Vəkil İlhamə Həsənova ilə vəkil məsləhəti: Mülki prosesdə şahidin hüquq və vəzifələri...
Ekskluziv
3026
17 Aug 2024 | 12:15

Vəkil İlhamə Həsənova ilə vəkil məsləhəti: Mülki prosesdə şahidin hüquq və vəzifələri...

Moderator.az "Vəkil İlhamə Həsənova ilə vəkil məsləhəti" rubrikasının beşinci hissəsini  təqdim edir. Budəfəki mövzu belədir: Mülki prosesdə şahid ifadələri. Şahidin hüquq və vəzifələri.
 
 
Mülki prosesdə şahid ifadələri. Şahidin hüquq və vəzifələri:
 
Şahid ifadəsi mülki məhkəmə prosesində sübutların bir növüdür.
 
Şahid işin faktiki halları haqqında hər hansı məlumatı bilən şəxsdir. Şahid işdə iştirak edən şəxslərdən fərqli olaraq işin nəticəsi ilə qanuni olaraq maraqlı olmayan şəxsdir. Şahid mülki işdə tərəflərlə qohumluq, dostluq, düşmənçilik və ya digər münasibətlərdə olan istənilən vətəndaş ola bilər.
 
Bununla belə, işə baxan hakim şahidlə işdə iştirak edən şəxslər arasında münasibətlərin xarakterini öyrənməyə borcludur.
 
Qanun şəxsin hansı yaşda şahid ola biləcəyini müəyyən etmir. Azyaşlı uşaqlar da şahid qismində dindirilə bilər. Yetkinlik yaşına çatmayan şəxsin mülki məhkəmə prosesinə şahid qismində cəlb edilməsinin mümkünlüyü uşağın yaşı, psixoloji və ya digər xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən edilir. 
 
Bəzi halların  şahid ifadələri ilə sübut olunması mümkünsüzdür.Məsələn, kredit müqaviləsinin bağlanmasının sübutu kumi  şahid ifadələrinə istinad etmək yolverilməzdir.
 
Bəs şahidin  dindirilməsi necə baş verir?
 
Müəyyən edilmiş təcrübəyə əsasən, şahidin dindirilməsi barədə vəsatət qaldırmış   işdə iştirak edən tərəf onun məhkəməyə gəlməsini təmin edir. İfadə verən şahidin şəxsiyyətini müəyyən etmək üçün yanında  şəxsiyyət vəsiqəsi  olmalıdır.
 
Məhkəmə iclası zamanı şahidin dindirilməsini xahiş edən tərəf  şahidi dindirmək üçün müvafiq vəsatət verməlidir. Bu vəsatətdə aşağıdakılar göstərilməlidir: şahidin soyadı, adı və atasının adı, onun yaşayış yeri, habelə işə baxılması və həlli üçün vacib olan, bu şahidin izah edə biləcəyi hər hansı hallar.
Şahidin dindirilməsi barədə vəsatət təmin edildikdən sonra o, məhkəmə zalına dəvət olunur.
 
Hakim şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyənləşdirir, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən imtinaya və bilərəkdən yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edir. Şahiddən hüquq və vəzifələrinin ona izah edildiyi barədə iltizam alınır və bu iltizam məhkəmə iclasının protokoluna əlavə edilir.
 
Daha sonra şahidə suallar verilir.
 
Şahidi ilk olaraq onun dindirilməsi  üçün müraciət etmiş şəxs, onun nümayəndəsi, sonra isə işdə iştirak edən digər şəxslər dindirirlər.
 
Hakimlərin dindirilmə zamanı istənilən vaxt şahidə sual vermək hüququ vardır. Şahidin dindirilməsinin necə başlayacağını təxmin etmək çətindir, ehtimal ki, hakim müəyyən halları özü üçün aydınlaşdırmaqdan ötrü  dindirməni  özü başlaya bilər.
 
Dindirmə başa çatdıqdan sonra şahid məhkəmə zalında qala və ya sədrlik edənin icazəsi ilə oranı  tərk edə bilər.
 
Şahidin hüquq və vəzifələri:
 
Qanunla müəyyən edilir ki, şahid məhkəməyə gəlməyə, düzgün ifadə verməyə və iş üçün əhəmiyyət kəsb edən suallara cavab verməyə borcludur. Şahid ifadə verməkdən imtina etməyə və bilərəkdən yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıyır.
 
Şahidin xəstəliyə, qocalığa, əlilliyə və ya digər üzrlü səbəblərə görə məhkəmənin çağırışı ilə gəlmək imkanı olmadıqda, məhkəmənin qərarı ilə yaşadığı yer üzrə məhkəmə tərəfindən dindirilə bilər. Bu hallar sənədləşdirilməli və məhkəməyə təqdim edilməlidir.
 
Şahid  hansı hallarda ifadə verməkdən imtina etmək hüququna malikdir:
 
Vətəndaş özünə və yaxın qohumlarına -arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. 
 
Şahid məhkəməyə çağırışla bağlı xərclərin əvəzini  və vaxt itkisi ilə əlaqədar pul kompensasiyası almaq hüququna malikdir. Müvafiq olaraq, bu xərclərin ödənilməsi məhkəmə qərarı ilə müəyyən olunur. Həmin  xərclərin ödınilməsinə dair ərizə  xərcləri  təsdiq edən müvafiq sənədlərlə birlikdə  məhkəməyə təqdim edilməlidir.
 
Bunu bilməyiniz vacibdir.
 
 Əgər sizin  mülki iş üzrə məhkəmədə vəkiliniz yoxdursa nəzərə almalısınız:
 
Bütün hallar unikal və fərdidir.
 
Qanunun əsaslarını başa düşə bilərsiniz, lakin bu  nəticəyə zəmanət vermir.
 
Müsbət nəticənin mümkünlüyü bir çox amillərdən, o cümlədən şahidlərin hüquqi cəhətdən düzgün dindirilməsindən asılıdır.
 
Şahid ifadələri mübahisənin həllində  əsas rol oynaya bilər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər