva rəhbərlik etmişlər. 2015-ci ildən məktəbə Respublikanın Əməkdar müəllimi Fikrət Budaqov rəhbərlik edir.
Məktəbdə 5 şöbə - fortepiano, fortepiano ansamblı, müşayiət, ümumi fortepiano, simli və nəfəsli alətlər, xalq çalğı alətləri və nəzəriyyə  şöbələri fəaliyyət göstərir.
 
Hazırda məktəbdə müxtəlif ixtisaslar üzrə 460 şagird təhsil alır.  
 
Fəaliyyət göstərdiyi onilliklər ərzində məktəbi yüzlərlə şagird bitirmiş, təhsilini musiqi üzrə davam edərək müxtəlif ali və orta ixtisas  təhsil müəssisələrinə qəbul olmuşlar. Məktəbin məzunları hal-hazırda respublikanın müxtəlif mədəniyyət ocaqlarında çalışır, gənc istedadların hazırlanması işində öz  bilik və bacarıqlarını əsirgəmirlər.  Onlar arasında prezident təqaüdünə layiq görülənlər də vardır. 2007-ci ildə Osman Fəxri oğlu Eyyubov, 2017-ci ildə Atilla Yasin oğlu Məmmədov.
Onu da xatırladaq ki, məktəbin adını daşıdığı Kövkəb Səfərəliyeva Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist, maarifçi və təşkilatçısı kimi tanınıb. O, 1972-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülüb. 
Kövkəb Səfərəliyevanın həyatının kədərli olduğu qədər də ibrətamiz epizodlarından biri də odur ki, o, bəstəkar Asəf Zeynallının nişanlısı olub.  Təəssüf ki, Asəf Zeynallı 1932-ci ildə 23 yaşında ağır xəstəlikdən vəfat edib. Kövkəb xanım isə ondan sonra heç kimlə ailə həyatı qurmayıb. Bu, Kövkəb xanımın yalnız bir Azərbaycan musiqiçisi kimi deyil, eyni zamanda bir Azərbaycan xanımı kimi böyüklüyünün ifadəsidir…
 
16 saylı musiqi məktəbindən başqa Bakı şəhərinin mərkəzi hissəsində onun adına küçə də vardır (küçə Üzeyir Hacibəyov küçəsi ilə kəsişir).
 
K. Səfərəliyeva adına Uşaq Musiqi məktəbinin rəhbərliyini, müəllim və şagird kollektivini yubiley münasibətilə təbrik edir,  yeni-yeni təhsil və yaradıcılıq uğurları diləyirik.

 

Sultan Laçın, Moderator.az
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər