“Yenidən hərəkətə keçə bilərik” mesajı nə vəd edir? – İranla yeni müharibə riski gündəmdə
Ekskluziv
244
20:59, Bu gün

“Yenidən hərəkətə keçə bilərik” mesajı nə vəd edir? – İranla yeni müharibə riski gündəmdə

Regionda artan gərginlik şəraitində səsləndirilən sərt bəyanatlar və mümkün hərbi addımlarla bağlı mesajlar yenidən müzakirə mövzusuna çevrilib. Bu çərçivədə təhlükəsizlik məsələləri, güc balansı və tərəflər arasında qarşılıqlı təsir mexanizmləri xüsusi əhəmiyyət kəsb edir.

Maraqlıdır, İsrailin Müdafiə nazirinin “yenidən hərəkətə keçə bilərik” açıqlaması və hazırkı atəşkəs şəraitində İsrailin İranla müharibəni ABŞ-nin birbaşa dəstəyi olmadan yenidən başlatma ehtimalı nə dərəcədə realdır?

Moderator.az-a mövzu ilə bağlı münasibət bildirən politoloq Anar İsayev bildirib ki, İsrail müdafiə rəhbərliyindən gələn “yenidən hərəkətə keçə bilərik” tipli açıqlamalar adətən iki məqsəd daşıyır: 

"Həm İrana qarşı çəkindirici siqnal, həm də ABŞ və digər müttəfiqlərə təzyiq vasitəsi. Bu, avtomatik olaraq müharibənin başlanacağı demək deyil, amma hərbi variantın masada qaldığını göstərir. Qeyd edim ki, ABŞ-ın birbaşa dəstəyi olmadan hərbi imkan baxımından İsrailin İran daxilində hədəflərə zərbə endirmək qabiliyyəti var (hava zərbələri, kəşfiyyat, kiber əməliyyatlar və sair..)

 Amma nəzərə almaq lazımdır ki,İran coğrafi olaraq uzaqdır və logistika çətindir.İranın cavab imkanları isə (raketlər, regiondakı müttəfiqlər – Hizbullah və s.) genişdir. Bu səbəbdən uzunmüddətli və genişmiqyaslı müharibəni təkbaşına aparmaq İsrail üçün çox ağırdır. Həmçinin ABŞ faktoru olmadan İsrailin hava müdafiəsi və raketdən müdafiə yükü də xeyli artır. Regional eskalasiyada diplomatik örtük zəifləyir,körfəz və İraq-Suriya məkanında əməliyyat azadlığı məhdudlaşır.

ABŞ-la birlikdə isə risklər paylaşılır və çəkindirmə daha güclü olur. Ona görə də İsrail adətən tammiqyaslı müharibəni Vaşinqtonla koordinasiyasız başlatmaqdan çəkinir.İsrail üçün belə bir addım siyasi riskləri də artırar. Belə ki,regionda çoxcəbhəli müharibəyə səbəb ola,daxili siyasi və iqtisadi yükü artıra,beynəlxalq təzyiqi yüksəldə bilər.Ona görə də İsrailin ABŞ olmadan İranla tammiqyaslı müharibəyə başlaması aşağı ehtimallıdır və bu tipli ritorika daha çox psixoloji və siyasi təzyiq alətidir".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər