"Sabah, tutalım ki, ABŞ-da, yaxud Avropa ölkələrinin hansındasa NATO dövləti Türkiyəyə münasibət İsrailin istədiyi şəkildə qurularsa, buna təəccüblənmək lazım deyil. Sadəcə, Türkiyə bunu nəzərə almalıdır. Azərbaycan bunu nəzərə almalıdır..."
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ilə Moderator.az üçün ötən söhbətimizdə “Böyük İsrail” layihəsinin bir utopiya, yoxsa gerçəklil olması haqda danışdıq. Bu dəfə isə həmsöhbətimiz “Bəs İsrailin müttəfiqləri, ABŞ və Avropa dövlətləri həmin proyektin harasındadır?” sualını belə cavablandırdı:
“Qərbin “Böyük İsrail” planının harasında olmasına gəldikdə, əlbəttə, Amerika ilə Avropa burada fərqlidir. Avropa, xüsusilə Qərbi Avropa ölkələrinin böyük əksəriyyətinin siyasi dairələrində İsrailə çox neqativ münasibət mövcuddur. ABŞ-ın özündə də bu gün demokratların da İsrailə münasibəti son dərəcə neqativdir. Amma respublikaçılar İsraili öz qlobal planlarının həyata keçirilməsində bir alət kimi, yaxud tərəfdaş kimi görürlər. Buna baxmayaraq, hər iki tərəf İsrailin yedəyində gedir; yəni Amerikada istər respublikaçılar, istərsə də demokratlar, Avropada da, dediyim kimi, İsrailə neqativ yanaşanlar, bəzi hallarda hətta nifrət edən siyasətçilər... Ona görə ki, İsrail öz böyük lobbi şəbəkəsinin, mediada, siyasətdə, iqtisadiyyatda, maliyyə sektorunda onu dəstəkləyən geniş şəbəkələrin vasitəsilə çox asanlıqla bu siyasətçiləri təhdid edir. Məsələn, onları antisemitizmdə ittiham edirlər. Bu gün İsraili tənqid etmək - yəhudi xalqına qarşı çıxmaq kimi qiymətləndirilir. Və bunu çox açıq və aqressiv şəkildə edirlər. Ona görə də bir sıra ölkələrin, xüsusilə də aparıcı demokratik ölkələrin siyasətçiləri açıq-aşkar İsrailin şərindən, böhtanından, təhdidindən qorxaraq faktiki olaraq onun yedəyində gedirlər. Yəni sabah, tutalım ki, ABŞ-da, yaxud Avropa ölkələrinin hansındasa NATO dövləti Türkiyəyə münasibət İsrailin istədiyi şəkildə qurularsa, buna təəccüblənmək lazım deyil. Sadəcə, Türkiyə bunu nəzərə almalıdır. Azərbaycan bunu nəzərə almalıdır. Biz özümüzü aldatmamalıyıq ki, İsrail bizimlə müttəfiqdir- Azərbaycana qarşı heç bir addım atmaz. Mən İsrail mediasında yenə həmin ekspertlərin, jurnalistlərin dilindən dəfələrlə eşitmişəm ki, İranı dağıtmaq üçün Azərbaycandan, azərbaycanlılardan alət kimi istifadə etmək lazımdır. Bəzən bizləri hətta Türkiyəyə qarşı da istifadə etməkdən bəhs edirlər. Və təəccüblü bir şey yaranır ki, bir ovuc dövlət, irqçi və aparteid bir dövlət bizim əhalimizə bizdə olan İsrail sevdalılarının vasitəsilə çox rahat şəkildə, üzr istəyirəm, yedizdirir ki, guya İsrail Azərbaycan xalqına dostdur... Xeyr, İsrail nə Azərbaycana, nə Türkiyəyə - heç kimə dost deyil. Bu gün İsraildə elə bir rejim mövcuddur ki, o yalnız bir dövlətə dost ola bilər – o da İsrail dövlətidir. Belə bir dövlət çox təhlükəli dövlətdir və belə bir dövlətdən maksimal dərəcədə məsafə saxlamaq lazımdır. Bu gün ABŞ kimi bir ölkədə İsrailin ünvanına kəskin tənqidlər, etirazlar səsləndiyi halda, çox təəssüf ki, Azərbaycanda İsrailin sonsuz sayda təbliğatçıları var ki, hətta İsrailə görə Türkiyəni belə, tənqid atəşinə tuturlar, Türkiyəyə qarşı fəaliyyət göstərirlər – bunun qarşısı alınmalıdır, özü də çox ciddi şəkildə...”
Sultan Laçın
.