Son illərdə yoluxucu xəstəliklər arasında vərəm yenidən qlobal səhiyyə gündəminin ən aktual problemlərindən birinə çevrilib. Xüsusilə xəstəliyin dərmanlara davamlı formalarının meydana çıxması onun nəzarətini daha da çətinləşdirir. Beynəlxalq səhiyyə qurumları bu tendensiyanı ciddi risk faktoru kimi qiymətləndirir və profilaktik tədbirlərin gücləndirilməsini vacib hesab edir.
Son günlərdə Bakıda peşə məktəblərində vərəm iddialarının gündəmə gəlməsi, sual doğurur: Deyildiyi kimi risk varsa, məktəblərdə və ictimai yerlərdə risklərin minimuma endirilməsi üçün hansı təcrübələr nümunə hesab edilə bilər?
Moderator.az-ın suallarını tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla cavablandırıb.
Professor qeyd edib ki, hal-hazırda dünyada vərəmin rezistent forması, yəni vərəm preparatlarına davamlı forması meydana gəlib və insanlar arasında da yayılıb:
"Hətta vərəmin bu formasından Dünya Səhiyyə Təşkilatı xeyli insan tələfatı olacağını proqnozlaşdırırdı. Və vərəm DOTS və DOTS Plus proqramları ilə müalicə olunur. Ümumiyyətlə, bu xəstəliyin yenidən baş qaldırması və geniş yayılması dünyada narahatlıq doğurur. Hesab edirəm ki, biz bununla bağlı tədbir görməliyik. Dünya Səhiyyə Təşkilatının göstərişlərinə əməl edərək koordinasiyalı iş aparmalıyıq. Həm əhali arasında, həm ayrı-ayrı yerlərdə, ictimai toplanma yerlərində. Peşə məktəblərində olanlar reallığa uyğundursa, bununla bağlı konkret karantin tədbirləri görülməlidir.
Çünki rezistent forma vərəmin ölkədə yayılması əlbəttə daha ağır nəticələrə gətirib çıxara bilər və bununla mübarizə də xeyli vəsait tələb edir. Çünki yeni preparatların həm bahalı olması, həm də ümumiyyətlə bunların müalicə proqramına daxil edilməsi yeni bir situasiyadır. Bunu nəzərə almaq lazımdır. Mən hesab edirəm ki, əgər orada belə bir faktor ortadadırsa, yəqin ki, müvafiq qurumlar bununla bağlı düşünürlər və lazımi tədbirləri görmək üçün əllərindən gələni etməlidirlər".
Pərvin Şakirqızı