“Heydər Əliyev irsi: Güclü dövlət, möhkəm ailə dəyərləri” mövzusunda konfrans keçirilib
Ekskluziv
160
20:49, Bu gün

“Heydər Əliyev irsi: Güclü dövlət, möhkəm ailə dəyərləri” mövzusunda konfrans keçirilib

4 may 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Heydər Əliyev irsi: Güclü dövlət, möhkəm ailə dəyərləri” mövzusuna həsr olunan konfrans keçirilib.

Konfransda millət vəkilləri, zabitlər və veteranlar, ölkə ziyalıları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Odlar Yurdu Universitetinin, tələbələri iştirak ediblər.

Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, həmçinin, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyev və Zərifə xanım Əliyevaya həsr olunan  “Əsl məhəbbət haqqında” film nümayiş olunub.

Konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Ulu Öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib, onların işıqlı ideyalarının bu gün də öz aktuallığını qoruyub saxladığını vurğulayıb:

“Bugünkü konfrans Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövlətçiliyimizin memarı Heydər Əliyev və Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə Əliyeva kimi iki böyük şəxsiyyətin əziz xatirəsinə ithaf olunub. Onların zəngin irsi, çoxşaxəli fəaliyyəti və yüksək mənəvi keyfiyyətləri bu gün də cəmiyyətimiz üçün bir yol xəritəsi, örnək həyat məktəbi kimi dəyərini qoruyub saxlayır.

Heydər Əliyevin dövlətçilik ideyaları, Zərifə Əliyevanın yüksək mənəvi dəyərləri və onların ailə nümunəsi gələcək nəsillər üçün əvəzsiz bir irsdir. Bu irsi qorumaq, yaşatmaq və inkişaf etdirmək hər bir Azərbaycan vətəndaşının borcudur. Əminliklə deyə bilərik ki, Ümummilli Liderin və Zərifə xanımın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların həyat yolu isə hər zaman gənclərimizə düzgün istiqamət göstərəcəkdir.

Bu gün burada toplaşan hər bir ziyalı, hər bir vətəndaş bu irsin daşıyıcısıdır. Bizim üzərimizə düşən əsas vəzifə bu zəngin mənəvi və siyasi irsi qorumaq, gələcək nəsillərə ötürmək və onu daha da inkişaf etdirməkdir. İnanıram ki, bugünkü konfransımız bu istiqamətdə dəyərli fikir mübadiləsi, elmi yanaşmalar və məhsuldar müzakirələrlə yadda qalacaqdır”.

Çıxışının sonunda polkovnik Cəlil Xəlilov sözü konfransın moderatoru -  Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis Yolçuyevə verib.

Konfransın önəminə toxunan Varis Yolçuyev, hər iki tarixi şəxsiyyətin ömür və mübarizə yolunun gənclərə örnək olduğunu bildirib:

“Bugünkü konfrans Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövlətçiliyimizin banisi Heydər Əliyevin və Azərbaycan tibb elminin parlaq simalarından biri, akademik Zərifə Əliyevanın xatirəsinə ithaf olunub. Bu iki böyük şəxsiyyətin həyat yolu, onların xalqa, dövlətə və insanlığa xidmətlə yoğrulmuş fəaliyyəti yalnız bir dövrün deyil, bütöv bir millətin mənəvi yaddaşına çevrilmişdir. Onların irsi bu gün də müstəqil Azərbaycan dövlətinin ideoloji sütunlarını möhkəmləndirən, cəmiyyətimizi birliyə, həmrəyliyə və inkişaf yoluna səsləyən əbədi dəyərlər sistemidir.

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qurulan güclü dövlət modeli, milli maraqların qorunmasına əsaslanan strateji xətt və xalqla hakimiyyət arasında formalaşdırılan sarsılmaz etimad körpüsü bu gün də ölkəmizin tərəqqisinin əsas təminatlarından biridir. Zərifə Əliyevanın elmə, səhiyyəyə və insan amilinə verdiyi dəyər isə milli intellektual irsimizin ən parlaq səhifələrində öz əksini tapmışdır. Bu böyük şəxsiyyətlərin həyat fəlsəfəsi bizə öyrədir ki, güclü dövlət yalnız möhkəm mənəvi dayaqlara, sağlam ailə institutuna və yüksək vətəndaş məsuliyyətinə söykəndikdə davamlı inkişaf edə bilər”.

Konfransda çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq yazıçısı Sabir Rüstəmxanlı Heydər Əliyevin böyük dövlət xadimi kimi Azərbaycan xalqının həyatında, eləcə də mədəniyyətində oynadığı rola diqqət çəkib. Sabir Rüstəmxanlı qeyd edib ki, Ulu Öndər mədəniyyətin rolunu və əhəmiyyətini bildiyi üçün daim  mədəniyyət xadimlərinin fikir və rəyləri ilə maraqlanır, mədəniyyət adamlarına  xüsusi diqqət göstərirdi.

Millət vəkili Hicran Hüseynova isə Heydər Əliyevin vətən sevgisinin, daşıdığı və  təbliğ etdiyi dəyərlərin hər bir azərbaycanlıya nümunə olduğunu bildirib.

Konfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Heydər Əliyevin azərbaycançılıq ideyasından, bu ideyanın əhəmiyyətindən bəhs edib. Professor qeyd edib ki, Heydər Əliyev sadəcə dövlət xadimi kimi çoxşaxəli fəaliyyəti ilə deyil, həm də ömür yolunun hər bir anı, hər bir epizodu ilə Azərbaycan gəncliyinə örnəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov Ulu Öndərin ölkəmizin sadəcə iqtisadi-siyasi həyatında deyil, həm də  mədəni həyatında mühüm rol oynadığını bildirib, bu istiqamətdə gördüyü işlərə diqqət çəkib.

Filologiya elmləri doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli Ulu Öndər Heydər Əliyevin dövlət xadimi, akademik Zərifə Əliyevanın isə görkəmli oftalmoloq kimi zəngin fəaliyyətinin öz miqyas  və səmərəliliyi ilə heyranlıq doğurduğunu bildirib. O, qeyd edib ki, Heydər Əliyevlə Zərifə Əliyevanın cəmiyyətə təqdim etdiyi ailə modeli də öz saflığı, səmimiliyi, fədakarlığı ilə Azərbaycan gəncliyinə əbədi örnəkdir.

Konfransda çıxış edən Xalq yazıçısı Elmira Axundova Heydər Əliyev və Zərifə Əliyeva ilə bağlı maraqlı xatirələr səsləndirib, hər iki şəxsiyyətlə bağlı apardığı araşdırmalar nəticəsində əldə etdiyi nadir məlumatları bölüşüb.  

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə tələbəsi Nəzrin Abdullayeva da Heydər Əliyev irsinin zənginliyindən bəhs edib, onun Azərbaycan xalqının taleyində müstəsna rol oynadığını vurğulayıb.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər