Azərbaycan sübut etdi ki, Minsk qrupu sadəcə gərəksiz deyil, həm də xəyanətkardır...
Ekskluziv
336
08:54, Bu gün

Azərbaycan sübut etdi ki, Minsk qrupu sadəcə gərəksiz deyil, həm də xəyanətkardır...

Vaxtiylə Azərbaycanla Ermənistan arasındakı münaqişənin həlli üçün yaradılan, lakin bir qərinəyə yaxın müddət ərzində problemin həlli üçün heç bir əməli addım atmayan ATƏT-in Minsk qrupunun gərəksizliyi zaman-zaman Azərbaycan tərəfindən isbatlanıb, faktlar əsasında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Xüsusilə də, 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin yerli və əcnəbi media orqanlarına verdiyi müsahibələrdə, səsləndirdiyi açıqlamalarda bununla bağlı əsaslandırılmış fikirlər, təkzibedilməz sübutlar ortaya qoyulub.

Müzəffər Ali Baş Komandan tərəfindən verilən açıqlamalarda diqqət çəkən məqamlardan biri də ATƏT-in Minsk qrupunun gərəksizliyi ilə yanaşı, həm də öz missiyasına, beynəlxalq hüquqa, haqqa və ədalətə xəyanətkar mövqeyinin ifşa edilməsi ilə bağlıdır. Bu baxımdan Prezident İlham Əliyevin 10 may 2026-cı il tarixində Zəngilan sakinləri ilə görüşündə səsləndirdiyi fikirlər xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısı müharibədən öncə, eləcə də müharibə zamanı ATƏT-in Minsk qrupuna üzv dövlətlərin problemin həllindən daha çox onun uzanmasında maraqlı olduğunu, bu səbəbdən də ölkəmizə təzyiqlər göstərdiyini vurğulayıb:

“İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər.

Bunların qabağında güclü iradə göstərmək, bunların qabağında demək ki, biz öldü var, döndü yoxdur, yolumuzdan dönməyəcəyik, əlbəttə ki, böyük iradə tələb edirdi. Yenə də 1993-cü ildəki kimi, xalqın dəstəyi lazım idi. O dəstək var idi və bütün xalqımız bir yumruq kimi birləşmişdi. O, mənə güc verirdi. İşin sonuna qədər - Şuşanın azad olunmasına qədər biz dayanmaq fikrində deyildik”. (//president.az/az/articles/view/72343 ).

Prezident İlham Əliyevin bu açıqlaması Minsk qrupunun problemin həlli istiqamətində heç bir səmərəli addım atmadığını, əksinə, münaqişəni uzatmaq, işğal prosesini davam etdirmək, Cənubi Qafqazda ədavət və kini alovlandırmaq yönündə siyasət yürütdüyünü təsdiqləyir. Hansı ki, bu siyasət Minsk qrupuna üzv dövlətlərin Cənubi Qafqazdakı maraqlarının təmin edilməsi, hər iki münaqişə tərəfinin  asılı vəziyyətdə saxlanılması baxımından zəruri hesab edilirdi. Lakin onların bu niyyəti Prezident İlham Əliyevin cəsarətli siyasəti nəticəsində alt-üst oldu. 2020-ci ilin 27 sentybar tarixində əks-hücumla işğalçılara qarşı mübarizəyə başlayan Azərbaycan Silahlı Qüvvələri, cəmi 44 gün ərzində düşmən ordusunu darmadağın etməklə işğal probleminə son qoydu. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyi təmin edildi. Bununla da Minsk qrupunun xəyanətkar siyasətinin qarşısı alındı. Yalnız bu xain siyasət deyil, bütövlükdə Minsk qrupunun özü de-fakto tarixin zibilliyinə atıldı. Və Azərbaycan bununla sübut etdi ki, bundan sonra da tarixin zibilliyi onun etimadından sui-istifadə etməyə çalışan, ona qərəz və bədxahlıqla yanaşan hər kəsi qonaq edə biləcəyi yeganə məkan olacaq.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər