“Çünki hakimiyyətə gələndən o, ölkəni mümkün qədər ədalətlə idarə edir, heç kəsdən rüşvət almayıb, korrupsiyaya qurşanmayıb. O, vətəndaşlarla mütəmadi virtual və birbaşa əlaqə saxlayır, onların şikayətlərini dinləyir, oxuyur, cavablandırır və mümkün qədər problemlərini həll edir, sərbəst şəkildə İrəvanın, digər şəhərlərinin küçələrinə çıxıb saatlarla gəzir...”
“Hətta mən ümid edirəm ki, Paşinyan Robert Köçəryan, Serjik Sərkisyan kimi Xocalı canilərinin də Azərbaycana təhvil verilməsinə nail olacaq...”
“Mən Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın və onun komandasının 7 iyun parlament seçkilərindəki qələbə şansını yüksək qiymətləndirirəm. Nə olsun ki, Putinin köləsi olan milyarder Samvel Karapetyanın pulu çoxdur, nə olsun ki, Xocalı canisi, Azərbaycan xalqı ilə bərabər öz xalqına qarşı da cinayətlər törətmiş Robert Köçəryanı Kreml müdafiə edir. Karapetyan Ermənistanda da yaşamamış, Rusiya hakimiyyətinə bağlı, qəlbində zərrə qədər ölkəsinin müstəqilliyi düşüncəsi olmayan, siyasətdən uzaq bir biznesmendir. Onun erməni xalqı arasında çox cılız bir nüfuzu var. Köçəryana isə həm hakimiyyəti dövründə korrupsioner olduğuna, həm də 2008-ci ildəki seçkilərdən sonra Serj Sərkisyanın iqtidara gəldiyi zaman əli öz xalqının da qanına batdığına görə ermənilərin əksəriyyəti nifrət edir”.
Politoloq Qabil Hüseynli bu fikir və mülahizələri Moderator.az-a açıqlamasında ABŞ-ın, eləcə də son rəsmi sammitlərlə və aparıcı ölkə liderlərinin ölkəyə gəlişi və s. ilə ciddi dəstəyini ifadə edən Avropanın, ayrıca Böyük Britaniyanın arxasında durduğu hazrıkı Ermənistan Baş naziri Nikol Paşinyanın artıq namizədlikləri açıqlanmış Xocalı canisi, terrorçu eks-prezident Robert Köçəryan, Putinin milyarder “desant”ı Samvel Karapatyan və digər rusiyapərəst revanşistlərlə rəqabətdə 7 iyun parlament seçkilərindəki qələbə şanslarını qiymətləndirərkən dilə gətirib.
“Məni narahat edən Nikol Paşinyanın Rusiya kimi avtoritar bir ölkənin arxasında durduğu bu revanşist, demokrtaik düşüncədən uzaq müxalif fiqurlar qarşısında həddindən artıq demokrat olmasıdır. O, Ermənistanda Putinin basqılarına rəğmən mümkün qədər demokratik bir cəmiyyət qurub, öz xalqının həyat şəraitini xeyli yaxşılaşdırıb və dövlətini sivil, Avropa dövlətləri cərgəsinə qoşub. Gərək o bütün hüquqi vasitələrdən istifadə edərək Robert Köçəryan, Karapetyan, Sarukyan kimi dələduz rusiyapərəstlərin, yaxud onların adamlarının seçkilərdə iştirakına imkan verməzdi. Lakin bunları etməməsi onu göstərir ki, Paşinyan öz xalqına güvənir. Çünki hakimiyyətə gələndən o, ölkəni mümkün qədər ədalətlə idarə edir, heç kəsdən rüşvət almayıb, korrupsiyaya qurşanmayıb – hər halda hakimiyyətdə olduğu son 8 ildə erməni, yaxud xarici ölkə mediasında bu barədə ciddi bir material dərc edilməyib. O, vətəndaşlarla mütəmadi virtual və birbaşa əlaqə saxlayır, onların şikayətlərini dinləyir, oxuyur, cavablandırır və mümkün qədər problemlərini həll edir. Demək olar ki, hər həftə sərbəst şəkildə İrəvanın, digər şəhərlərinin küçələrinə çıxıb saatlarla gəzir, vətəndaşlarla birbaşa təmasda, ünsiyyətdə olur. Ona görə də erməni toplumu Paşinyanı sevir və inanıram ki, böyük əksəriyyət seçkilərdə ona və komandasına səs verərəcək”, -deyə davamında politoloq diqqətə çatdırıb.
Həmsöhbətimiz hətta Paşinyanın seçkilərdə növbəti qələbəsindən sonra Robert Köçəryan, Serjik Sərkisyan kimi Xocalı canilərini də Azərbaycana təhvil verəcəyinə ümid edir.
“Bir sözlə, mən əminliklə deyirəm ki, Nikol Paşinyan 7 iyun seçkilərində qalib gələcək və yenidən baş nazir olacaq. Ondan bir müddət sonra isə referendum keçirməklə Ermənistan Konstitusiyasında lazımi dəyişiklikləri də edib Azərbaycanla sülh müqaviləsini də imzalayacaq. Hətta mən ümid edirəm ki, Paşinyan Robert Köçəryan, Serjik Sərkisyan kimi Xocalı canilərinin də Azərbaycana təhvil verilməsinə nail olacaq, - deyə Qabil Hüseynli vurğulayıb.
Sultan Laçın