İranla atəşkəs istənilən vaxt başa çata bilər: Yaxın Şərqdə yeni gərginlik dalğası yaxınlaşır?
Ekskluziv
768
20:43, Bu gün

İranla atəşkəs istənilən vaxt başa çata bilər: Yaxın Şərqdə yeni gərginlik dalğası yaxınlaşır?

Yaxın Şərqdə geosiyasi dinamikanın sürətlə dəyişdiyi bir dövrdə tərəflərin açıqlamaları regionda gələcək proseslərin istiqamətini müəyyənləşdirən əsas siqnallardan biri kimi çıxış edir. Xüsusilə böyük güclərin və regional aktorların mövqeləri, mövcud gərginliyin dərinləşib-dərinləşməyəcəyini və ya yeni qarşıdurma mərhələsinə keçib-keçməyəcəyini anlamaq baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bu baxımdan son açıqlamalar regionda mümkün ssenarilərin daha diqqətlə təhlil olunmasını zəruri edir.

Maraqlıdır, İsrail Baş naziri Benyamin Netanyahunun İranla bağlı atəşkəsin tezliklə pozula biləcəyi barədə açıqlamasından sonra, regionda hansı proseslər gözlənilir?

Məsələ ilə bağlı siyasi şərhçi Aydın Tağıyev Moderator.az-a açıqlama verib.

Aydın Tağıyev bildirib ki, Netanyahunun bu bəyanatı onu göstərir ki, İranla bağlı atəşkəs olduqca kövrək xarakter daşıyır və istənilən an pozula bilər:

"Bu isə regionda gərginliyin daha da artması ehtimalını gücləndirir. Mövcud şəraitdə, xüsusilə Hörmüz boğazı və İran limanları ətrafında yeni böhran ocaqlarının formalaşması real görünür. İsrail tərəfi bu kontekstdə ABŞ Prezidenti Donald Trampın İran limanlarına blokada tətbiqi qərarını dəstəkləyən və Vaşinqtonla daimi koordinasiya şəraitində hərəkət edən tərəf kimi çıxış edir.

Bu fonda Hörmüz boğazının dünya enerji bazarı üçün kritik əhəmiyyəti bir daha ön plana çıxır. İranın bu strateji keçidi bağlaması və ya blokada ilə üzləşməsi qlobal neft qiymətlərində kəskin artıma səbəb ola bilər. Eyni zamanda, İsrailin sərt mövqeyi İranla dolayı toqquşma riskini daha da yüksəldir.

ABŞ-İran münasibətlərində gərginliyin artması fonunda Avropa və digər beynəlxalq aktorların vasitəçilik imkanlarının getdikcə məhdudlaşdığı müşahidə olunur.

Ümumilikdə, Netanyahunun bəyanatı İsrailin İran məsələsində kompromisə meylli olmadığını və ABŞ-la birlikdə sərt siyasi xətt yürütməkdə qərarlı olduğunu göstərir. Bu isə yaxın həftələrdə regionda yeni böhran ocaqlarının yaranması, enerji bazarlarında dalğalanmaların güclənməsi və Livan istiqamətində eskalasiya ehtimalını artırır".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər