Rusiya Azərbaycan Prezidentinin Laçına səfəri günü də Laçını virtual “işğal” etdi…-XƏRİTƏLƏR
4290
26 Aug 2023 | 11:43

Rusiya Azərbaycan Prezidentinin Laçına səfəri günü də Laçını virtual “işğal” etdi…-XƏRİTƏLƏR

“Görəsən, Rusiya Müdafiə Nazirliyinin  bu gün dövlətimizin aramsız quruculuq işləri apardığı Laçın şəhəri ilə bağlı bu 3 aylıq “gizlənqaç” oyununun, tapmacasının açması nədir? Bununla Ukraynada amansız, misli görünməmiş şəkildə ədalətsiz, insafsız bir işğalçı savaş aparan imperiya dövləti nə demək istəyir?..”
 
“Bəs təbrik hara, şəhərimizin virtual “işğalı” hara?..”
 
“Belə görünür ki, Rusiya MN-in Laçın “oyunu”nun izahı, bu tapmacanın açması yalnız dövlət rəhbərlikləri səviyyəsində çözülə bilər…”
 
Hələ bu ilin iyun ayından bəri verdiyimiz xəbərlərdə  Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının həmin ölkənin Azərbaycan torpağındakı “sülhməramlı” adlanan hərbi kontingentinə aid bölməsindəki dislokasiya xəritələrində 2022-ci il avqustun 26-dan bəri rəsmən, de-yure və de-fakto Azərbaycan Respublikasının yurisdiksiyasına qaytarılmış Laçın şəhərinin mütəmadi olaraq “sülhməramlı”ların məsuliyyət zonalarında göstərilməsindən bəhs edirik. Özü də maraqlıdrı ki, bu virtual “işğal” məhz  Azərbaycan Prezidenti İlham Əliyevin Laçın şəhərinə ilk köçürülən ailələrə evlərinin açarlarını təqdim etməsi, yəni şəhərin məskunlaşdırılmağa(!) başlanmasından- 28 May Müstəqillik Günümüzdən iki gün sonra başlayıb(bax://moderator.az/az/ekskluziv/652518/rusiya-milli-ordu-gunumuzde-de-lacin-seherini-virtual-isalda-saxladi-20-gunden-coxdur/)... Və həmin gündən bəri sanki növbələşmə, müəyyən qrafiklə Laçın şəhəri gah “sülhməramlı”ların nəzarət zonasından çıxarılır, gah da geri qaytarılır. Bir sözlə, mayın 31-dən bəri keçən 3 aya yaxın müddətdə Laçın şəhəri azı 60-70 gün Rusiyanın virtual “işğal”ında qalıb…
Qeyd edək ki, 2022-ci il avqustun 26-dan bəri bir neçə dəfə belə hallar baş vermişdi. Lakin o hallarda Laçın şəhəri uzağı bir neçə gün “işğalda” saxlandıqdan sonra “azad edilmişdi”… 
 
Moderator.az-ın son araşdırmasından bəlli olur ki,  2023-cü il avqustun 25-də Rusiya MN-in saytındakı bəhs edilən xəritədə Laçın şəhəri yenə də “sülhməramlı”ların məsuliyyət zonasına salınıb.
Xatırladaq ki, sözügedən gün, yəni avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev I Vitse-prezident Mehriban Əliyeva ilə birgə Laçın şəhərinə, rayonun bir neçə kəndinə, həmçinin Kəlbəcər rayonuna səfər edib, o yurdlara köçürülmüş və köçürüləcək soydaşlarımız üçün iş yerləri olacaq bir sıra mühüm və əhəmiyyətli obyektlərin açılışında, kəndlərin təməlqoyma mərasimlərində iştirak və çıxış edib.  Bundan əlavə, həmin gün bir il öncə - Laçın şəhəri ilə eyni gündə azad edilmiş Zabux kəndinə keçmiş məcburi köçkün ailələrinin ilk qrupu qədəm qoyaraq dogma yurdlarındakı yeni evlərinə sahib çıxıblar…
Beləliklə, bu gün, 26 avqust 2023-cü il tarixdə, yəni Laçın şəhərinin de-yure və de-fakto azad olunmasının 1-ci ildönümündə də Rusiya sanki qəsdən öz rəsmi qurumunun xəritələri vasitəsilə bu şəhərimizin virtual “işğal”ında olduğunu göstərir… Günün sonunda – axşam həmin xəritələr yenilənərkən nə edəcəklərini hələ bilmirik…
 
Digəq diqqətəlayiq məqam bu gün- 26 avqust – I Vitse Prezident Mehriban Əliyevanın doğum günü olması və məhz dünən - avqustun 25-də Rusiya prezidenti V.Putinin ona təbrik ünvanlamasıdır…
 
Bəs təbrik hara, şəhərimizin virtual “işğalı” hara?..
 
Diqqət edin; məlum saytın "sülhməramlı" kontingentə aid bölməsindəki “infoqrafika” deyilən hissəsindəki xəritə arxivinə baxanda görürük ki, avqustun 25-dəki xəritədə Laçın şəhəri "sülhməramlı"ların nəzarət məkanındadır, 24-də kənardadır, 23-də isə yenidən “işğal” altındadır  və s. Və oxşar növbələşmə bəzən 3-4 günlük fərqlərlə mayın 31-dən bəri davam edir(bax://mil.ru/russian_peacekeeping_forces/infograf/archive.htm )…
 
Ümumiyyətlə, görəsən, Rusiya Müdafiə Nazirliyinin bu gün dövlətimizin aramsız quruculuq işləri apardığı Laçın şəhəri ilə  bağlı bu 3 aylıq “gizlənqaç” oyununun, bu tapmacasının açması nədir? Bununla Ukraynada amansız, misli görünməmiş şəkildə ədalətsiz, insafsız bir işğalçı savaş aparan imperiya dövləti nə demək istəyir?.. 
 
Bu günədək müraciət etdiyimiz istər rəsmilər, istərsə də qeyri-rəsmilər, hərbi ekspertlər bu oyunun sirrini dəqiq izah etməyiblər… Rəsmi qurumlardan biri bunu Rusiya MN-də sözügedən xəritəni tərtib edənlərin “alkaş”lığından, alkoqol düşkünü olmalarından və ya “texniki səhv”ə yol vermələri ilə izah etməyə çalışır…  Sual olunur ki, əgər bu, texniki səhv, yaxud “alkaş”lığın nəticəsidirsə, o halda Rusiya MN-in əməkdaşları bir dəfə də çaşıb “sülhməramlı”ların xəritəsində Xankəndini, Xocalını və ya Xocavəndi, Ağdərəni öz nəzarətlərində deyil, Azərbaycan tərəfinin nəzarətində olduğu kimi göstərsinlər…
Rusiya “sülhməramlı”larının komandanlığı da bir neçə dəfə bildirib ki, xəritələrdə baş verən təhriflərə-filana görə biz yox, onları tərtib edən Rusiya Müdafiə Nazirliyi məsuliyyət daşıyır…
 
Xülasə, belə görünür ki, Rusiya MN-in Laçın “oyunu”nun izahı, bu tapmacanın açması yalnız dövlət rəhbərlikləri səviyyəsində çözülə bilər…
 
Sultan Laçın
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər