Əməkdar artist, tanınmış xanəndə Yaqut Abdullayeva Moderator.az-ın suallarını cavablandırıb.
-Yaqut xanım, uzun illərdir Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğulsunuz. Adətən müəllimlər hazırkı dövrdə tələbələr dərs deməyin çox çətin olduğunu bildirib, şikayətlənirlər. Siz bəs necə?
-Mədəniyyət və İncəsənət Universitetinin 100, mənim də orada oxuyub və daha sonra fəaliyyətə başlamağımdan 50 il keçdi. Ora mənim evimdir. Tətil günlərini heç sevmirəm. O qədər alışıb, bağlanmışam kı.. Mənim evim də, ailəm də, övladım da oradır. Pedaqoji fəaliyyətimi seçdiyim üçün peşman deyiləm. Tələbələrim mənim ruhumun qidasıdır. Nə sözüm-söhbətim olarsa onlarla bölüşürəm. Bəzən hansısa muğamı ifa edəndə görürəm ki, mən ona başqa cür demişəm, o öz bildiyi kimi oxuyur. Deyirəm ki, elə belə oxumağın yaxşıdır. Yəni o müəllimlərdən deyiləm ki, deyim ki, mütləq mən deyən olmalıdır. Əlavələri ilə razılaşıram. Dediklərimə də əməl edirlər. Bəzən müəllimin tələbəyə münasibətindən də çox şey asılıdır. Əvvəl də bitirib gedən tələbələrim məni haradasa görəndə çox səmimi münasibətlər göstərirlər. Onlara təkcə tələbə kimi baxsaydım bəlkə də məni unudardılar. Həm də ana qayğısı göstərmişəm. Hər şeyi mənimlə bölüşürlər. Xalq artisti Teyyub Aslanov da tələbəm olub. Birlikdə hara gediriksə məni mütləq gətirib evdə düşürdür.
-Yaqut xanım, sizin illər öncə daha qaynar sənət həyatınız olub. Fəal səhnələrdə olmusunuz, xarici ölkə qastrollarında və s. Nədənsə bunlar o qədər də təbliğ olunmayıb. Bu günki tamaşaçı bəlkə də düşünür ki, fəaliyyətiniz elə pedaqoji fəaliyyətlə məhdudlaşıb.
-Xeyr, fəaliyyətim təkcə pedaqoji fəaliyyətlə məhdudlaşmayıb. Opera və Balet teatrında Leylini, Ərəbzəngini, Sənəmi və bir çox rolları oynamışam. O vaxt universitetdə bizim rektorumuz Aslan Aslanov idi. Mən əslində teatra getmək istəmirdim. Rektor məcbur göndərdi. Dedi ki, “qızım get orada da işlə, burada da”. O qədər qastrol səfərlərində olmuşam ki. Neçə illər maestro Niyazinin rəhbərliyi ilə simfonik konsertlərdə iştirak etmişəm. Onun rəhbərliyi ilə sonuncu konsertimiz Şuşada baş tutub. Mən yetərincə öz səsimdən istifadə etmişəm. Aztv də 200-dən çox mahnılarım, lentlərim var. Aztv mənim haqqımda 45 dəqiqəlik film çəkib. İndi həyat belədir də. Özümü göstərən, hər yerdə görünən adam olmamışam. İndi zəmanə bunu tələb edir. Mən dövlətə, xalqımıza xidmət etmişəm. İndi hop edib, sənətə gələnlər bir neçə aydan sonra fəxri ad istəyir. O vaxt belə şeylər yox idi. Xalqıma xidmət etməli idim, etmişəm də. O vaxt dövlət tədbirlərində oxuyanlar sayla idi. Qadınlardan bir mən idim, bir Səkinə İsmayılova, bir də Qəndab Quliyeva.
-Opera və Balet Teatrında niyə fəaliyyətinizi sona qədər davam etdirmədiniz? Bir də ən əsası.. O illərdə hamının oynadığı tamaşalar lentə alınıb, yutubda var. Sizi görməmişəm.
-O vaxt rəhmətlik Gülxar Həsənova məni Leyli obrazına hazırlamışdı Premyera vaxtı teatrın təmirə bağlandığı günə düşdü. Tamaşanı Bayılda mədəniyyət sarayında oynadıq. Yadımdadır, premyeranı Arif Babayevlə oynamışdım. Xalq artistləri Baba Mahmudoğlu, Canəli Əkbərovla da tərəf müqabili olmuşam. Necə ki, indi var, o vaxtı da ayaq altından qazanlar var idi. Tək bir Aztv fəaliyyət göstərirdi. Məni istəməyən insanlar elə təşkil etdilər ki, televiziya gəlib həmin tamaşanı çəkmədi. Yəni teatrdan xəbərdarlıq etmədilər. Əslində premyera çəkilməli idi. Paxıllıq bütün sahələrdə var, incəsənət sahəsi üzdə olduğu üçün daha tez gözə çarpır. Onsuz da mən o şərtlə gəlmişdim ki, tək Leylini oynayıb gedəcəm. Bir dəfə olmadı, əl çəkmədilər məndən. Ştata keçirmək istəyirdilər məni, ona görə də teatrdan çıxdım. Qalmaq istəmirdim.
-"Leyli və Məcnun" tamaşasını son dəfə xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova oynadı.. Yenə də tamaşada yaş həddinin vacib olduğunu vurğulayanlar oldu...
-Niyə ki? Mənsum müəllim də, Nəzakət Teymurova gözəl ifa etdilər. Səhnə hər yaşı qəbul edir. Daha demirəm ki, dur 70 yaşında Leylini oyna. O artıq mümkün deyil. 70 yaşın rolu başqadır. Oynamalıdırlar ki, gənc nəsil baxıb örnək götürsün. Hərçənd ki, gənc nəsil izləmir, baxmır. Texnika o qədər müsibətlər yaratdı ki. O vaxt teatra gedib-gəlirdilər, indi gənc tamaşaçılar azalıb. Texnika hər şeyi əvəz edir. Robotlaşma gedir. Mənim 4-5 dəftərim var. Muğamları, mahnıları, rollarımı yazmışam. İndi tələbələrdə dəftər var? Mən amma tələbələrimi məcbur edib yazdırıram. Yazırsan, göz yaddaşı ötürür beyinə. Müasirlik hər şeydən uzaqlaşmaq deyil. Bəlkə də gənc nəsil mənə deyə bilər ki, siz geridə qalmısınız. Müasirlik odur ki, hər şeydən məlumatın olmalıdır, savadın olmalıdır. Müasirlik geyimlə yox, mədəniyyətlə, əxlaqla ölçülür.
-Yaqut xanım, yəqin ki, doğma torpağınız Cəbrayıla gedəcəyiniz günləri sayırsınız...
-Cəbrayılın işğaldan azad olunmasının 1 illiyi olanda o zaman biz cənab prezidentlə görüşdük. O dedi ki, “siz bu gün mənim qonağımsınız”. Orada hər şeydən-tikintilərdən, layihələrdən danışıldı. Mən nəyə görə doğulub boya-başa çatdığım torpağa getməməliyəm ki?! İnsan harada yaşayırsa-yaşasın ildə 1 dəfə doğulub boya-başa çatdığı torpağın qoxusunu almalıdır. 50 ildir Bakıdayam. Çox istərdim ki, orada bina evində yaşamayım. Mən onsuz da Bakıda binada yaşayıram da. İstəyirəm ki, valideynlərimin yaşadığı evin yerində mənə 1 yaxud 2 otaqlı yığcam bir ev tikib versinlər. Onların qoxusunu almaq istəyirəç. Ruhları həmin yerdədir. Gedəndə mütləq sizi də özümlə aparıb, qonaq edəcəm. Söz verirəm..