“Prezident İlham Əliyevin Zəngilandan verdiyi mesaj hər birimiz üçün xəbərdarlıqdır”
Ekskluziv
216
10:31, Bu gün

“Prezident İlham Əliyevin Zəngilandan verdiyi mesaj hər birimiz üçün xəbərdarlıqdır”

Sona Əliyeva: “Ermənistanla sülh müqaviləsinin imzalanması regionda düşmənçiliyin avtomatik bitməsi demək deyil”

Prezident İlham Əliyev 10 may 2026-cı il tarixində Zəngilan sakinləri ilə görüşündə Ermənistan cəmiyyətində Azərbaycana nifrət edən siyasi qüvvələrin mövcudluğuna toxundu, daim ayıq olmağın vacibliyinə diqqət çəkdi.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Sona Əliyeva, dövlət başçısının bu mesajının gələcək təhlükəsizliyimiz baxımından mühüm önəm kəsb etdiyini bildirib:

“Prezident İlham Əliyevin Zəngilandan verdiyi mesaj hər birimiz üçün xəbərdarlıqdır. Bu emosional xəbərdarlıq postmüharibə dövründə Azərbaycanın təhlükəsizlik fəlsəfəsinin yol göstəricisidir. Sülhə inanmalıyıq, lakin tarixi unutmaq, arxayınlaşmaq olmaz. Ermənistanla sülh müqaviləsinin imzalanması regionda düşmənçiliyin avtomatik bitməsi demək deyil. Müharibələr sənədlə dayana bilər, amma nifrət ideologiyası, revanş arzusu və siyasi manipulyasiya illərlə yaşaya bilir. Prezidentin “ayıq olmalıyıq” çağırışı da məhz bu spekulyasiyalara  ünvanlanıb.  Bu gün Ermənistanda hakimiyyət sülh ritorikası ilə çıxış edir. Amma Ermənistanın siyasi meydanında hələ də məğlubiyyəti qəbul etməyən, Qarabağ mövzusunu yenidən daxili siyasətin alətinə çevirmək istəyən qüvvələr var. Onların bu gün gücü az ola bilər, amma təhlükə yalnız bugünkü güclə ölçülmür. Təhlükə niyyətin qalmasındadır. Niyyət qaldıqca, fürsət yaranan kimi o, yenidən siyasətə çevrilir.

Azərbaycan üçün əsas məsələ Ermənistanın nə dediyi deyil, nəyi hüquqi və siyasi sistemindən çıxarmağa hazır olmasıdır. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, bunu yalnız bəyanatla yox, Konstitusiya, təhsil, media və ictimai ritorika səviyyəsində sübut etməlidir. Çünki yalnız cəmiyyətin şüurunda qəbul ediləndə dayanıqlı olur.

Bu baxımdan Azərbaycanın təhlükəsizlik hazırlığı təkcə hərbi məsələ deyil. Bu, sərhəd təhlükəsizliyi, ideoloji ayıqlıq, diplomatik fəallıq, informasiya siyasəti və gənc nəslin tarixi yaddaşının qorunması məsələsidir. Biz sülh istəyirik, amma sülhü sadəlövhlük kimi başa düşə bilmərik.  Əgər biz düşünürüksə ki,  kommunikasiya xətləri açıldı, ticarət başladı, deməli,  artıq təhlükə bitdi. Xeyr. İqtisadi əlaqələr gərginliyi azalda bilər, amma düşmənçilik ideologiyasını məhv etmək iqtidarında deyil.

Ona görə Prezidentin xəbərdarlığı strateji baxımdan tam yerindədir. Azərbaycan bu gün qalib dövlətdir, amma qalib dövlətin ən böyük riski arxayınlaşmaqdır. Bizim üçün sülh zəiflikdən doğan güzəşt deyil, gücdən doğan sabitlik modeli olmalıdır”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər