Bizi sosial şəbəkələrdən izləyin:
"Görünür, Qızıldaş Mədəniyyət Mərkəzindəki lisenziyasız bağçaya “Erkən inkişaf kursu” adı qoyaraq rəsmiləşdirməyə çalışıblar.Əgər burada lisenziyasız bağça fəaliyyəti təşkil olunubsa, əlbəttə ki, bunu edənlər qanun çərçivəsində cəzalandırılmalıdır. Amma qanuni şəkildə cəzalandırma mexanizmini hansı qurumun tətbiq edəcəyi sual altındadır".
Bu sözləri Moderator.az-a verdiyi açıqlamada “Azərbaycan Uşaqları İctimai Birliyinin” sədri Kəmalə Ağazadə söyləyib.
Kəmalə Ağazadə Qızıldaş Mədəniyyət Mərkəzində baş verənlərin azyaşlı uşaqların təhlükəsizliyi baxımından xoşagəlməz hallar olduğunu bildirib:
“Məlumdur ki, bunu edən şəxslər ərazidə bağça olmadığını bildikləri üçün bundan öz xeyirləri üçün istifadə etməyə çalışıblar. Mən uzun illərdir ki, uşaqlarla işləməyimə baxmayaraq, hələ də risk edib bağça tipli mərkəz açmıram, çünki dərk edirəm ki, bu işin məsuliyyəti çox böyükdür.Bu işin standartları düzgün şəkildə tətbiq olunmalıdır. Ona görə ki, burada uşaqların həyatı amili var. Mədəniyyət mərkəzinin binası bağça fəaliyyəti üçün uyğun deyil, çünki bağça binası tikilərkən orada binanın təhlükəsizlik şərtləri məhz uşaqlar üçün hesablanılır.Əgər bu məktəbəqədər kurs adı altında təşkil olunubsa, bu zaman təhsil nazirliyi məsələyə müdaxilə etməli idi. Erkən inkişaf kursu kimi təşkil olunması isə müəyyən suallar doğurur.Qanunsuz bağça bağlanılıbsa, onu təşkil edən insanlar nəzarətə götürülməli və onlarla bağlı qanuna müvafiq şəkildə tədbir görülməlidir.Çünki burada uşaqların həyatının riskə atılması faktoru var.Bu işi görənlər qanun pozuntusuna görə öz cəzalarını alacaqlar”.
Kəmalə Ağazadənin sözlərinə görə, bu cür neqativ halların baş verməməsi üçün valideynlər də öz məsuliyyətlərini dərk etməlidirlər:
"Burada valideyinlərin üzərinə də məsuliyyət düşür. Onlar uşaqlarını bağçaya apararkən müqavilə bağlamalıdırlar. Müqavilənin şərtlərinə diqqət etməlidirlər. Baxmalıdırlar ki, müqaviləni kiminlə bağlayırlar?Valideyinlər müqaviləsiz şəkildə Qızıldaş Mədəniyyət Mərkəzindəki bağçaya uşaq aparıblarsa, özlərində də, müəyyən qədər günah var. Pulların da qeyri-rəsmi qaydada yığıldığı bildirilir. Buda özlüyündə bir qüsurdur. Valideyin pulu ödəyərkən rəsmi qəbz və ya müqavilə tələb etməli idi. Sabah məhkəmədə həmin şəxslərə pul verdiyini sübut etmək üçün əldə rəsmi ödəniş qəbzi olmalıdır.Uşağın menyusuna qədər hər şey nəzarətdə olmalıdır. Bağça ilə bağlı gündəlik plan tərtib olunmalıdır.Əgər bunlar yoxdursa bu işi görənlər çox ehtimal ki inzibati məsuliyyətə cəlb olunacaqlar. Əgər görüntülər və şəkillər varsa, məncə narazı valideynlər məhkəməyə müraciət edərək verdikləri pulları geri ala bilərlər.Bunun üçün ən doğru yol vəkil tutmaq və məhkəməyə müraciət etməkdir”.