Dünya
209
19:35, Bu gün

"ABŞ NATO-da rolunu azaldır: Tramp Avropadan müdafiəni öz üzərinə götürməyi tələb edir" - "Reuters"

"Vaşinqton alyans daxilində hərbi yükün yenidən bölüşdürülməsinə başlayaraq Avropanın öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalı olduğunu bəyan edib..."

ABŞ NATO müttəfiqlərinə alyansın qüvvələr modelində iştirakını azaltmaq niyyətində olduğunu rəsmi şəkildə bildirib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının açıqlamasında deyilir. Məlumatı "Reuters" agentliyi yayıb.

ABŞ yeni kurs elan etdi

Açıqlamada qeyd olunur ki, bu model mümkün hərbi münaqişə zamanı üzv ölkələrin nə qədər qüvvə və resurs ayıracağını müəyyənləşdirir. Vaşinqton öz öhdəliklərini yenilənmiş Milli Müdafiə Strategiyasına uyğunlaşdırır.

Yeni yanaşmanın əsas məqsədi Avropa ölkələrinin öz konvensional, yəni nüvə silahından kənar müdafiəsinə görə əsas məsuliyyəti üzərinə götürməsidir. ABŞ rəhbərliyi hesab edir ki, NATO daxilində hərbi yük daha ədalətli şəkildə bölüşdürülməlidir və Avropanın təhlükəsizliyi yalnız Amerikanın hesabına təmin olunmamalıdır.

Vaşinqton Avropadan daha çox tələb edir

NATO-nun Avropadakı qüvvələrinin ali komandanı və ABŞ Avropa Komandanlığının rəhbəri general Aleksus Qrinkeviç bildirib ki, alyansın Amerika qoşunlarından həddindən artıq asılılığı uzun illərdir davam edir. Onun sözlərinə görə, prezident Donald Tramp və ABŞ müdafiə rəhbərliyi bu vəziyyətin dəyişməli olduğunu dəfələrlə vurğulayıb.

General eyni zamanda dünyanın müxtəlif bölgələrində paralel münaqişələrin baş verməsi riskinə diqqət çəkib. Burada əsasən Avropada Rusiya, Asiya-Sakit okean regionunda isə Çin amili nəzərdə tutulur. Qrinkeviç hesab edir ki, Kanada və Avropa müttəfiqləri xüsusilə hərbi aviasiya, pilotsuz uçuş aparatları və dəniz qüvvələri sahəsində daha böyük rol oynaya bilərlər.

Trampın NATO-dan narazılığı artır

ABŞ administrasiyası bu addımın anonsunu hələ may ayında verib. Həmin dövrdə Donald Tramp Almaniyadan 5 min Amerika hərbçisinin çıxarılması barədə göstəriş verib, Polşaya göndərilməsi planlaşdırılan 4 mindən çox əsgərin yerləşdirilməsi də dayandırılıb.

Pentaqon rəsmiləri bildirirlər ki, ABŞ NATO üçün nüvə təhlükəsizlik zəmanətlərini saxlamaqda davam edəcək. Lakin adi silahlı qüvvələr sahəsində məsuliyyətin daha böyük hissəsi Avropa ölkələrinin üzərinə düşməlidir. Məsələ bu həftə Belçikanın Mons şəhərində keçirilən görüşdə müzakirə olunub və iyul ayında Türkiyədə baş tutacaq NATO sammitində yenidən gündəmə gətiriləcək.

Donald Tramp son aylarda dəfələrlə bəyan edib ki, NATO müttəfiqləri böhran dövrlərində ABŞ-ın gözləntilərini doğrultmayıb. O, xüsusilə İranla son qarşıdurma zamanı bəzi müttəfiqlərin Vaşinqtona kifayət qədər dəstək vermədiyini vurğulayaraq alyans daxilində məsuliyyət bölgüsünün dəyişməsinin zəruri olduğunu bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər